XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 03:06

Əvəz Zeynallı yazır:"Məhəmməd Hatəmi Tantəkin - birinci inqilabçılar nəslinin son nümayəndəsi"

Alınmayan bir müsahibənin yarımçıq taleyi…

hatemi

Məhəmməd Hatəmi Tantəkin

 

Onu heç bir zaman yaxından tanımamışam. Əlaqəm olmayıb. İş elə gətirib ki, mənim gənclik illərim Milli Azadlıq Hərəkatının nəticələrinin bar verdiyi zamana düşüb. 1991-ci ildə AXC bizi Türkiyəyə göndərəndə, bizi gələcəkdə nələrin gözlədiyini bilməzdik. Amma bütün hallarda oxuyur, araşdırır, axtarır, bütün növ siyasətçilərimizlə görüşür, Ankaraya gələnlərin, demək olar ki, hamısını qarşılayır, ya da onlarla görüşüb söhbətləşmək üçün saatlarla piyada yol qət edərdim… O adamların içində Hatəmi Tantəkin adlısı yox idi.

Beləcə, yalnız 2010-cu ildə Hatəmi ilə tanışlıq imkanım yarandı.

O, hərəkatda tanınan ən kaprizli adamlardan sayılırdı. Ümumiyyətlə, hərəkat adamları, xüsusən, rəhbərlikdə təmsil olunanlar, lider mərtəbəsinə qədər yüksəldiyini hesab edənlər öz ətraflarına qarşı həmişə şübhəkar olublar. Hatəmi də onlardan biri idi: ən xırda şeylərdən şübhələnən, ona salam verən hər kəsin salamında başqa məna axtaran olublar bu adamlar. Hatəmi ilə tanışlığım, onu axtarmağım, onunla söhbətlərim də o zamanlarına düşdü.

Təxminən, hər kəsdən və hamıdan narahat bir tavrı vardı. 2010-2011-ci illərdə onunla bir neçə dəfə görüşdük. “Xural”ın hərəkat adamlarından iri müsahibələr aldığı zamanlar idi – tarix yazırdıq. Onu da tarixin axarında şahid olduğu və etdiyi hadisələrə görə danışdırmaq istəyirdim. Neçə dəfə görüşsək də, inandıra bilmədim. Gah dedi, "danışdıqlarımı çap edə bilməzsən", gah dedi, "hələ zamanı deyil". Gah jurnalistlərə inanmadığını dedi və beləcə, təxminən, 6-7 ay vaxt keçdi. Bu müddətdə yaxınlaşdıq, dərdləşdik, deyilən hər sözü dərc etdiyimi gördü və yavaş-yavaş onu ikna etməyə başladım. Budur, nəhayət, Məhəmməd Hatəmi Tantəkini razı saldım. Artıq onunla müsahibə ala biləcəkdim və Milli Azadlıq Hərəkatının bu azman kişisinin içini tam boşaltmağa bir yeri olacaqdı. Əmin idim ki, ard-arda ondan aldığım müsahibələr çox maraqla qarşılanacaq. O da iddialı idi. Bilənlər bilir, Allaha bəndəlik eləmirdi Məhəmməd Hatəmi Tantəkin. Dünyanı yenidən yaratmaq iddiasında idi – 75 yaşı olsa da…

Danışdıq. Mənim nə zaman vaxtım olsa, vədələşəcəkdik. Müsəlmanın bu günü, sabahı, zaman ötüb keçdi. İndi, sabah, birisi gün derkən, heç bir zaman uzaqlaşmayan qara buludlar “Xural”ın başının üstünü aldı. Gözlərimi yumub açdım ki, həbsxanadayam və bir də gözlərimi qırpanda məni 9 il sürgünlə mükafatlandırmışdılar artıq. Beləcə, Məhəmməd Hatəmi Tantəkinlə müsahibə məsələsi qaldı. Hər şey də yadımdan çıxdı. Unuduldu. Zatən unudulmasaydı, nə olacaqdı ki…

Həbsdən çıxandan sonra da eləcə. Zaman o qədər ağır şərtlərdə yaşadır bizi, bəzən adımızı da unuduruq. Mən azadlığa çıxanda məni müdafiə edən bütün dostlarım içəridə idilər. Vətəndaş Cəmiyyəti susdurulmuş, 3 nəfər bir araya gəlməz olmuşdu. Toparlanmaq lazım idi. Gücümü toparlanma yolunda təşkilatlanmağa həsr etdim. Fədakarlıq etmək, qorxulu Ağır Cinayətlər Məhkəməsini, qorxulu həbsxananı adiləşdirmək, həbsxananı sevdirmək lazım idi. Mübarizənin başqa yolu yoxdur. Madam ləyaqətli insanlar “ağır cinayət”lə qorxudulur, deməli, o xofu qırmaq lazımdır. Beləcə, İntiqam Əliyevin, Rəsul Cəfərovun, Rauf Mirqədirovun, Xədicə İsmayılın məhkəmələri, müdafiələri derkən, günlər keçdi…

