XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

12 May 2016 - 02:23

Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili:"Qarabağda döyüşə getməyə hazıram!"

amuli-1

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü ilə mayın 7-də Təbriz şəhərində keçirilən “Qarabağ – İslam torpağı” adlı konfransa yeddi nəfərdən ibarət nümayəndə heyətimizin qatılması və aparılan diskussiya barədə məlumat vermişdik (bax: http://strateq.az/siyaset/59108/t%C9%99brizd%C9%99-konfrans-kecirildi.html).

Xatırladaq ki, heyətdə Ədalət Partiyasının sədri, sabiq deputat İlyas İsmayılov, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, politoloq Zərdüşt Əlizadə, QAT sədri Akif Nağı və şair-publisist Qurban Cəbrayıl olub.

Strateq.az Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının mətbuat xidmətinə istinadən xəbər verir ki, konfrans başa çatdıqdan sonra Azərbaycandan gedən nümayəndə heyətini təhsil ocağının rektoru Məhəmmədrza Purməhəmmədi qəbul edib, bir sıra məsələlər ətrafında geniş müzakirələr aparılıb. Qonaqlar Təbrizdə Azərbaycan tarixi muzeyində, Qacarlar sülaləsinin tarixinə aid muzeydə və digər tarixi yerlərdə olub, maraqlı eksponatlarla tanışlıq imkanı qazanıblar. Nümayəndə heyətini müşayiət edən doktor Səhənd Cahani və digər universitet məsulları səfərin təkcə müzakirələr bölümünün deyil, asudə vaxt hissəsinin də maraqlı keçməsindən ötrü xeyli zəhmət çəkiblər.

Ertəsi gün – mayın 8-də Təbrizdən Ərdəbilə gələn qonaqlar şəhərin imam-cüməsi, Ali Rəhbərin bölgə üzrə səlahiyyətli nümayəndəsi Seyid Həsən Amili tərəfindən qəbul olunublar. Öncə söz alan səfərin təşkilatçısı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli nümayəndə heyətinin üzvlərini din aliminə və görüşə toplaşmış KİV mənsublarına təqdim edərək, belə bir vacib dönəmdə vaxt ayırdıqlarına, taleyüklü məsələlərə diqqət göstərdiklərinə görə səmimi təşəkkür edib. Hacı Rövşən iki dost, qardaş ölkənin bir çox ortaq dəyərlərə malik olduqlarını və bu münasibətlərin zamanın sınağından üzüağ çıxdığını, Qarabağ probleminin həllində də daim İranın dəstəyini gördüklərini xatırladıb. İmam-cümənin dəyərli xütbələrinin nəinki İranda, qonşu ölkələrdə, hətta Şərq-İslam dünyasında maraqla izləndiyinə toxunan politoloq, xüsusən təcavüzə uğramış müsəlman torpaqlarının, Qarabağın azadlığı çağırışlarının önə çəkildiyi, azğın düşmənə nifrət yağdırıldığı üçün dərin minnətdarlığını bildirib.        

Qonaqları salamlayan Ayətullah Seyid Həsən Amili cavab nitqində vurğulayıb ki, onları da ən çox narahat edən məsələlərdən biri Qarabağdır: “O tayda müəyyən muzdlu qüvvələrin nə düşünməsindən asılı olmayaraq, biz Azərbaycanı və Azərbaycan xalqını cox sevirik. Bəzən İranın Ermənistana köməyi, guya, onu iqtisadi blokadadan çıxarması barədə müxtəlif əsassız sözlər səslənir. Amma əmin ola bilərsiziniz ki, tamamilə yanlış təqdimatdır. Ümumi müzakirələrdən, ayrı-ayrı dairələrdəki fikir mübadilələrindən əlavə, hər cümə xütbələrində ermənilərə lənət oxunur. Qarabağın çox tezliklə azadlığa qovuşmasını istəyirik. Amerika və Rusiya Qarabağı öz məqsədləri üçün əllərində saxlayıblar. Onların əli ilə Qarabağı azad etmək mümkün deyil. Millət səhnəyə gələrsə, xarici güclər heç nə edə bilməzlər. Torpaqların azadlığı dinin, inamın, imanın güclənməsindən keçir. Ali Rəhbərimiz Seyid Əli Xamneyi ağa Qarabağın İslam ərazilərinin bir hissəsi olduğunu bəyan edib. Bundan böyük nə qiymət verilə bilər? Hər kəs ki, o müqəddəsliyin erməni murdarlığından təmizlənməsində həyatını itirə, şəhid sayılır”.  

Görkəmli din alimi münaqişənin həlli yollarından, uzun illərdir davam edən və heç bir əhəmiyyəti olmayan sülh danışıqlarından da söhbət açıb. Bildirib ki, bu dialoq problemi həll etmək əvəzinə, daha da düyünə salır: “Qarabağda hərb qaçılmazdır. Əgər imkan verilərsə, şərait yaranarsa, mən də Qarabağda döyüşə getməyə hazıram, bir müsəlman kimi bunu özümə borc bilirəm. İranla Azərbaycan bir-birinə daha çox yaxınlaşmalı, vəhdətdə hərəkət etməlidirlər. İnşaallah, Allahın köməyi ilə qələbə yaxındadır!”

Seyid Həsən Amili çıxışının sonunda Səfəvilər yurdunun – Ərdəbilin idarəçiliyi ilə bağlı bir qurumun təsis olunduğunu, şərqşünas Zərdüşt Əlizadənin də həmin təşkilatın rəhbər Şurasına üzv seçildiyini diqqətə çatdırıb.

Qonaqlar da öz növbələrində təşəkkürlərini bildirərək, İranın dost, qardaş köməyini həmişə hiss etdiklərini söyləyiblər, iki dövlət və xalqlar arasında əlaqələrin daha da genişlənməsi naminə təkliflərini səsləndiriblər.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli sonda qəbula görə razılığını bildirərək, belə görüşlərin mütəmadi təşkilinə böyük ehtiyac duyulduğunu deyib və bu zəmində də Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişafına ümid ifadə edib.

amuli-2

amuli-3

amuli-4

amuli-5