XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 11:19

Estoniya NATO-dan “Patriot” istədi:Qərb Rusiyanın əsəbləriylə oynayır

 

“Rus təcavüzkarlığına qarşı NATO Baltikyanı ölkələrə “Patriot” raketdən müdaifə sistemi yerləşdirərək, hava gücünü artırmalıdır”.

Strateq.az xəbər verir ki, Estoniya Silahlı Qüvvələrinin komandanı general-leytenant Riho Terras İngiltərə qəzeti “Financial Times”-a açıqlamasında belə deyib.

Generalın fikrincə, Baltik ölkələrinin hava müdafiə sistemləri gözlənilən Rusiya hücumu qarşısında xeyli zəifdir.

Qeyd edək ki, bundan əvvəl də NATO yetkililəri Rusiyanın Baltik ölkələrinə hücum edəcəyi təqdirdə regionu, uzağı, 2 günə ələ keçirəcəyini və alyansın bu müddət ərzində hücuma mane ola bilməyəcəyini açıqlamışdılar. Aylarla davam edən müzakirələrdən sonra NATO qüvvələrinə aid birliklərin Baltik ölkələrində yerləşdirilməsi qərara alınmışdı. Fəqət əsasən ABŞ və İngiltərə hərbçilərindən təşəkkül tapması planlaşdırılan bu gücün regionu müdaifə etməyə yetməyəcəyi yenə NATO yetkililəri tərəfindən etiraf olunmuşdu.

ABŞ-ın Avropa Quru Qüvvələri komandanı Ben Hodges də bunu etiraf edənlərdən biridir. O, bir neçə gün öncə ziyarətə getdiyi Estoniyada Baltik ölkələrinə göndəriləcək qüvvələrin simvolik xarakter daşıdığını bildirmiş, NATO-nu realist olmağa çağırmışdı. Generalın fikrincə, Rusiya yalnız yumruğa hörmət göstərir, buna görə də regiona daha güclü hərbi qüvvələr göndərilməlidir.

Ben Hodgesin həmin açıqlamasından sonra Estoniyanın ən yetkili hərbçilərdən sayılan general-leytenant Riho Terrasın NATO-dan “Patriot” müdafiə sistemləri istəməsi məsələnin tədricən rəsmiləşdirilməsi və alyansın müttəfiq “harayına” tələsməsi üçün zəmin hazırlayır. Ən azı, ilk baxışda… Rusiya isə Baltik ölkələrini öz “qırmızı cizgi”sinə daxil olduğunu dəfələrlə bəyan etmiş, xüsusilə də Estoniyaya daha çox əhəmiyyət verdiyini açıqlamışdı. Nədən ki, bu ölkə coğrafiya baxımından Rusiyanın strateji nöqtələrinə ən yaxın ərazidə yerləşir.

Əslində Estoniyanın NATO-dan tələb etdiyi “Patriot” raketləri də rus hücumunun qarşısını alacaq gücdə deyil. Bir müddət əvvəl Türkiyəyə yerləşdirilən bu raket sistemləri Rusiyadan gələcəyi gözlənilən hücum ehtimalları artınca, müttəfiqlərin özləri tərəfindən tez-tələsik qardaş ölkədən çıxarıldı. Ekspertlər “Patriotlar”ın ən çox lazım olduğu anda Türkiyədən çıxarılmasını bu silahların müdafiə gücünün yetərsizliyi ilə əsaslandırmışdılar. Odur ki, Estoniyaya “Patriot”ların gətirilməsi qarşı tərəfi qıcıqlandırmaqdan başqa heç bir işə yaramaya bilər. Bu baxımdan eston generalın çağırışına NATO-nun müsbət cavab verməsi ehtimal olunmur.

NATO Estaniyadansa, Polşa və Rumıniyada SM-2 raketdənmüdafiə batareyaları qurmağa üstünlük verir. Bu batareyalar Rusiyadan Orta və Qərbi Avropaya atılacaq ballistik raketləri zərərsizləşdirməyi nəzərdə tutur. İlk bu cür raket sistemi bir ay bundan öncə Rumıniyanın Deveselu qəsəbəsində yerləşən Aegis hərbi bazasında aktiv hala gətirildi. Polşada isə növbəti 2 il ərzində bənzər hərbi sistemin qurulması planlaşdırılır.

Moskva NATO-nun bu təşəbbüsünə də kəskin qarşı çıxır, müdafiə sisteminin asanlıqla hücum sisteminə çevrilə biləcəyini bildirirək, əslində özünün hədəfə alındığına inanır. İki hərbi güc arasında gərginliyin davam etdiyi bir ərəfədə Estoniyadan səslənən növbəti antirus bəyanatlar, böyük ehtimalla, Moskvanın əsəblərini tarıma çəkmək, bezdirici təhdidlərlə onu güzəştə getməyə hazırlamaq, əks təqdirdə çevrə dövlətləri ilə münasibətlərini daha da korlayaraq, ətrafından tamamilə təcrid etmək məqsədi daşıyır. Beləcə, həm də rus ictimai rəyi daim xof altında tutulur və daxili gərginlik yaradılır. Bu isə bir müddətdən sonra Rusiyanı bütün dünya ilə düşmən edən Kremlə qarşı ümumxalq qəzəbinə çevrilə bilər.

Heydər Oğuz

Strateq.az