XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 00:07

“Kim çox torpaq verib?” –Qondarma "DQR"-in "müdafiə nazirləri" bir-birini ittiham edir

dqr-mn

Levon Mnatsakanyan

 

Dağlıq Qarabağda erməni hərbi bölmələrinə hazırda və illər əvvəl rəhbərlik edən Levon Mnatsakanyan və Samvel Babayan “kim düşmənə daha çox ərazi təhvil verib” mövzusunda qiyabi mübahisəyə qatılıblar.

Strateq.az BBC-yə istinadla xəbər verir ki, tanınmamış "DQR-in indiki müdafiə naziri" general Levon Mnatsakanyan 1999-cu ilədək bu vəzifəni tutan Samvel Babayanı 1994-cü ildə Azərbaycana 21 kilometr ərazi təhvil verməkdə ittiham edir.

Yerli "Artsax" televiziyasına müsahibədə hazırkı nazir sabiq nazirə 94-cü ilin yanvar-fevral aylarını xatırladıb: "Həmin şimal istiqamətində rəqib tərəfin təzyiqi nəticəsində bir gün ərzində 21 kilometrdən çox ərazi təhvil verilib".

babayan-1

Samvel Babayan

Öz növbəsində, general Samvel Babayan ötən həftə Yerevanda "Civilnet" onlayn televiziya kanalına müsahibəsində bəyan edib ki, bu il aprel döyüşləri əsnasında erməni tərəfi öz səhvləri ucbatından mühüm əhəmiyyətli ərazilər itirib: "Laqeydlikmi, mövqelərin zəiflətməsi və ya hər hansı səbəblərə görəmi – bunu artıq nazirlik araşdırıb həqiqətən nə baş verdiyini müəyyən etməlidir. Fakt odur ki, yarım, ya bir saat ərzində bütün o mövqelər təhvil verilib. Ondan sonra hücumlarla qaytarmağa çalışıblar, bu da itkilərlə nəticələnib".

Xatırladaq ki, bir neçə il Rusiyada yaşayan Samvel Babayan ötən bazar günü Qarabağa qayıdıb. Yüzlərlə yerli sakin sabiq "müdafiə naziri"ni təntənə ilə qarşılayıb. Babayan müharibə qurbanları xiyabanına baş çəkib və mitinqdə çıxış edib.

Daha sonra nümayiş iştirakçıları Samvel Babayanı müdafiə naziri təyin etmək tələbini çatdırmaq üçün tanınmamış “DQR prezidenti ilə” görüşmək istəyiblər.

Lakin Bako Saakyan nümayişçilərin nümayəndələrini qəbul etməyib, sabahısı gün isə Babayanın qayıdışı ilə bağlı kütləvi aksiyaların təşəbbüskarı yerli parlamentin üzvü Hayk Xanumyanın bir qrup hərbi geyimli şəxslər tərəfindən amansızcasına döyülüb xəstəxanaya düşdüyü məlum olub. Hadisə ilə bağlı yerli hakimiyyət orqanları tərəfindən cinayət işi qaldırılıb.