XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

24 May 2016 - 10:06

Bəşəriyyət humanitar fəlakət astanasında –İstanbula toplaşan liderlər dünyamızı dəyişəcəklərmi?

Humanitar-sammit-16

Bu gün İstanbulda öz işini başa vuracaq BMT-nin ilk dünya Humanitar Sammiti bir sıra özəllikləri ilə seçilir.  BMT baş katibi Pan Gi Munun təşəbbüsü ilə baş tutan sammitin keçirilməsinə hazırlıq 4 ildir ki, davam edir.  Konkret təşkilatı hazırlıqlar isə 1 il əvvəl başlayıb.  Pan Gi Mun bu sammitin keçirilməsinin zəruriliyi barədə açılış nitqində qeyd edib ki, dünya humanitar faciənin astanasındadır və son 70 ildə – II Dünya Müharibəsindən bəri bu cür acınacaqlı vəziyyət müşahidə olunmayıb.

BMT-nin məlumatına görə, hazırda 130 milyon insan xarici yardımdan asılı vəziyyətdədir. II Dünya Müharibəsindən sonra dünyada bu sayda qaçqın qeydə alınmayıb.  Hər il yardımlar üçün tələb olunan maliyyə artır, humanitar fəaliyyətin həcmi isə azalır.  

BMT Baş katibi xüsusi olaraq qeyd edib ki, BMT tarixində ilk dəfə keçirlən Dünya Humanitar Sammitinin məqsədi pul toplanması deyil. BMT dünya ölkələrinin humanitar faicələrin qarşısının alınması üçün yeni təşəbbüslərə imza atmasını və yeni yanaşmalar ortaya qoymasına nail olmağa çalışır.

Bu məqsədlə BMT tərəfindən sammitə “İnsanlıq naminə Gündəlik” təklif olunub:

  • Münaqişələrin dayandırılması və qarşısının alınması;
  • Müharibə aparılması qanunlarına riayət olunması;
  • Bütün ehtiyacı olanların  yardımla təmin edilməsi;
  • İnsanların yardıma ehtiyacı olmayacağı mühit yaradılması;
  • Humanitar fəaliyyət üçün vəsaitlər ayrılması.

Dünən sammitdə ilk ciddi qərar da qəbul olunub.  “Təhsil gözləmir” adlı xüsusi fond yaradılacağı bəyan edilib. Qarşıdakı 5 ildə BMT Uşaq Fondu (YUNİSEF) münaqişə şəraitində yaşayan, təbii və digər qəzalardan əziyyət şəkən 13.6 milyon uşağın təhsil alamsına yardım etmək üçün bu fonda 3.85 milyard dollar toplamaq niyyətindədir.

BMT-nin məlumatına görə, 462 milyon məktəb yaşına çatmış uşaq fövqəladə  humanitar şəraitdə yaşayır.  3-18 yaş aralığında olan 75 milyon insan vətəndaş müharibəsi, münaqişələr zonasında yaşayır və təhsil sahəsində təcili köməyə möhtacdır. Amma bu məqsədlər üçün illik humanitar yardımın yalnız 2%-i xərclənir.

BMT ekspertləri hesab edirlər ki, Dünya Humanitar Sammiti dövlətlərin diqqətini humanitar məsələlərə çəkməklə, onların konkret öhdəliklər götürməsinə yardım edəcək.  Eyni zamanda dünya liderləri və ölkələri münaqişələrin həlli, fövqəladə vəziyyətlər üçün çevik yardım mexanizmlərinin tətbiqi barədə düşünəcəklər.

BMT iqlim dəyişikliklərinə və təbii fəlakətlərə də  diqqət çəkmək niyyətindədir.  Hesablamalara görə, ətraf mühitin korlanması nəticəsində hər il ölənlərin sayı müharibə və münaqişələrdə həlak olanlardan 234 dəfə çoxdur.

Ekspertlər son 70 ildə dünyanın ən böyül miqrant böhranı ilə üzləşdiyinə də diqqət çəkirlər. BMT-nin məlumatlarına görə, 2015-ci ildə 244 milyon miqrant qeydə alınıb. Bu, dünya əhalisinin 3.3%-idir. Bir çox hallarda bu insanların adi ehtiyacları belə ödənilmir.

BMT rəsmilərinin fikirincə, hazırda dünyada humanitar ehtiyacların nəzarətdən çıxdığını görən və bununla bağlı sammitdə ətraflı məlumatlar alan dünya dövlətləri daha konkret addımlar atacaqlar.

Qeyd edək ki, sammitdə 150 ölkədən 6 min nümayəndə iştirak edir. 

Dünya Humanitar Sammitində humanitar problemlərin həllinə dini icmaların da  fəal cəlb edilməsi xüsusi diqqət mərkəzindədir.  Xüsusi panel müzakirələrində dini icmalar bununla bağlı öz təkliflərini təqdim edəcəklər.  

BMT ekspertləri İslam dininin bu məsələlərdə çox böyük potensialının olduğunu qeyd ediblər.

Strateq.az