XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 16:09

Professor Rafiq Əliyevdən mərhum xanımına 6-cı məktub:"Hər an səni gözləyirəm - bilsəm də, gələn deyilsən"

 rafiq-2

ESSE

Unudulmaz ömür-gün yoldaşım Aidə xanımın əziz xatirəsinə. 6-cı məktub

 

Bu vaxtsız sevginin əcəli yetdi

Buydu qismətimiz ya tez, ya da gec.

Hərə öz dərdini apardı getdi…

Bəs niyə dərdimiz azalmadı heç…?

 Ramiz Rövşən

 

Əzizim Aidə, içimdəki dərd özümdən də böyükdür. Hər axşam, hər səhər evin hər bir bucağında, hət tərəfində səni gəzirəm, səni axtarıram. Haraya baxıram, ancaq səni görürəm. Sanki sənin surətinlə dolub ev-eşik də, çöl-baca da, bütün dünya da… Bilmirəm, bu dərd dolu hicran niyə bizi seçdi?! Səhərlər “sabahın xeyir”, axşamlar “gecən xeyrə qalsın” kəlmələrini indi şəklinə baxıb deyirəm. 21 aprel – bu canlı, sevə-sevə söylədiyim kəlmələrin kəsildiyi gün, dünyama qaranlıq çökən gün… Sən dünyadan köçən gün, mənim dünyamı dəyişdiyin gün…

İçimə həsrət yağışı yağır. Sənin səsinə, nəvazişinə həsrət qalmışam. Qəm çəkmək nə qədər çətin imiş! Sən mənim içimdə sevinc, kədər, həyat eşqi olan dünyam idin, getdin, dünyam boşaldı…

Sən gedəli bağımızdakı cığırları da ot-ələf basıb. O cığırlar da sənin ayaq izlərinə yaman qəribsəyib. Sən gedəli səhər tezdən oxuyan o quşlar da daha oxumurlar, sanki onlar da mənim kimi, ayrılıq ağrısı keçirirlər.

Eh, indi sən məndən nə qədər uzaqdasan, əlim çatmır, ünüm yetmir. Elə bir yerdəsən ki, istəsəm də ora gələ bilmirəm, Tanrının işinə qarışa bilmirəm. Amma hər axşam yuxularıma gəlirsən. Yaxşı ki, yuxular var. Bir də, yaxşı ki, xəyallar var – axı bəzən insan elə xəyallarda, xatirələrdə yaşayır, mənim kimi. Səndən ayrı qalmaq və ömür boyunca (bilmirəm, nə qədərdir) bu ayrılıq yükünü çəkmək çox çətindir, çox, çox…  Necə qəribləmişəm səninlə keçən o günlər üçün?! Bir gününə dözə bilmədiyimdə 5 ilinə necə dözdüyümü sorma.

Əzizim, yəqin, bilmək istəyirsən ki, bu 5 ildəki sənsiz günlərim necə keçir.

… Gecə keçir, siqaretin tüstüsünü sümürə-sümürə otağın pəncərəsindən mürgüləyən küçələrə, ağaclara baxıram, xəyalımda mürgüləyən baş daşın boylanır. Acılı-şirinli uzaqlardan boylanan xatirələrin üzür məni. İnsan tək valideynlərindən yetim qalmır, sənsizlikdən də yetim qalır. İndi təsəllimi xatirələrdən alıram, ancaq o xatirələr də, baxdığım şəkillərin də mənə təsəlli deyil. Şəkil demişkən… Axı son vaxtlar sən mənə deyirdin ki, bizim qoşa şəklimizi böyütdür, otağımızdakı divardan as, xatirə üçün ( o şəkili bu məktubum üçün seçdim). Sənə göndərdiyim əvvəlki məktublarımda yazmışdım ki, sən gedəndən bəri o otağımıza girə bilmirəm. Ancaq bu məktubu yazmağa başlayarkən, o şəkili götürüb böyütdürmək üçün otağa girəndə təəccüb məni boğdu. Divardan bizim böyüdülmüş həmin qoşa şəklimiz boylanırdı. Qızımız Kəmalədən soruşdum: "Bu, necə olub?". O dedi ki, sən getməmişdən öncə, bu şəkli böyütdürüb divardan asmışdın. Əzizim, ürəyinə nəsə dammışdımı? Deyəsən, hə.

Pəncərədən ayrılıram, soyuq yatağıma uzanıram, yeganə təsəllim olan yuxuda sənlə görüşmək üçün…

Gəldin, xeyli söhbət etdik, hiss etdim ki, məndən çox nigaransan, hər sözündə, hərəkətində bunu görürdüm. Nə tez getdin, istədim dalınca su atım ki, tez qayıdasan. Sən qapıdan çıxarkən yuxudan dik sıçradım, gördüm ki, əlimdəki arxanca atacağım su yox, yanaqlarımdan süzülən iki yaş damcısıdır. Eybi yox, qoy o damcılar arxanca atdığım su olsun.

Əzizim Aidə, sonuncu məktubumdan keçən bir il ərzində sənə sonsuz sayğı bəsləyən, səni öz doğma övladı kimi sevən böyük dostumuz Lütfü Zadə ilə birlikdə ABŞ-da bir kitab çap etdirdik – dürüstlüyü ehtiva edən ədədlər hesabı kitabı. Sən gedəndən sonra bütün yazdığım kitabları sənin unudulmaz xatirənə (unudulmayanlar ölmürlər) həsr etdiyim kimi, bu kitabı da sənin əziz xatirənə həsr etdik. Ancaq bu yeni hesab da, görəsən, 5 ildəki sənsizlik əzablarımın hesabını verə bilərmi?! Əsla yox, bunun üçün qeyri-səlis məntiqə söykənən hesab yox, ilahi məntiqə əsaslanan hesab lazımdır.

Əzizim, çox yormaq istəmirəm bu məktubu oxuyacaq ruhunu.

Yadındamı, mənim heç kimdən iqtibas etmədiyim, tez-tez sənə də söylədiyim bir fikirim var idi – dünyada hər bir şeyin qiyməti onun səndən olan məsafəsi ilə ölçülür. Görən, o dünya ilə bu dünya arasındakı məsafə nə qədərmiş?! Heç kim bilmir. Sonsuzluq boyda, sənsizlik boyda. Sənin də qiymətin mənim üçün sənsizliyim boydadır.

 

Görüşənə kimi…

Sənin Rafiqin