XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 14:24

Nazir DİN-də xidmətə qəbul üzrə müsabiqəqalibləri ilə görüşdü (FOTO)

Bu gün Daxili İşlər Nazirliyində (DİN) cari ilin əvvəllərində kütləvi informasiya vasitələrində verilən elanlara uyğun olaraq xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazir general-polkovnik Ramil Usubov iştirakçıları əlamətdar hadisə – zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul üzrə keçirilmiş müsabiqənin şərtlərinə əsasən, dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası üzrə bitirmiş 183 məzunun sənədlərinin qəbul edildiyini, Müsahibə Komissiyasından keçərək müsbət nəticə əldə etmiş 113 nəfərin Nazirliyə dəvət edildiyini bildirib. Daxili işlər nazirinin müvafiq əmri ilə müsabiqənin qaliblərindən 31 nəfəri əməliyyat müvəkkili, 71-i sahə inspektoru, 5-i təhqiqatçı, 3 şəxs kadr üzrə inspektor, 3 namizəd isə qeydiyyat və şəxsiyyət vəsiqəsi inspektoru vəzifələrinə təyin ediliblər. Onlardan 6 nəfəri qadınlardır.

Daxili işlər naziri gənc zabitlərə tapşırıq və tövsiyələrini verib. R.Usubov onları bir daha təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.