XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 21:10

NATO Rusiyaya qarşı önəmli qərarlar qəbul etdi:Qara dəniz, Baltikyanı ölkələr, kiber hücum və ...

nato-sammit

NATO müdafiə nazirlərinin toplantısında alyansın çəkindiricilik və döyüş gücünün artırılması istiqmətində  yeni tədbirlərin görülməsi qərarlaşdırılıb.

Strateq.az-ın bildirdiyinə görə, bunu NATO-nun Baş katibi Yens Yens Stoltenberq mətbuat konfransında bildirib.

O, həmçinin ittifaqın döyüşə hazır qüvvələrinin üçqat artırılacağını və ani müdaxilə anında bütün üzv ölkələrdəki birliklərin bir neçə gün içərisində hərəkətə keçməyə hazır vəziyyətə gətiriləcəyini və bunun üçün Şərqi Avropada 8 yeni qərargah qurulduğunu söyləyib.

NATO-nun şərqdəki qüvvələri artırmaq çərçivəsində Latviya, Litva, Estoniya və Polşaya 4 çoxmillətli tabor göndəriləcəyini də bildirən Baş katib Qara dənizin müdafiəsi üçün də əlavə tədbirlər görüləcəyini açıqlayıb. O, hər hansı müttəfiqin hücuma məruz qalacağı halda, lazımi qarşılığın bütün ittifaq üzvləriylə birlikdə veriləcəyini bəyan edib.

NATO-nun qarşıdurma tərəfdarı olmadığını ifadə edən Stoltenberq Rusiya ilə dialoq qurmaq istəyinə baxmayaraq, hər cür təhdidə qarşı müttəfiqlərini müdafiə edəcəklərini bildirib.

Müdafiə nazirləri eyni zamanda "kiber təhlükə" məsələsini də müzakirə ediblər. Stoltenberq “kiber təhlükə”yə qarşı tədbirləri həm dəniz, həm hava, həm də quru kimi fərqli əməliyyat sahələrində həyata keçirəcəklərini və bunun müştərək müdafiənin bir hissəsi olduğunu deyib. Kiber hücumları da NATO-nun məşhur 5-ci maddəsinin (ortaq müdafiə) əhatə dairəsinə aid etdiklərini bildirən Baş katib bunun səbəbini Rusiyanın hibrid müharibə anlayışıyla əsaslandırıb. Onun fikrincə, hibrid müharibənin əhəmiyyətli bir hissəsi olan kiber hücumlar da artıq müdafiənin bir hissəsi kimi qəbul ediləcək və Kremldən idarə olunan hibrid təhdidə qarşı birgə mübarizə aparılacaq.

Bütün bu planları həyata keçirmək üçün tələb olunan maliyyəni qarşılamaq niyyətilə NATO öz büdcəsini artırmağı da qərarlaşdırıb. Yens Stoltenberqin dediyinə görə, 2016-cı ildə alyans öz büdcəsini ötən illə müqayisədə 1,5% artırmağı planlaşdırır.  Bunun əhəmiyyətli bir qərar olduğunu qeyd edən Baş katib müttəfiqləri bu təşəbbüsü davam etdirməyə və maliyyəni daha çox artırmağa çağırıb. O, daha çox maliyyəyə ehtiyac duyulduğunu etiraf edərək, səlahiyyət sahiblərinin müdafiə məsələsinə kifayət qədər cömərd davranmadığından narahatlığını da gizlətməyib.

NATO Baş katibinin bu narahatlığını dilə gətirərkən daşı Avropa ölkələrinin bostanına atdığı məlumdur. Çünki NATO büdcəsinin 75 faizini hələ də ABŞ qarşılayır. Digər 27 üzv isə ödəniş məsələsində çox həvəsli görünmür. Bununla belə, NATO büdcəsinin 2001-ci ildən bu yana 50% civarında artdığı bildirilir.

Strateq.az