XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2016 - 15:08

Ermənilər atəşkəs istəyirlər? –Sarkisyanın qurban verilməsi ssenarisi reallaşa bilər

sarkisyan

Ermənistan baş naziri Ovik Abramyan bu gün Dağlıq Qarabağa gedəcək. Bu barədə Ermənistan hökumətindəki mənbə “İnterfaks” agentliyinə bildirib.  Baş nazirlə birlikdə bir sıra nazirlər də Qarabağa gedəcək.

Dünən isə “Daşnakstyun”  partiyası təmsilçiləri ilə görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Qarabağ nizamlanması çərçivəsində danışıqların davam etməsi üçün Yerevanın irəli sürdüyü şərtləri açıqlayıb.

“RİA Novosti” agentliyinin məlumatına görə Nalbandyan qeyd edib ki, cəbhə xəttində vəziyyətin gərinləşməsinin qarşısının alınması üçün addımlar atılmalıdır.  Münaqişə zonasında sülhün təmin olunması üçün 1994-1995-ci illərdə əldə olunmuş üçtərəfli sazşin tələbləri yerinə yetirilməlidir. Eyni zamanda sülhün pozulması hallarının araşdırılması üçün tədbirlər görülməlidir. Lavrov da Yerevanda elə bunları söyləmişdi.

Ekspertlər Ermənistan baş nazirinin Qarabağa səfəri fonunda “qondarma” Dağlıq Qarabağ Respublikasının təmsilçilərinin bu il geniş bayram şənliklərinin təşkil olunmayacağı barədə açıqlamalarını və Nalbandyanın söylədiklərini Yerevanın ritorikasının dəyişməsi kimi qiymətləndirirlər. Bir tərəfdən Sarkisyan hakimiyyəti simasını saxlamağa çalışır və Baş nazirin səfəri ilə təsəlli verir. Digər tərəfdən artıq Yerevandan atəşkəsin davam etməsinin zəruriliyi ilə bağlı  açıqlamalar səslənir.

Hətta Rusiya ekspertləri qeyd edirlər ki, prezident Sarkisyan çox çətin vəziyyətdə qalıb. Ermənistanın potensialı uzunmüddətli müharibə aparmağa imkan vermir və heç erməni cəmiyyəti də 90-cı illərdə olduğu kimi Qarabağ uğrunda hər şeyi qurban veməyə hazır deyil.

Digər tərəfdən Rusiyanının erməniləri 90-cı illərdəki kimi açıq müdafiə etməsi imkanları o qədər də çox deyil. Qazaxıstan, Belarusun da mövqeyi göstərdi ki, Ermənistanın açıq müdafiəsi hətta Putinin əsas gesosiyası layihəsi –  Avrasiya İqtisadi İttifaqının dağılması ilə nəticələnə bilər.

Digər mühüm amil Qərb ölkələrinin mövqeyidir. Çətin ki, bu dəfə 2008-ci ildə Rusiyanın Gürcüstan üzərinə yürüdüyüy kimi Azərbaycana qarşı açıq müdaxiləyə imkan verilsin.  NATO-nun Rusiya sərhədlərində fəallaşması, keçirilən hərbi təlimlər və Moskvanın ünvanına səslənən hədə dolu xəbərdarlıqlar göstərir ki, bu dəfə rus “könüllülərini” Qarabağa göndərmək çox risklidir.  Azərbaycanla bütün körüpülərin yandırılması da Rusiyanın Cənub Qafqazda son 20 ildə yürütdüyü siyasətin əksinə olardı və Gürcüstanın ardından Azərbaycan da ruslar üçün tam itirilə bilər.

Aprelin əvvəlində Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlar göstərdi ki, Moskva üçün bölgədə vəziyyətə nəzarət etmək əvvəlki kimi asan deyil.  Azərbaycan cəmiyyəti isə hətta rusların ermənilərə açıq dəstəyini göz önünə alaraq vuruşmaq əzmini nümayiş etdirdi.     

Rusiya Türkiyə amilini nəzərə almaya bilməz. Ankara bütün mümkün vasitələrlə Azərbaycana dəstək verəcək və ruslar üçün bu tam aydındır. Türkiyənin Azərbaycana birmənalı dəstək verməyə hazır olması rusların ambisiyalarını saxlamağa qadir faktordur.

Bütün bu konfiqurasiyada isə ən zəif fiqur prezident Sarkisyandır. O indi tamamilə rusların iradəsindən asılı vəziyyətə düşüb. Rusiya diplomatiyası isə ənənəvi olaraq   ondan sözsüz tabe olmağı tələb edir.

Rsular da özlərini çətinə salıblar. Bir məsələ aydındır ki, Azərbaycan açıq şəkildə ən böyük– hərbi əməliyyatlara başlamamaq güzəştindən imtina etməyə hazırlaşır.

Aprel döyüşlərindən sonra son 22 ilədki status-kvo dəyişib. Yerevan isə bunu qəbul etmək istəmir. İndi Moskvanın əsas vəzifəsi  Ermənistanı bunun mümkün nəticələrinin necə ağır olmasına inandırmaq olmalıdır. Sarkisyanı buna inandırmaq mümkün olmasa böyük ehtimalla onun qurban verilməsi ssenarisi reallaşacaq.  Hətta “Kommersant” qəzeti qeyd etmişdi ki, hazırda Rusiya Ermənistan münasibətləri “quyuğun itə nəzarət etmək cəhdləri”nə bənzəyir.  Rusların praktikasında isə dinc durmayan quyruğu kəsib atmaq geniş yer alır. Ukraynanın şərq vilayətlərində hərbi əməliyyatlar dayandıqdan sonra da qondarma Donetsk və Luqansk Respublikalarının əksər aparıcı fiqurları ön plandan çəkildi və yeni şəxslər meydana çıxdı…

Zaur İbrahimli

Strateq.az