XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 14:54

BBC Laçından reportaj yaydı:"Erməni hərbçilərin meyitləri çaqqallara yem olmasın deyə..."

BBC-nin rus xidməti Laçın rayonu və Rusiya sülhməramlılarının Laçın dəhlizindəki fəaliyyəti barədə reportaj hazırlayıb.

Reportajda rus hərbçilərinin mediadan çəkindikləri qeyd olunur:

“Rusiya zabitləri blokpostun şəklini çəkməyə icazə vermir, suallara cavab verməkdən boyun qaçırırlar. Müqavilə ilə qulluq edən əsgərlər isə kamera və mikrofonlardan çəkinsələr də, söhbət zamanı güzəranları barədə danışmağa hazırdır”.

Adının çəkilməsini istəməyən rus hərbçilərindən biri deyib: “Burada internetdən istifadə etmək bizə qadağandır. Televizor var, amma heç bir kanalı tutmur, odur ki, heç açmırıq da. Hərdən diskdən filmlərə baxırıq. Mən isə boş vaxt olanda kitab oxuyuram”.

“Qırmızı Xaç ilə bir yerdə həlak olanların meyitlərini axtarmaq burada gördüyüm ən dəhşətli şeydir. Minalanmış sahələrə çıxmışıq, çaqqalların parçaladığı meyitləri görmüşük. Yadımdadır, Şuşaya gələndə yolboyu meyitlər səpələnmişdi. Hamısı 18-19 yaşlı erməni uşaqlarıdı… Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır. Yeni mövqeləri tutanda erməni hərbçilərin meyitlərinin çoxunu çaqqallara yem olmasın deyə torpağa basdırıblar. Bunu dəfələrlə özüm görmüşəm. Amma elə ki, meyitin üstünü heç olmasa azca torpaqla örtmədin, ancaq kiçik hissələri və sümükləri qalır”, – hərbçilərdən digəri təəssüratlarını bölüşüb.

Laçın şəhərinin bomboş olduğu bildirilir. Rəsmi məlumata görə, burada 80 erməni sakin yaşayır, qalanlar hərbçilərdir.

Dükanda satıcı işləyən Aida Balikyan Laçında qarətçiliyin xeyli yayıldığını bildirib: “Sülhməramlılar qayda-qanuna nəzarət etsələr də, həmin o qarətçilər də işini bilir, keşikçilərə rastlaşmayacaqları vaxt gəlirlər. Hətta bir vaxt tamam azğınlaşıb günorta çağı dam örtüklərini sökürdülər. Dəqiq bilirəm ki, azərbaycanlılar deyil, bizimkilərdir. Bunu kefindən etmirlər. Hətta naqilləri də sökürlər ki, satıb çörəkpulu etsinlər/Report”.