XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

04 İyun 2015 - 11:28

Manatla bağlı təhlükəli proqnoz – İqtisadçı açıqladı
“Mərkəzi Bankın valyuta ehtiyatları 9 aylıq ərimədən sonra nəhayət ki, yaşıl zonaya daxil olub. Valyuta ehtiyatı 43 milyon dollar artaraq 8,4 milyard dollara yüksəlib. Halbuki 2014-cü ilin iyulunda rekord həddə- 15,2 milyard dollara çatmışdı”.
Strateq.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.
Onun sözlərinə görə, artım gözlənilməsi barədə birmənalı fikir söyləmək çətin idi: “Məntiqlə valyuta ehtiyatının azalması apreldən dayanmalı idi. çünki panika dayanıb, əmanətlərin valyutaya çevrilməsi demək olar ki, yekunlaşıb. Ancaq gözləntilərin əksinə olaraq apreldə də azalma qeydə alındı. Deməli, səbəb başqadır. Əlbəttə, söhbət ölkədən kapital axınından gedir. Manat üçün də məhz bu amil təhlükə törədir”.
S.Əliyev deyib ki, Mərkəzi Bankın may ayında artıma nail olmasını heç də kapital axının səngiməsi kimi qiymətləndirmək olmaz: “Bu vaxta qədər əsasən likvid kapital ölkədən çıxarılıb. İndiki sakitliyə səbəb qeyri-likvid kapitalla bağlıdır ki, onların likvidə çevrilməsi adətən zaman aparır. Bu, aylar da çəkə bilər. Biz bunun əlamətlərini iyul-avqust aylarından başlayaraq müşahidə edəcəyik. Ehtiyatların artmasını Mərkəzi Bankın banklardan valyuta alışı həyata keçirməsi ilə əlaqələndirmək olar. 2014-cü ilin sonlarından başalayaq ölkənin əsas bankı dollar intervensiyası edərək manat kütləsini dövriyyədən çıxardıb. Nəticədə banklar manat qıtlığı ilə üzləşib. Təxminən 4 milyard dollar ekvivalentində olan manat hazırda dövriyyədən çıxarılıb. Pul bazası sentyabr ayındakı 11,8 milyard manatdan apreldəki 7,4 milyard manata düşmüşdü. Ancaq may ayında pul bazası 179 milyon manat artaraq 7,6 milyard manata yüksəlib. Bu vəsait məhz banklardan dolların alınaraq onları manatla təmin etmək tədbirləri nəticəsində baş verib. Hətta valyuta ehtiyatlarının investisiya tranşında təxminən 38 faizini təşkil edən avronun may ayında 2 faiz, 13 faizini təşkil edən funt sterlinqin isə 0,4faiz ucuzlaşması da ehtiyatların artmasına əngəl ola bilməyib”.
Ekspertin sözlərinə görə, neft uzun müddətdir 60-70 dollar arasında rəqs edir. Hər hansı gözlənilməz hadisə baş verməsə, güman ki, hələ bir müddət bu səviyyədə qalacaq:
“Neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir. Eyni zamanda, Mərkəzi Bank inflyasiya təzyiqini azaltmaq üçün manatı dövriyyəyə xəsisliklə buraxır. Ona görə də hələ ki manatın məzənnəsində güclü dəyişmənin baş verməsi gözlənilmir. Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır. Böyük ehtimalla, seçkilərə qədər 1 dollar 1,03-1,06 manat çərçivəsində saxlanacaq. Neft 70 dollar həddini keçərsə, manat bir az da güclənə bilər. Ancaq neftin qiymətinin ucuzlaşması və kapital axını probleminin qalması, üstəlik dövriyyədə manat kütləsinin artması inflyasiyanı gücləndirməklə yanaşı manatı zəiflədə bilər. Bir sözlə, manat qısamüddətli sabitlik əldə edib”.