XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2016 - 11:05

Prezident İlham Əliyev cəbhə xəttindən mesaj verdi –FOTOLAR

ilham-zakir-cebhe-necmeddin

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Dövlətimizin başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib.

Prezident İlham Əliyev hərbi hissənin qərargahı ilə tanış olub.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib.

Dövlətimizin başçısı hərbi hissənin yeməkxanası ilə də tanış oldu. Burada hərbçilərin dolğun qidalanmaları üçün hər cür şərait yaradılıb. Hərbi hissənin kazarması da müasir standartlara cavab verir.

Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşüb.

Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. 

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu, Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazır və qadir olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan hərbçilərini bir daha təbrik etdi və yeni-yeni uğurlar arzulayıb.

Sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxdılar.

Dövlətimizin başçısına məlumat verildi ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.

Sonra dövlətimizin başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində oldular. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev bildirdi ki, ordumuz döyüş meydanında öz qüdrətini göstərdi, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Dövlətimizin başçısı qeyd etdi ki, bu kənddə də düşmən güllələrinin və mərmilərin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.

Sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, onlar Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq düşmənlə üz-üzə mövqedə yaşayırlar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gədiblər.

Dövlətimizin başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar.

Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğuladı və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirdi, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.

Kənd sakini Südeyif Məhərrəmov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına sakinlərin minnətdarlığını çatdırıb.

Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə də baş çəkiblər.

Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini burada müalicə olunur.

Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlandılar, tezliklə sağalmalarını arzulayıblar.