XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 13:27

Aprel müharibəsi NATO-nu Qafqaza gətirir:Bakı və Yerevan niyə Moskvadan qaçır? -Təhlil

nato ordu

«ABŞ-ın raketdən müdafiə sistemi, Monteneqronun NATO-ya üzvlüyü, Rusiyanın hərbi iştirakı gücləndirməsi ilə bağlı mübahisələr Cənubi Qafqaz ölkələrinin bu hərbi alyansla yeni yaranan bağlantılarını da kölgə altına saldı».

«The National Interest» dərgisi yazır ki, NATO-nu regiona daha da yaxınlaşdıran üç maraqlı addım Qara dəniz regionunda reallıqları dəyişdirə, Rusiyanı daha da aqressivləşdirə bilər.

Məqalədə qeyd olunur ki, Gürcüstan bu yaxınlarda NATO ilə birgə təlim keçirib. Dağlıq Qarabağ münaqişəsinin qızışması fonunda Ermənistan NATO ilə tərəfdaşlığın yeni mərhələsinə daxil olmaq üzrədir və ikitərəfli müdafiə əməkdaşlığını gücləndirilir. Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli azərbaycanlı həmkarı Zakir Həsənovla danışıqlarda Azərbaycanı 2017-ci ilin yazında NATO ilə birgə təlimlərdə iştiraka dəvət edib.

Təhlildə deyilir ki, hərbi-siyasi proseslərin belə bir ardıcıllığı ilk baxışda əhəmiyyətsiz görünə bilər. Ancaq NATO-nu Cənubi Qafqazda daha çox sezilən mövqeyə çəkməklə regionun dinamikasında da həlledici təsir göstərə bilər.

Gürcüstan ənənəvi olaraq alyansa can atıb, ancaq Ermənistanla Azərbaycan bu baxımdan daha mürəkkəb mövqe tutub və indi onlar da NATO ilə tərəfdaşlığı gücləndirirlər. Həm də Tbilisi təkcə NATO və ABŞ-la müdafiə əməkdaşlığını sürətləndirmir, eyni zamanda Türkiyə və Azərbaycanla birgə təhlükəsizlik tapşırıqlarını və prioritetləri önə çəkir. Səbəb də aydındır. Türkiyə NATO-nun Gürcüstanın alyansa üzvlüyünü dəstəkləyən azsaylı üzvlərindəndir.

Regional rəqiblər olan Ermənistan və Azərbaycana gəlincə, hər ikisi NATO ilə siyasi və praktik əməkdaşlığa önəm verir. Amma Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın müttəfiqi, Azərbaycan isə 2011-ci ildən Qoşulmayanlar Hərəkatının üzvüdür. NATO ilə əməkdaşlıq hər iki ölkənin müdafiə doktrinalarının formalaşmasında vacib rol oynayıb. Hər iki ölkə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planının (IPAP) dördüncü mərhələsini qəbul edib, Əfqanıstandakı missiyaya qoşulub.

Jurnal yazır ki, Rusiyanın Ukrayna böhranı səbəbindən Qərblə toqquşması Ermənistanı birdən-birə çətin duruma saldı. Yerevan Rusiyanın təzyiqi altında 2013-cü ildə Avropa Birliyi ilə assosiasiya sazişini ertələdi və Avrasiya İqtisadi Birliyinə qoşuldu. Bu arada Moskva Bakını da aramsız silahlandırırdı. Strateji tərəfdaş kimi Rusiyaya alternativ tapa bilməyən Yerevan isə o vaxtdan müasir hərbi avadanlıq əldə etməkdə çətinliklər yaşayıb.

«Ancaq Azərbaycanla son toqquşmalardan sonra Ermənistan siyasətində realizm yarandı, Moskvanın regionda hərbi baxımdan oturuşmaq məqsədilə münaqişənin qızışmasında maraqlı olması ehtimalı gücləndi. Bakıya və Yerevana bir daha aydın oldu ki, Moskva bütün regionda dominantlığını saxlamaq məqsədilə Dağlıq Qarabağ münaqişəsindən alət kimi faydalanmağa çalışır».

Yazıda qeyd olunur ki, prezident İlham Əliyev NATO ilə tərəfdaşlığı Türkiyəylə strateji əməkdaşlıq vasitəsilə sürdürməyə çalışır. Birbaşa NATO-Azərbaycan əməkdaşlığının perspektivlərinə rəğmən, Bakıyla Ankara 2010-cu ilin avqustunda strateji razılaşma imzalayıb. «Ankara-Tbilisi-Bakının strateji yaxınlaşmasına isə azərbaycanlı politoloqlar enerji kommunikasiyaları və infrastruktur təhlükəsizliyini gücləndirməyi hədəfləyən əməliyyat mexanizmi kimi baxırlar, Rusiyanın qarşısına çıxacaq potensial alyans kimi deyil».