XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 23:59

Tanınmış iqtisadçı Prezident fərmanını şərh etdi:"Siyahını və şərtləri bilmək çox maraqlıdır"

qubad-2

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında”  fərman imzalayıb. Bu fərmanla bağlı tanınmış iqtisadçı, ADR sədri Qubad İbadoğlu da özünün facebook səhifəsində fikirlərini paylaşıb.

Q.İbadoğlunun fikirlərini Strateq.az oxucularına təqdim edirik:

 

Azərbaycan Respublikası Prezidenti dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman verib. Məqsəd ölkə iqtisadiyyatının rəqabətliliyinə, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına yardım etməkdir.

Fərmanda göstərilir ki, Nazirlər Kabineti (NK) "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. NK bu işi görərkən özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə almalıdır.

Əslində NK-ya verilən bu tapşırıq heç yerinə düşmür. Belə ki, dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarının işlənilməsi qanunun deyil, özəlləşdirmə qaydalarının predmeti ola bilər.

Fərmanda həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunması qeyd olunub. Bu isə o deməkdir ki, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə ən yaxşı halda bu ilin avqust ayında tanış ola biləcəyik.

Fikrimcə, hazırkı situasiyada yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur, mövcud qanun layihəsinin təkmilləşdirmək və modifikasiya etməklə özəlləşdirmənin yeni, 3-cü mərhələsinin hüquqi bazasını formalaşdırmaq mümkün idi.

Hazırda özəlləşdirmənin fərdi investisiya müsabiqələri üzrə həyata keçirilməsi yeni mərhələrinin aparıcı xəttini təşkil etməlidir.

Digər tərəfdən də nəzərə alsaq ki, özəlləşdirilməli müəssisələr əsasən kommunal, rabitə və enerji sektorunun iri müəsssələridir, bu halda da onların özəlləşdirilməyə açıq elan edilməsi prezidentin fərmanları ilə olmalıdır.

İstənilən halda Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə taniş olmaq çox maraqlı olardı. Çünki həm siyahı və həm də özəlləşdirmədə xarici investorların iştirakı şərtləri bu mərhələnin ən cəlbedici məsələləridir.

Odur ki, gəlin, bir az da gözləyək, görək, bu fərman da kağız üzərində qalmayacaq ki?