XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2015 - 11:14

MTN-in sabiq müavinindən sensasion açıqlama: “Bu, Rusiya kəşfiyyatının oyunudur”
Sülhəddin Əkbər
“Diplomat Arif Məmmədovun Azərbayacan hakimiyyətinə qarşı ünvanladığı bəyanat Qərblə Rusiya arasında başlanan geopolitik savaşın tərkib hissəsidir. O, Rusiya kəşfiyyatının ortaya atdığı adamdır”.
Bunu moderator.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik Nazirinin sabiq müavini Sülhəddin Əkbər deyib.
Sülhəddin Əkbərin sözlərinə görə, Qərblə Rusiya arasında MDB, xüsusən də GUAM məkanında geopolitik savaş gedir:
“Bu savaş Ukrayna, Gürcüstan və Moldovada açıq formada getsə də, Azərbaycanda bu proses gizli gedir. Bu geosiyasi savaş getdikcə, hərbi- siyasi vəziyyətin kəskinləşməsi fonunda xüsus xidmət orqanları aktivliyini daha da artırıblar. Azərbayacan uğrunda gizli savaş şiddətlənib. Xüsusi xidmət orqanlarının aktivliyi göz önündədir. Ona görə də Azərbayacanla Qərb, eləcə də ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar arasında münasibətlər kəskinləşib. Yaxın zamanlarda bu gizli savaşın qızışacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.”
Sülhəddin Əkbər Arif Məmmədovun məlum bəyanatlarını da təsadüf hesab etmir:
“Bu tip kombinasiyalı oyunlar xüsusi xidmət orqanları tərəfindən ortaya atılacaq və artacaq. Bu tip əməliyyat oyunları getdikcə aktivləşdiyindən, hadisələri təhlil etmək üçün ciddi təsdiq olunmuş informasiyalara ehtiyac var. O zaman daha dəqiq nəsə demək olar. İndiki məqamda isə bu cür məsələləri təhlil edib tələsik qərar verməyin o qədər də tərəfdarı deyiləm. Adıçəkilən diplomat Arif Məmmədovun da keçmişi o qədər etribarlı deyil. Onu daha çox, hipotetik olaraq, rus kəşfiyyatının Qərb kəşfiyyatı ilə başlatdığı oyun hesab edirəm. Onların bununla Arif Məmmədovun Qərbin axtardığı adamlardan biri olduğunu göstərmək mesajını verdiklərini düşünürəm. Düşünürəm ki, bu, Rusiya xüsusi xidmət orqanlarının ABŞ, Qərb xüsusi xidmət orqanlarına qarşı başlatdığı bir oyundur. Yəni bununla A. Məmmədovu “Azərbaycan hakimiyyətinə müxalif ola biləcək perspektivli bir lider” kimi göstərmək istəyirlər. Mən ilkin olaraq bu variantı araşdırmağın tərəfdarıyam.”
Xatırladaq ki, uzun illər Azərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqındakı səfiri olmuş, hazırda isə İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsindən sonra başlanan qalmaqal davam edir. Qeyd edək ki, Bakıda çoxsaylı insan tələfatı ilə nəticələn binada yanğın baş verdikdən sonra diplomat A. Məmmədov Azərbaycan hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edib. Nəticədə o, vəzifəsindən geri çağrılıb. Amma o, Avropa ölkələrində sığınacaq almaq üçün hazırda Belçikadadır. A. Məmmdəov Avropa ölkələrində olduğu zaman Azərbaycandakı vəziyyətlə bağlı növbəti dəfə bəyanatla çıxış edib. O bəyanatında deyib ki, XİN sistemində 20 ildən artıq işləyib:
“Bu nazirlikdə uzun illərdi dünyada ölkənin maraqlarını müdafiə edən xeyli vicdanlı və təmiz insan var. Dünən məzuniyyətdən sonra Belçikaya qayıtmışam və Belçika XİN-in, Avropa institutlarının artıq bu biabırçılıqdan xəbərdar olduğunu bilib, şoka düşmüşəm. Mənə rəsmən müraciət edərək özümə və ailəmə mühafizə ayırmaq təklif edilib. İmtina etmişəm, lakin Belçika XİN-i təkid edir. Bəzi KİV-lər Norveçdə siyasi sığınacaq axtardığım barədə məlumat yayıb. Bunu görməyəcəksiniz. Böyük xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur. Azərbaycan XİN-in zərər çəkmiş diplomatlarına müraciət edirəm! Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək”.