XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

24 Aprel 2016 - 15:57

Obama-Putin razılaşması:ABŞ İsraili Bəşər Əsədə qurban verir

ABD-Rusya, Golan'ın Suriye'ye iadesi için çalışıyor

İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “DEBKAfile” saytı ABŞ ilə Rusiya arasındakı münasibətlərlə bağlı maraqlı iddialar irəli sürüb. İddialar doğrudursa, indiyə qədər həqiqət kimi bilinənlərin əslində xülyadan ibarət olduğu qənaəti yaranır və son zamalar yaşanan bir sıra mətləblər aydınlaşır.

Strateq.az xəbər verir ki, sayt Obama və Putinin Qolan təpələrinin Suriyaya qaytarılmasını dəstəklədiklərini və bu istiqamətdə birgə fəaliyyət göstərməyə qərar verdiklərini bildirib.

Bilindiyi kimi, Qolan təpələri 1967-ci ildə ərəb ölkələriylə İsrail arasında baş verən və tarixə “6 günlük müharibə” kimi düşən döyüşlərdən sonra Təl-Əvivin əlinə keçmişdi. Bütün beynəlxalq təzyiqləri, BMT-nin qətnamələrini hesaba qoymayan İsrail 1981-ci ildə təpələri ilhaq etdiyini açıqlamışdı.

Hardasa, 50 ildir Yaxın Şərqdə durulmayan suların, axan qanların əsas səbəblərindən biri olan Qolan təpələri  İsrail üçün mühüm strateji əhəmiyyət daşıyır. Suyun hər şeydən dəyərli olduğu Yaxın Şərqdə yerləşən İsrail öz içməli su ehtiyatının hardasa 3/2-ni Qolan bulaqlarından alır. Bu təpənin yüksəklikləri Təl-Əvivə özünü Suriya və Livan Hizbullahından qorumaq imkanı verir.

Sionist siyası iradəsi üçün olduqca strateji əhəmiyyət daşıyan bu yerin Suriyaya qaytarılması, sözsüz ki, İsrailə vurulmuş ən böyük zərbə olardı. Maraqlıdır ki, həmin zərbəni hansısa ərəb kralı deyil, İsrailin strateji müttəfiqi sayılan ABŞ prezidenti vurur. Həm də özünün ən barışmaz rəqibi hesab olunan rusiyalı həmkarı ilə anlaşaraq…

Məsələyə bu iddianın işığında nəzərə salanda bir həftə əvvəl İsrail hökumətinin öz toplantısını Qolan təpələrində keçirməsi və iclasın ardından ölkənin baş naziri Binyamin Netanyahunun “Qolan sonsuzadək bizdə qalacaq” deməsi qətiyyən təsadüfi görünmür. Görünür, Netanyahu bəyanatını hansısa ərəb kralına mesaj olaraq səsləndirməyib. Əksinə, mesajın göndərildiyi ünvan ABŞ və Rusiyadır.

ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbinin Netanyahunun bu sözlərinə verdiyi cavab da mesajın ünvanına yetişdiyindən xəbər verir. Sözçü çıxışında deyib: "Qolan təpələri İsrailin parçası deyil, onun statusu ancaq müzakirə yolu ilə müəyyən edilə bilər".

Əslində İsrail baş nazirini xəyal qırıqlığına uğradan təkcə cənab Kirbi də olmayıb. Avropa İttifaqı da bacardığı qədər Qərbin “dəcəl övladına” öz həddini bildirməyə çalışıb. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini İsrailin bostanına daş atıb və ona dövlət sərhədlərini xatırladıb: "Avropa İttifaqı İsraili yalnız 1967-ci ildən əvvəl mövcud olan sərhədlər daxilində tanıyır".

“DEBKAfile” ABŞ və Rusiya liderlərinin təkcə İsraillə bağlı razılığa gəlmədikləri, Suriya məsələsində də anlaşdıqlarını irəli sürür. İddiaya görə, liderlər Suriya məsələsində hərbi və diplomatik sahədə birgə addım atmaqda konsensusa gəliblər. İlk addım isə Bəşər Əsədin devrilməsi olacaq. Yalnız bundan sonra Qolan təpələri Suriyaya qaytarıla bilər.

Ötən ayın ortalarında Rusiya prezidenti Vladimir Putinin heç kimin gözləmədiyi halda Suriyadan çıxacağını bəyan etməsi, mümkündür ki, bu razılığın tələblərindəndir. Hələ o zaman bir sıra ekspertlər rus ordusunun “öz qınına çəkilməsi” qərarının böyük ehtimalla ABŞ-la əldə olunan hansısa razılıqdan irəli gəldiyini təxmin edirdilər. Fəqət razılaşmanın konkret detalları barədə heç kim məlumat vermirdi. Yəqin ki, məlumat axınındakı bu yetərsizlik razılığın tam məxfi saxlanmasıyla əlaqədar idi.

İndisə, deyəsən, xoruzun quyruğu görsənməyə başlayıb. Belə məlum olur ki, Rusiya ilə ABŞ prezidentləri qarşılıqlı kompromisə gediblər: ABŞ İsrailin, Rusiya isə Bəşər Əsədin arxasından çəkilməyi öhdələrinə götürüb. Qolan məsələsinin birbaşa Suriyayla əlaqədar olması da bu ehtimalı qüvvətləndirir.

ABŞ siyasi iradəsi üçün İsrailin maraqlarını Bəşər Əsədə qurban vermək nə qədər çətin olsa da, bu addımın məhz indiki zamanda atılması başadüşüləndir. Belə ki, 8-9 aydan sonra ABŞ prezidentinin səlahiyyət müddəti bitir. Onun yəhudi lobbisinin səsini qazanmaq kimi bir dərdi yoxdur. Və kimsə Qərbin Yaxın Şərqdəki özünü pis aparan uşağının qulağını burmalıdır. Bunu isə yalnız və yalnız yəhudi lobbisinin mərhəmətindən asılı olmayan lider bacara bilər ki, Barak Obama hazırda bu vəziyyətdədir.

Ümumiyyətlə, Barak Obamanın ikinci prezidentlik dövrü İsraili dəfələrlə xəyal qırıqlığına uğradan siyasətlərlə yadda qaldı.

Görünür, ABŞ artıq başa düşür ki, ifrata varan yəhudipərəst mövqe ilə Yaxın Şərqdə uzağa getmək olmaz və bu coğrafiyada mövcudluğunu qorumaq istəyirsənsə, problemləri körükləyən tərəfləri də cəzalandırmağı bacarmalısan.

Heydər Oğuz

Strateq.az