Suriya böhranının başladığı gündən bu yana, Ankaranın müdafiə etdiyi “təhlükəsiz bölgə” üçün ilk konkret addımlar atılır.
Strateq.az xəbər verir ki, Türkiyənin “Akşam” qəzetinin irəli sürdüyü iddia bu cür düşünməyə əsas verir.
İddiaya görə, qardaş ölkə ilə ABŞ arasında keçirilən son danışıqlarda sərhəddin Suriya tərəfində “təhlükəsiz bölgə”nin yaradılması barədə böyük ölçüdə qarşılıqlı razılıq əldə olunub.
Razılaşmaya görə, bu bölgə “Münbiç” olaraq bilinən 90 km-lik sahədə elan ediləcək. Bölgənin İŞİD ünsürlərindən tamamilə təmizlənməsi və gələcəkdə yaşana biləcək sızmaların qarşısının quru döyüşlərinin ən təsirli silahlarından sayılan 92 km-lik mənzilli HIMARS (High Mobility Artillery Rocket System) raket batareyaları vasitəsilə alınması nəzərdə tutulur. ABŞ istehsalı olan bu raket batareyaları sərhəd xəttinin Türkiyə tərəfində dayanacaq.
Qəzetin hərbi və diplomatik qaynaqlarından əldə etdiyi məlumata görə, “təhlükəsiz bölgə”dən təmizlənəcək İŞİD-çilərin yeri Suriya türkmənlərinin liderliyindəki mülayim müxalif qüvvələrə ötürüləcək. Və həmin qüvvələr lazımi silah-sursatla təmin olunacaq.
Məlumatda o da bildirilir ki, müxalif qüvvələrin “təhlükəsiz bölgə”də başlayacaqları təmizləmə əməliyyatını xaricdən dəstəkləyən HIMARS raket batareyaları artıq Türkiyəyə gətirilib. Mobil xüsusiyyətə malik olan bu silahlar bölgədəki vəziyyətə görə yerləşdiriləcək və lazım gələndə yerini rahatlıqla dəyişdirəcək. Türkiyənin “Fırtına” topları da HIMARS raket qurğularının bu təmizləmə əməliyyatında ən yaxın “köməkçiləri” olacaq və onlar bərabər İŞİD hədəflərini vuraraq, müxaliflərin irəliləməsinin önünü açacaqlar.
Qeyd edək ki, Rusiyanın Suriyaya müdaxiləsindən sonra qardaş ölkə “mötədil müxalifət” və türkmənlər məsələsinə xüsusi diqqətlə ayırmışdı. Bu da səbəbsiz deyildi. İŞİD və əl-Nüsra cəbhəsini bəhanə edən rus ordusu və onun müttəfiqləri əsasən türkmən döyüşçülərini və “mötədil müxalif” qüvvələri hədəfə alırdılar. Bölgədə qüvvələrin bir-birinə yaxın və qarışıq yaşaması rus bəhanəsinə əsas verirdi.
Dünən ABŞ-ın dövlət katibi Con Kerri də bu məsələnin üzərində xüsusi dayanaraq, Rusiyanın əleyhinə olduqca sərt danışmışdı. Dövlət katibi rəsmən Rusiyanın ABŞ-ı, ya da özünü axmaq yerinə qoyduğunu, amma bunun artıq keçməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, artıq müəyyən coğrafi xəritələr cızılacaq və Rusiya yalnız birgə razılaşdırılmış koordinatlar üzrə öz hava hücumlarını təşkil edə biləcək. Əks halda, ABŞ “mötədil müxalif” qüvvələri təyyarələrə qarşı raketlərlə təchiz edəcək. Bu isə Rusiya üçün təyyarələrinin vurulması və II Əfqanıstan sindromunun yaşanması deməkdir.
Türkiyə ilə ABŞ arasında razılaşmaya Con Kerrinin fikirləri aspektindən nəzər salanda, “təhlükəsiz bölgə”nin əsl mahiyyəti aydın olur. Belə təsəvvür yaranır ki, sözügedən bölgə rus bahənəsini aradan qaldırmaq, qüvvələr arasındakı koordinatları müəyyənləşdirmək və "mötədil müxalif" qüvvələri qorumaq üçün nəzərdə tutulub. ABŞ və Türkiyənin dəstəklədiyi qüvvələr həmin bölgədə yerləşdikdən sonra Rusiya ya məcbur qalıb həqiqətən İŞİD və əl-Nüsranı vurmalı, ya da şələ-şüləsini yığışdırıb Suriyadan getməlidir.
Moskvaya isə İŞİD-in xəritədən silinməsi sərf etmir. Çünki belə olacağı təqdirdə Suriyada vətəndaş müharibəsi də bitər və Rusiyanın enerji strategiyasının əleyhinə formalaşdırılması gözlənilən coğrafiya qaz və neft kəmərlərinin keçməsinə uyğun vəziyyətə gələr. Amma onun bəhanəsi əlindən çıxacağından, kartını artıq açıq oynamağa məhkumdur.
Güvənli bölgədən Türkiyənin gözləntiləri isə cənub sərhədlərində qardaş ölkənin ərazisinə iddiası olan bir dövlətin ortaya çıxmasının qarşını almaq və ya onun Aralıq dənizinə çıxışının qarşını almaqdır. Bəli, söhbət separatçı kürd dövlətindən gedir. “Güvənli bölgə”nin tam “kürd zolağının” ortasında yerləşməsi bu mənada təsadüfi deyil.
Prinsip etibarilə, Türkiyənin bu planı İran, Suriya və İraq kimi regional dövlətlərin də milli maraqlarına cavab verdiyindən, ortaq hədəflər bölgədə yeni müttəfiqliyin yaranmasına və Rusiyanın Yaxın Şərqdə də təklənməsinə yol aça bilər.
Heydər Oğuz
Strateq.az