XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 14:15

General Vilayət Eyvazov Milli Məclisdə hesabat verdi:"Bu gün elə bir ölkə yoxdur ki..."

vilayet

Milli Məclisin hazırda davam edən plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı müzakirə olunur.

İllik hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edib.

İl ərzində insan alveri və ona qarşı mübarizə ilə bağlı statistikanın əks olunduğu hesabatda bildirilir ki, ötən il "Qaynar xətt” telefon xidmətinə daxil olan 13.000-dən çox müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilən tədbirlər görülüb.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əmək halları 22 faiz artıb: "2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs -33 qadın, 5 kişi – cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə (sabit) zərərsizləşdirilib. Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa elan olunmuş 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı-E.P.) Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42-sinə Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 22-i işlə təmin edilib, 31-i peşə kursuna göndərilib. Həyata keçirilən profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. 56 qurbana hüquqi və psixoloji yardım, həmçinin 16 qurbana tibbi xidmət göstərilib, 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilib, 7-si müvəqqəti sığınacağa yerləşdirilib. Bütün bunlara 165 min manat vəsait ayrılıb və təyinatı üzrə istifadə olunub”.

V. Eyvazov əlavə edib ki, Azərbaycanda ötən il ərzində 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb: "Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb”.

"Bu gün elə bir ölkə yoxdur ki, orada insan alverinin baş vermədiyini əminliklə demək mümkün olsun”- deyən V.Eyvazov əlavə etdi ki, bu transmilli cinayətə qarşı aparılan mübarizəyə ölkə prezidenti tərəfindən böyük siyasi dəstək verilir.

Milli Koordinatorun çıxışından sonra deputatlar sənədi müzakirəyə başladı.

Deputat Fazil Mustafa son illərdə insan alverinə qarşı mübarizənin kifayət qədər effektli olduğunu və bu işin beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğuladı. Bu mübarizədə Milli Koordinator Vilayət Eyvazovun şəxsi keyfiyyətlərinin mühüm rolu oynadığını qeyd edən deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin bu sahə ilə məşğul olan QHT-ləri maliyyələşdirməsinə də diqqət çəkdi. F.Mustafa küçədəki sahibsiz uşaqların təhsildən uzaqlaşdığını, eyni zamanda sabah onların insan alverinin qurbanına çevriləcəyini söylədi. Odur ki, aşkarlanan faktlarla bağlı sonadək təqiblər aparılmasını, rela işlərin görülüb-görülməməsini diqqətdə saxlanılmasın istədi.

F.Mustava daxili işlər naziri Ramil Usubova və nazirin 1-ci müavini, Milli Koordinator Vilayət Eyvazova ilginc bir məsələ ilə bağlı müraciət edib, problemi diqqətdə saxlamağı xahiş etdi: "Bu yaxınlarda bir fakt aşkar olundu ki, qeyri-qanuni miqrant kimi 2 minə yaxın uşaq İstanbul yaxınlığında yerləşib. Onların valideynlərinin və özlərinin sənədləri olmadığı üçün uşaqlar təhsil ala bilmirlər. Təsəvvür edin ki, Suriyadan qaçqın düşən 3 milyondan çox miqrantın 85 faizinin övladları təhsilə cəlb olunub, ancaq azərbaycanlı 2 min uşaq təhsildən kənarda qalıb. Artıq 150-yə yaxın uşaq İrana göndərilib. Onlar sabah radikal qüvvələrin əlində oyuncağa çevrilə və Azərbaycana qarşı yetişdirilə bilər”.

Deputat Siyavuş Novruzov uşaqların reabilitasiyası üçün kompleks işlərin həyata keçirilməsini istədi, bu sahədə televiziyaların xüsusi rol oynamasını zəruri saydı: "Bir az xörək bişirilməsi ilə bağlı verilişləri azaldıb, bu insanların taleyi ilə məşğul olmaq lazımdır”.

S.Novruzov itkin düşən azərbaycanlıların daxili orqanlarının Ermənistan tərəfindən xaricdə satılması ilə bağlı ciddi araşdırmaların aparılmasını təklif etdi: "Qarabağ müharibəsində ermənilərə əsir düşən insanların böyük hissəsi insan alverinin qurbanına çevrilib. Biz beynəlxalq məhkəmədə bu məsələləri qaldırıb cinayətkarların cəzalandırılmasına nail olmalıyıq ki, belə hallar təkrarlanmasın”.

Deputat Zahid Oruc qeyd etdi ki, biz yaradılmış qurumun fəaliyyəti səviyyəsində dilənçiliyin azaldılmasını gördük.

Deputat Fəzail Ağamalı insan alverinə qarşı mübarizədə aparılan işləri təqdir etdi. O, yetkinlik yaşına çatmayan qızların ərə verilməsinə qarşı sərt mübarizəyə çağırdı. Həmçinin deputat erməni əsirliyində olan azərbaycanlıların daxili orqanlarının satılması ilə bağlı cinayət işinin açılmasını, sonadək məsələnin üstünə gedilməsini zəruri saydı.

Elmira Axundova Sumqayıt və digər şəhərlərdə özünü əlil kimi təqdim edib pul dilənən fırıldaqçılara qarşı sərt mübarizə aparılmasını xahiş etdi.