XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 17:03

Erməni mətbuatından Rusiyaya yeni ittiham:"Moskva DQR-i danışıqlar formatına qaytarmaqdan məhrum etdi"

eliyev-medved-serkis-1

Gevorq Darbinyan,

"Yerkir"(Ermənistan), 11.04.2016

 

Rusiyanın dördgünlük Qarabağ müharibəsindən sonra əsəbi diplomatiyada başlamış xüsusi fəallığı gerçək problemləri Ermənistan-Azərbaycan cəbhəsindən Rusiya-Ermənistan müstəvisinə keçirdi. Bu münasibətlər böhrana çatmasa da, ən azı, ciddi düzəlişlərin astanasınadək yetişdi.

İrəvan Rusiyadan aşkar qanqaralığını gizlətməyə daha cəhd etmədi və öz şərəfini qorumaqda görünməmiş cürət sərgilədi. Prezident Sərkisyan Almaniyanın "Deutsche Welle" nəşrinə müsahibəsində Ermənistanın strateji müttəfiqi olan Rusiyanın Azərbaycabna silah satmağı haqda jurnalistin eyhamına cavabda bildirdi: “Bizim Rusiya ilə strateji müttəfiqlik müqaviləmiz var. Eyni zamanda həmişə açıq şəkildə deyirik ki, Rusiyanın Azərbaycana silah satışına qarşıyıq”.

Prezident İrəvanda Medvedyevlə görüş zamanı bu məsələni artıq açıq və birbaşa qaldırdı: “Əminəm, siz bilirsiniz ki, azərbaycanlıların son zamanlar Rusiyadan aldıqları silahlardan tam şəkildə istifadə etdikləri haqda fakt Ermənistanda geniş rezonans doğurub. Bu, anlaşılandır, çünki Ermənistanda Rusiyanı ictimai səviyyədə ən yaxın müttəfiq və dost sayırlar”.

Ən təsirlisi bu idi ki, Medvedyev bu hiddəti cavabsız qoydu. Lakin faktdır ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərini ən yüksək səviyyədə ilk dəfə şübhə altında qoydu, hətta açıq şəkildə, nə az, nə də çox, Rusiyanı Azərbaycana dəstəkdə ittiham etdi. Prezident alman televiziyasına müsahibədə bu narazılığı vurğulamaq və yəqin ki, Moskvaya ağrı vermək və onu hissə gətirmək qəsdilə daha radikal addıma getdi – Türkiyə ilə Rusiyanın strateji tərəfdaşlara münasibətlərinin keyfiyyətini tutuşdurdu və bu, sonuncunun xeyrinə deyildi: “Türkiyənin Azərbaycan üçün oynadığı rolu Rusiya Ermənistan üçün heç vaxt oynamayıb”.

Bundan savayı, Avrasiya İqtisadi Bilrliyi (AİB) baş nazirlərinin aprelin 7-də İrəvanda baş tutmalı görüşünü təxirə salmaq və Moskvaya keçirmək haqda Qazaxıstanın təşəbbüsü ilə bağlı hiddətini ifadə edən Sərkisyan baş nazir Ovik Abramyanın ardınca dedi: “Təəssüflənirəm ki, AİB-ə üzv ölkələrdən bəziləri əvvəldən planlaşdırılmış tədbirdə iştirak üçün İrəvana gəlməkdən imtina etdi. Bununla onların Azərbaycana nə qədər yardım etdiyini bilmirəm, lakin təşkilatımızın nüfuzuna dəqiq zərbə vurduqları birmənalıdır”.

Sual yaranır: müttəfiqlərin psixoloji və siyasi dəstəyinin həmişəkindən daha çox lazım olduğu bu gərgin durumda İərvan niyə ahəngi dəyişdi və Moskvaya qarşı dolayı şəkildə tələblər irəli sürməyə başladı?

Sərkisyan aprelin 7-də gecədən keçmiş Rusiya baş naziri Medvedyevlə görüşündə də bildirdi: “Bu gün elə bir durum yaranıb ki, biz növbəti fitnəkarlığı istisna etmirik, çünki bu fitnələr media meydanında da davam edir. Və əlbəttə, biz böyük illüziyamız olmadan Minsk qrupunun həmsədrlərindən və müttəfiqlərimizdən ünvanlı bəyanatlar və konkret əməl gözləyirik. Çünki düşünürəm ki, ikinci cəhd irimiqyaslı əməliyyata səbəb olacaq”.

