XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 10:29

Ermənistan prezidenti erkən seçki anonsu verdi:"Paşinyanın istefası qaçılmazdır"

Ermənistan prezidenti Armen Sarkisyan hazırkı vəziyyətdə növbədənkənar parlament seçkilərinin, eləcə də baş nazirin istefasının qaçılmaz olduğunu bildirib.

“Sputnik Ermənistan” xəbər verir ki, prezident bu sözləri xalqa müraciətində səsləndirib.

Onun sözlərinə görə, Ermənistan həm müharibə meydanında, həm də diplomatik arenada məğlub olub. Prezident hökuməti və hakim qüvvələri öz potensiallarını obyektiv qiymətləndirməyə, qısa müddətdə konstitusiya proseslərinin aparılması üçün yol xəritəsini təqdim etməyə çağırıb. Bu proseslər nəticəsində yeni seçkilərin keçirilməsi mümkün olacaq, buna qədər isə ölkə hakimiyyəti yüksək ixtisaslı milli razılıq hökumətinə verilməlidir.

“Mövcud vəziyyəti və ondan ləyaqətlə çıxmağın, eləcə də ictimai tələbləri dinləməyin zəruriliyini nəzərə alsaq, o zaman aydın olur: ölkəni fəsadlardan xilas etmək üçün Milli Məclisə erkən seçkilərin keçirilməsi qaçılmaz olacaq”, – deyə prezident bildirib.

Sarkisyanın fikrincə, son bir neçə gün ərzində parlament nümayəndələri və parlamentdən kənar qüvvələrlə, ictimai qruplar və şəxslərlə bir neçə görüşlər keçirib. Diaspor nümayəndələri ilə telefon danışıqları aparıb və onunla siyasi məsləhətləşmələr aparan görüş iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə – hökumətin istefası və ya Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməsi və erkən parlament seçkilərinin keçirilməsi mövzusunda eyni fikirdədir.

“İclaslarda iştirak edənlərin böyük əksəriyyəti baş nazirin istefası və ya səlahiyyətlərinin  ləğvi və konstitusiyaya uyğun olaraq erkən parlament seçkilərinə ehtiyac olduğu qənaətində idi”, – deyə prezidentin saytında yerləşdirilən müraciətdə qeyd edilib.

Xatırladaq ki, İrəvanda bir neçə gündür müxalifətin mitinqləri keçirilir, etirazçılar Nikol Paşinyanın istefasını tələb edirlər/APA.