 

Xəstəliklər saysız-hesabsız idi…

hateminin evi4 29 05 2016

İlk görüş… Normaldır hər şey, müsahibə haqda danışırıq…

 

Nemət Pənahlı azadlığa buraxılandan sonra bəzi söhbətlərimiz oldu. Ortaq dostlarımızı xatırladıq. Qərarlaşdırdıq ki, Məhəmməd Hatəmi Tantəkini və Sirus Təbrizlinin məzarını ziyarət edək. Sağ olsun, Nemət imkanlaşdırdı və Hatəminin yanına getdik. May ayının 29-u idi. Çox normal, hətta yaxşı idi. Gözləri yaxşı görmürdü. Neməti səsindən tanıdı. Məni isə tanımadı. Nemət birtəhər yadına saldı və… birdən “sən məndən müsahibə götürəcəkdin, amma mən gözlədim, sən gəlmədin” dedi. Bütün görüşlərimizdə bu sözlərini təkrarladı və biz hər dəfə həbs olunduğumu və 3 il 2 ay 2 gündən sonra çıxdığımı dedik. Hiss etdim ki, Məhəmməd Hatəmi Tantəkin o müsahibəyə çox ciddi hazırlaşıbmış. Artıq ortada bir əngəl qalmamışdı. Yeni layihəmiz olan “Azadlıq salnaməsi”ndə onu çəkmək istəyirdim. Hətta Nemət Pənahlı ilk çəkilişdə olmasına baxmayaraq, israrla ilk qonaq kimi ondan müsahibə götürməyimi istəyirdi – “Hərəkatın başlayanı odur, hamımızın başında o durub” deyə…

Əsən-coşan, Tanrıya bəndəlik etməyən Neməti başqa bir adam kimi görürdüm. Ağlamaqdan özünü saxlaya bilmirdi. Göz yaşları sel olmuşdu. Məhəmməd Hatəmi Tantəkinin bu durumu onu dəli-divanəyə çevirmişdi…

Məhəmməd Hatəmi Tantəkinin saqqalı yox idi. Müsahibə arzumuzu bu saqqal məsələsi əngəllədi. Mən dərhal “müsahibə olsun” deyirdim, Nemət – “Məhəmmədi belə çəkmək olmaz, qoy heç olmasa bir həftə, on gün keçsin, saqqalı özünə gəlsin, sonra” -dedi. Razılaşdıq.

İkinci gəlişimizdə mən obyektiv səbəblərdən iştirak edə bilmədim. Sağ olsun, Nemət Paşa Qəlbinuru, sonra da Eldar Abasovu düz evinə gətirmiş, onlar da əsil həkim kimi "Hippokrat andı"na sadiq qalaraq Məhəmməd Hatəmi Tantəkini evində müayinə etmişdilər. Həm Paşa Qəlbinur, həm də Eldar Abasov pozitiv danışmışdılar. İnşallah, ciddi bir problem yox idi və müalicə nəticə verən kimi, xəstəxanaya qaldırılacaqdı. Hatəmi yerindən dura, normal gəzə bilmirdi. Yataqdaca dikəlib otururdu. Bir az maraqlandıq, dəhşətə gəldik. Sən demə, uzun aylardır vəziyyət pisləşə-pisləşə gedirmiş.

 

Tantəkini xəstəxana qəbul etməyib

 

Bəli, Milli Azadlıq Hərəkatının təməl daşını qoyan bu böyük adamı, sən demə, aylar öncə Sabunçu xəstəxanası heç pulu olmadığı üçün qəbul etməyibmiş. Al sənə Vətən! Ürəkdə problem, infarkt olubmuş, böyrəkdə problem, ayaqda problem, dizdə problem – problem oğlu problem…

Paşa Qəlbinurun və Eldar Abasovun nikbin proqnozları bizi rahatlatdı. Zatən ilk görüşdən sonra facebook statusunda görüşdüyümüzü millətə elan etdim və elə bir dalğa ilə qarşılaşdım ki… Aman Tanrım, millətin balaları Məhəmməd Hatəmi Tantəkini unutmayıblarmış. Adamlar onun haqqında maraqlanmağa başlamışdılar.

