XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 14:16

Türkiyə Təhlükəsizlik Zirvəsi də toplanır:Qarabağdakı son hadisələr müzakirə ediləcəkmi?

 

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan da Təhlükəsizlik Zirvəsini iclasa çağırıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 20.00-da keçirilməsi gözlənilən toplantının əsas müzakirə mövzusu Yaxın Şərq və Suriyadakı kürd separatizminə qarşı mübarizə olacaq.

Ərdoğanın ABŞ-dan geri dönməsindən sonraya təsadüf edən torplantında Azərbaycan-Ermənistan arasında artan gərginliyi müzakirə edib-etməyəcəyi bilinməsə də, sərhədlərində Rusiyanın təsir dairəsini genişləndirməsi rəsmi Ankaranı narahat etməyə bilməz. Rusiya Türkiyə üçün də ciddi təhdiddir və ermənilərin son zamanlar Dağlıq Qarabağ və sərhədyanı bölgələrimizdə hücumlarını artırmasında Kremlin barmağının mühüm rol oynadığı güman olunur.

Nədən ki, Azərbaycan rəhbərinin nüvə sazişinə dəvət edilməsi, ABŞ rəsmiləriylə görüşlərdə müzakirə apardığı “Cənub Qaz Dəhlizi” layihəsinin Rusiyanın qaz srtaregiyasının maraqlarına cavab verməməsi sirr deyil. Türkiyə ərazisindən keçərək Azərbaycan və digər Xəzəryanı türk dövlətlərinin qazını Avropaya daşınmağı nəzərdə tutan bu layihənin rəsmi Ankara üçün də mühüm əhəmiyyəti var. Sözsüz ki, belə bir çətin anda Rusiyanın diktəsilə Azərbaycana atılan hər mərmi əslində Türkiyənin enerji qovşağı olmaq hədəfinə sıxılmış gülləyə bənzəyir.

Üstəlik, türklük şüurunun digər Orta Asiya ölkələrinə daşınmasında mühüm rol oynamaq imkanı Azərbaycanın təhlükəsizliyi Türkiyənin böyük dövlətə çevrilmək hədəflərindən biri olmaqla yanaşı, şimal qonşumuzda “mərkəzdənqaçma” prosesini tətikləyəcəyindən rus imperializminin yenidən canlanmasını istəməyən  bütün qlobal güc mərkəzlərinin maraqlarına da cavab verir. Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda terror hücumlarına məruz qalan Türkiyəyə təziyyə ziyarətinə getməsi və səfər zamanı qardaş ölkə yetkililəriylə yüksək səviyyəli strateji əməkdaşlıq toplantısı keçirməsi rəsmi Bakının da eyni hədəfi bölüşdüyündən xəbər verirdi.

Sirr deyil ki, bu gün Qarabağda ölkəmizə edilmiş təzyiqdə öz iqtisadi, hərbi gücündəki dar imkanlarına baxmayaraq, iki od arasında qalan ölkəmizinin Qərbə meyllənməsinin önəmli payı var. Enerji potensialıyla Rusiyaya qarşı yaradılmış Qərb qövsünün mühüm ayağını təşkil edən Azərbaycanın bu mübarizədən üzüağ çıxması qlobal bir problemə çevrilib və bu problemin müsbət həllində Türkiyənin çiyinlərinə ciddi məsuliyyətlər düşür.

Son hadisələr zamanı Türkiyənin açıq şəkildə rəsmi Bakını müdafiə etməsi, erməni təcavüzkarlığını pisləməsi də bu baxımdan təsadüfi deyil. Halbuki, bu zamana qədər qardaş ölkə Cənubi Qafqazı öz çətiri altına almaq istədiyindən bu kimi məsələlərdə bacardığı qədər tərəfsiz mövqe tutmağa çalışır, erməniləri rus təsirindən ayırmaq üçün hətta sərhədləri açmağı belə düşünürdü. Hətta bu mövqeyi ilə zaman-zaman Azərbaycan siyasi dairələrinin sərt təpkisiylə üzləşirdi. İndisə onun açıq şəkildə Azərbaycanın tərəfini tutması erməniləri yola gətirməyin mümkünsüzlüyünə inamsızlığının göstəricisi təsiri bağışlayır.

İstər sərhədlərimizdə baş verən hadisələrin, istərsə də Türkiyənin açıq şəkildə bu hadisələrə münasibətini ortaya qoymasınin nüvə sammitindən dərhal sonraya düşməsi, ATƏT-in Minsk qrupunun üzvü kimi ABŞ-ın isə indiyədək buna laqeyd qalması belə bir ehtimala yol açır ki, məlum sammitdə Cənubi Qafqaz ölkələri fərqli siyasi təmayüllərə yönəlib. Bu ehtimal doğrudursa, bölgədə son zamanlar artan gərginliklər həmin təmayüllərin hesablaşmasıdır və Türkiyə bu hesablaşmada öz qardaşının yanında yer alır.

Məhz bu səbəbdən, Türkiyənin Təhlükəsizlik Zirvəsində gündəliyinə çıxarılacaq mövzulardan biri Qarabağdakı son hadisələrlə bağlı məsələnin müzakirəsi ola bilər. Nə qədər dilə gətirilməsə belə…

Heydər Oğuz

Strateq.az