XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 13:55

Türkiyədə koalisiya hökuməti niyə müşkülə dönüb? – Təhlil

Yaxud belə bir müşkül, doğrudanmı, var?

Türkiyədə yeni koalisiya hökumətinin tərkibinin necə olacağı ciddi müzakirə predmetinə çevrilib. Gah AKP-MHP, gah AKP-CHP, gah CHP-MHP-HDP, gah da AKP-HDP ittifaqlarından bəhs edilən versiyalar ortaya atılır və tərəflər bu ehtimallar ətrafında fikir mübadiləsi aparırlar.

Zənnimizcə, irəli sürülən təkliflər içərisində ən çətin başa gələni CHP lideri Qılıcdaroğlu tərəfindən irəli sürülmüşdü. O, üç partiyalı (CHP-MHP-HDP) koalisiya hökuməti modeli təklif etmiş və bir növ, bütün siyasi qüvvələri AKP-yə qarşı mübarizəyə səsləmişdi. Qılıcdaroğlu bu təklifi baş tutsun deyə baş nazir olmaq haqqından Dövlət Baxçalının xeyrinə vaz keçəcəyini də bildirmişdi.

CHP liderinin təklifinə ən sərt reaksiya isə elə Dövlət Baxçalının rəhbərlik etdiyi partiyadan gəldi. Təklifə münasibətlərini bildirən bir sıra MHP-çi deputatlar HDP-ylə ittifaqın qeyri-mümkünlüyünə toxunaraq türk siyasi elitasını başqa alternativlər axtarmağa dəvət etdilər. HDP-nin də yer aldığı üçlü ittifaq versiyasına isə nöqtəni Dövlət Baxçalının özü qoydu. Həm də olduqca sərt şəkildə.

Bu gün təkliflə bağlı açıqlama verən MHP lideri HDP-nin PKK uzantısı olduğunu deyərək, onunla ittifaqa girməyi irəli sürənlərin bəd niyyətlərindən şübhələndiyinə eyham vurdu. Dövlət Baxçalıya görə, CHP-nin də 3/1-i HDP-çilər kimilərdən ibarətdir. Seçki platformalarında AKP-dən daha çox separatçı islahat vədi verən CHP əvvəl öz siyasi mövqeyini müəyyənləşdirməli, sonra millətçi bir partiyayla koalisiya haqqında düşünməlidir. Qılıcdaroğlunun bu təklifiylə siyasi düşüncə baxımından eyni cizgidə olan CHP və HDP-nin birləşib koalisiya yaratmaq istəyinə MHP-nin dəstək verməsinin hədəfləndiyini düşünən Baxçalı bunun əsla mümkün olmayacağını deyib: “Biz iqtidarda olmaq yox, ana müxalifətdə qalmaq istəyirik. Bu şərtlərlə bu prosesdə rol almarıq”.

MHP lideri həmçinin CHP-nin son zamanlar yürütdüyü siyasətdən də xeyli gileyli olduğunu bildirib. Onun fikrincə, Atatürkün partiyasının apardığı bütün siyasətlərin məqsədi xalqı AKP-nin alternativsizliyinə inandırmaqdır: “…”Ana müxalifət partiyasıyıq” dediniz, “Cümhuriyyətin əsas siyasi qurumuyuq” dediniz, hökumər qurmağı arzuladınız. Heç bir şey edə bilmədiniz. Demək ki, məqsədiniz AKP və Ərdoğandan başqa alternativ yoxdur, qənaətini fo
rmalaşdırmaqdır. Belə bir hiylənin içərisinə Qılıcdaroğlu necə düşə bilər?”

MHP liderinin fikrincə, seçkinin nəticələrinin ortaya qoyduğu durum ən real koalisiyanın AKP-HDP ittifaqı olduğunu göstərir. Bununla belə, həmin hökumətə səs verməyəcəklərini bildirən MHP lideri yenidən seçkilərə getmək arzusunu da gizlətmədi. AKP-nin seçkidən sonra “erkən seçkilərə gedə bilərik” deməsiylə digər müxalif partiyaları təhdid etdiyini düşünən Dövlət Baxçalı, bunun əslində ən doğru yol olacağını fikirləşir. AKP-ylə MHP-nin ittifaqa getmək ehtimalına da diqqət çəkən millətçi liderin irəli sürdüyü şərtlər isə qarşı tərəf üçün qəbul olunası tələblər deyil. Dövlət Baxçalının şərtləri belədir:

  1. ölkə prezidentinin səlahiyyətli indiki konstitusiya çərçivəsində qalacaq.
  2. Ərdoğan tikilən yeni saraydan keçmiş iqamətgaha köçəcək.
  3. Konstitusiyanın ilk dörd maddəsi dəyişdirlməyəcək
  4. 17-25 Dekabr hadisəsində adları korrupsiyada hallandırılanlar cəzalandırılacaq.

