XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2016 - 12:27

Con Kerridən İrana mədhiyyə:“Xarici bankların bu ölkəylə işgüzar əlaqələr qurması üçün yeni fürsətlər var”

Kerry: İran'la ticaret yapılmasına karşı değiliz

 

ABŞ dövlət katibi Con Kerri İrana xarici investisiya qoyuluşunu, az qala, təbliğ edəcək fikirlər səsləndirib.

Strateq.az-ın bildirdiyinə görə, İranın Xarici işlər naziri Cavad Zərif ilə görüşündən əvvəl jurnalistlərə verdiyi açıqlamasında dövlət katibi beynəlxalq bank və firmaların İranla işgüzar əlaqələr qurmasına qarşı olmadıqlarını deyib.

Kerrinin fikrincə, İrana nüvə proqramı səbəbilə tətbiq olunan sanksiyaların ləqv edilib və bu ölkənin bank və firmalarıyla iş qurmaq olar. Yalnız bircə şərtlə: Qurulacaq bu əməkdaşlıqlar nüvə proqramına xidmət etməsin.

Con Kerrinin Cavad Zəriflə bu görüşü “Paris İqlim Sazişi” çərçivəsində Nyu-Yorkda keçirilən tədbir ərəfəsində baş tutub və tərəflər bir həftə ərzində ikinci dəfə bir araya gəliblər.

Görüşdən əvvəl isə jurnalistlərin sualını cavablandıran Kerri deyib: “Nüvə sazişiylə ləğv olunan sanksiyalar İranla ticarət əlaqələri qurmağa maneə deyil. Biz söz verdiyimiz kimi, İranın nüvə proqramından dolayı tətbiq etdiyimiz sanksiyaları götürdük. İndi xarici bankların İranla işgüzar əlaqələr qurması üçün yeni fürsətlər var”.

Bununla belə Kerri yenə də tərəddüddə olan bank və təşkilatlara təhlükəsiz fəaliyyət üçün ABŞ Xəzinə Nazirliyiylə məsləhətləşməyi tövsiyə edib.

Kerrinin bu məsələni xüsusi vurğulaması səbəbsiz deyil. Ötən gün İranın Xarici işlər naziri Cavad Zərif ölkəsinə investisiya qoyan xarici şirkətlərin ABŞ tərəfindən basqılara məruz qaldığını açıqlamış və bunun nüvə sazişinə uyğun olmadığını  bildirmişdi. Cavad Zərifin sözlərinə görə, İran məhz bu səbəbdən Avropa şirkətləri ilə əməkdaşlığa meyllidir. Di gəl ki, onlar da ABŞ-ın bu maneələrindən çəkinib İrana investisiya qoymağa meyl göstərmirlər.

Kerri ilə son görüşündən əvvəlki çıxışında da Cavad Zərif İranın nüvə sazişi çərçivəsində öhdəsinə düşən məsuliyyətləri yerinə yetirdiyini xatırladaraq, ABŞ tərəfindən atılacaq addımlardan sonra İran xalqının da bu razılaşmadan doğan hüquqlarına çata ümid etdiyini deyib. O, həmçinin, həmkarının etirafından sonra bəzi bankların nigaranlıqları səbəbindən bağlanan yolların açılacağına inandığını bildirib.

Bununla belə, Cavad Zərif bu mövzunun xaricində də ABŞ-la ciddi fikir ayrılıqlarının olduğunu vurğulayıb, ancaq fikir ayrılıqlarının nədən ibarət olduğu barədə konkret məlumat verməyib.

Heydər

Strateq.az