Prezidentin fikirlərini diplomatik cilddən azad etsək, açıq şəkildə sıradakı ismarıcları verir:

Birincisi: dünya ictimaiyyəti daha irimiqyaslı müharibə və yeni ölkələrin ona qoşulmaq perspektivlərini istəmirsə, Azərbaycana təzyiq göstərməlidir ki, təkcə hərbi macəralardan deyil, Dağlıq Qarabağ məsələsində də maksimal tələblərdən imtina etsin.

İkincisi: dünya ictimaiyyəti və xüsusən də Rusiya həm müttəfiq, həm də ATƏT-in Minsk qrupunun həmsədri ölkə kimi Azərbaycanı cilovlamaq istəmirsə, ikinci və daha irimiqyaslı müharibə qaçılmaz olacaq. Çünki Ermənistan Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək üçün müdaxilə etməli olacaq.

Və üçüncüsü, yəqin ki, Moskvaya ən önəmli ismarıc: bu halda Rusiya seçim etməli olacaq – ya Ermənistana hərbi yardım üzrə öz öhdəliklərinə əməl etməli, ya da etməməlidir, çünki DQR-in Rusiya-Ermənistan hərbi-strateji müqaviləsinin “çətir”i altında olmadığı haqda izahatın kölgəsində daha gizlənə bilməz.

Prezidentin bu ismarıcları ona yönəlib ki, münaqişə zonasında sabitliyin təmini əvəzində Ermənistanın güzəştə gedəcəyi haqda mümkün illüziyalar dağılsın. Həmçinin digər üç mühüm məqama diqqət yetirmək lazımdır.

Birincisi: Ermənistan prezidenti aprelin 3-də ATƏT-in elçiləri ilə öz iqamətgahındakı görüşündə bildirdi: “Sizi inandırıram, azərbaycanlılar heç bir ərazini “azad” etməyiblər (Azərbaycan müdafiə naziri Zakir Həsənov isə ATƏT-in həmin elçiləri ilə Bakı görüşündə hansı ərazilərin azad edildiyini rəsmən ifadə etdi və Sərkisyandan fərqli olaraq yalan danışmadı – Strateq.az) və hazırda bütün təmas xətti boyunca şimalda və cənubda kiçik ərazilərdə döyüşlər gedir. Ümidvaram ki, görüşümüz başa çatarkən döyüşlər dayanacaq”.

Yəni erməni qüvvələrinin məqsədi sonrakı danışıqlar prosesində öz mövqeyini gücləndirməkdən ötrü döyüş əməliyyatlarının Azərbaycan ərazisinə keçirilməsi idi və Moskva məhz buna imkan vermədi.

İkincisi: Moskva İrəvanla Bakını atəşkəsə cəlb etməklə Ermənistan diplomatiyasını DQR-i danışıqlar formatına qaytarmaqdan məhrum etdi. Moskva hətta ATƏT-in Minsk qrupunun da qəbul etdiyi Stepanakertə etinasız yanaşaraq nizamlama məsələsini ancaq İrəvan və Bakı ilə müzakirə etməkdədir.

Üçüncüsü: İrəvanın açıq etirazına baxmayaraq, Rusiya Azərbaycana hərbi texnika tədarükünü dayandırmır. Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin bu barədə aprelin 8-də Bakıda bəyan etdi. Bu o halda baş verir ki, Rusiya tərəfi 200 milyon dollarlıq kredit müqaviləsi üzrə Ermənistana hələlik silah verməyib. İndiki təhlükəli durumda bu cür bəyanatı İrəvana nəsə eyham və yaxud Azərbaycana hərbi-siyasi dəstəkdən savayı özgə cür qiymətləndirmək olmaz. Bu cür şəraitdə İrəvanın reaksiyası həm adekvatdır və həm də son dərəcə zəruridir. Bunun nəticəsi olmalıdır.

Tərcümə Strateq.az-ındır.