Qeyd edək ki, xüsusilə son şərtin Ərdoğan tərəfindən qəbul olunacağını düşünmək dəvənin quyruğunun yerə dəyəcəyinə ümid etmək qədər səmərəsizdir. çünki həmin hadisədə onun öz oğlu Bilal Ərdoğanın adı hallanır. O da maraqlıdır ki, Ərdoğanın bu şərti qəbul etməsinin mümkün olmadığını Dövlət Baxçalı da bilir və bunu öz çıxışında da etiraf edərək deyir:

“Bilalı ver, iqtidarı al! Qəbul etdikdən sonra… Bu istədiklərimizi bizə verdikdən sonra Ərdoğanın AKP-sindən əsər-əlamət qalarmı? Bu şərtləri qəbul etdikdən sonra biz MHP olaraq nəinki əlimizi, hətta gövdəmizi belə daşın altına qoyarıq”.

Göründüyü kimi, Dövlət Baxçalının şərt kimi irəli sürdüyü tələblər əslində koalisiyaya getmək istəməmək bəhanəsindən başqa bir deyil. Maraqlıdır ki, təxminən eyni tələbləri CHP də irəli sürərək AKP ilə koalisiyaya getməyəcəyini açıqlamışdı. Bir az fərqli şərtlərlə HDP də həmçinin qapılarını AKP-yə bağlamışdı.

Bir sıra müşahidəçilər bu durumu partiyaların təkrar seçkilərdə daha çox səs toplayacaqlarına ümid edilməsiylə əsaslandırırlar. Onların fikrincə, müxalifət prosesin onsuz da təkrar seçkilərə getdiyini düşünüb sərt çıxışlarlyla xalqdan daha çox səs alacaqlarını düşünürlər. Zənnimizcə isə, məsələnin altında daha fərqli mətləblər yatır və problem digər partiyalardan yox, AKP-nin hələ kiminlə koalisiyaya gedəcəyinə qərar verməməsindən qaynaqlanır.

Təkbaşına hökumət qurmaq üçün digər partiyalardan gələcək 17-18 səsə ehtiyacı olan AKP zamanı uzadaraq rəqibləri arasında “niyə koalisiyaya getmirsiniz?” deyə etiraz yaratmaq və onlardan mümkün olduğu qədər çox millət vəkili qoparmağa çalışır. Tükiyə külislərində gəzən söz-söhbətə görə, istər MHP, istərsə də CHP-nin millət vəkilləri arasında hətta hökumət sövdələşmələri belə aparılır. Bu sövdələşmədən nələr çıxacağı bir müddətdən sonra bilinəcək. İndi bilinən isə nə qədər kəskin çıxış etmələrinə baxmayaraq AKP-nin koalisiya hökuməti qurmaqda çətinlik çəkməyəcəyidir. Böyük ehtimalla, hökumət qurmaq vəifəsini prezidentdən alan Davudoğlu ilk görüşdüyü partiya və ya qrupla hökuməti qura biləcək. Müxalifətçilərin çayı hoppanmadan “hop” demələri isə çayı keçməyə hazır olduqlarını dolayı yolla lazımi ünvana çatdırmaqdan və daha artıq güzəşt istəmələrindən irəli gəlir. Ən əsası isə onlar AKP-nin digər alternativlərə yönəlməməsi üçün daha yüksək səslə qışqırırlar.

MHP liderinin bu günkü çıxışında da sərt müxalifətçiliyinin səbəbinin AKP ilə koalisiyaya gedə bilməyəcəyi ehtimalından doğduğu aydın hiss olunurdu. çıxışında o, bəzi qlobal və daxili güc mərkəzlərinin AKP-CHP koalisiyasının qurulmasında maraqlı olduğunu bildirmişdi. Baxçalı bunu deyərkən, yəqin ki, ABŞ və Türkiyənin oliqarxları sayılan TüSİAD üzvlərinə eyham vururdu.

Heydər Oğuz

Strateq.az