hatemi1

Elə həvəsli idi ki…

 

Bir neçə gün də keçdi. Yenə sağ olsun, Nemət Pənahlı, həyat yoldaşı – qəhrəman qadın Həcər xanım, oğulları – Orxan, Ərtoğrul və Əhəd də daxil olmaqla, milliyyətçi gənclərlə birlikdə yenə Məhəmməd Hatəmi Tantəkinin evinə gəldik. Danışdıq, güldük, xatirələrdən bəhs etdik, müsahibənin konturlarını planlaşdırdıq və bir neçə gün ərzində çəkilişə gəlməyi qərarlaşdırdıq.

Aradan bir neçə gün də keçdi. Nemətlə bir də gəldik və… Məhəmməd Hatəmini bu dəfə tamam başqa cür gördük. Yataqdan qalxa bilmirdi. Uzanıqlı idi. Zorla dikəldib bir şəklini çəkdim. Və… elə orada ola-ola status yazdım.

hatemi2

Zorla dikəldib şəklini çəkdik…

 

Səhər Nemət zəng elədi. Etibar Məmmədovun Məhəmməd Hatəmi Tantəkini ziyarət edəcəyini dedi. Qərarlaşdırdıq ki, biz də gələk və bu dəfə Hatəmi artıq həqiqi mənada o dünya ilə əlləşirdi.

 

Hatəminin ağlayan qəhrəmanları

 

Etibar Məmmədovun gəlişi bütün məsələləri həll etdi. Zatən ondan bir gün əvvəl bütün hərəkat rəhbərlərini Məhəmməd Hatəmi Tantəkinin durumu ilə tanış etmiş və hamını köməyə səsləmişdim. Əlimizdən nə gəlir, onu da edirdik. Bir fb səhifəsi ilə nə etmək olar ki? Çəkir, yazır, yayır, imdad diləyir, haray qoparırdıq. Bəzi deputatlarla danışdım, bəziləri cavab vermədilər, bəziləri heç dəstəyi qaldırmadılar. Danışdığım da dedi ki, sən siyasi məhbus olubsan, siyasi mövqeyin var, bu məsələni qoy ziyalılar, başqaları qaldırsın. Çünki sən qaldırsan, yuxarı dairələrdə başqa cür baxarlar, diqqət etməzlər. Dedim, o zaman siz qaldırın, prezidentə deyin, qoy, sərəncam versin, Məhəmməd Hatəmi Tantəkini Avropanın ən yaxşı klinikalarına götürsünlər. Dedi, mən kampaniyalarda görünmək istəmirəm, ayın 14-də Milli Məclisin iclasında bir şeylər deyərəm.

Ümid sosial şəbəkələrə, gənclərə qalmışdı. Sosial şəbəkələrdən prezidentə, ailəsinə müraciət etdim, partiya sədrlərini, hərəkat yoldaşlarını çağırdım. Olmadı. Gəlmədilər. Bəziləri sadəcə, "layk" etməklə yetindilər. Vəssalam.

evez hateminin evinde

Etibar Məmmədovun gəlişi hər şeyi dəyişdi…

 

Bircə meydanların dəliqanlı qəhrəmanı, özünü gözə soxmayan Etibar Məmmədov gəldi və özüylə həkimləri gətirdi. Yerində müayinə etdilər və qərar verildi ki, Məhəmməd Hatəmi Tantəkin xəstəxanaya qaldırılmalıdır. Təcili Tibbi yardımın həkimləri binanın liftinə minəndə işıq söndürüldü. 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayırdı Məhəmməd Hatəmi Tantəkin. 30-40 dəqiqədən sonra birtəhər həkimləri liftdən endirə bildik. Və… Məhəmməd Hatəmi Tantəkin Bakı Sağlamlıq Mərkəzinə götürüldü. Onu "odeyal"a büküb endirdik. 5-6 nəfər kişi…

Nə illah elədim, “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə bəlkə 10 dəfə danışdım, hamısında da 2 dəqiqəyə işığın yanacağı xəbərini aldım, amma işıq yanmadı. Hər halda, Hatəmini tanıyanlar bilir. Onun özü bu hadisəni hökumətin təxribatı adlandırardı və… nə qəribədir ki, mən də elə düşündüm o zaman. Biz neçə dəfə gəlmişdik, o binada işıq probleminin olduğunu görməmişdik. Qonşular da elə deyirlər. Evdə televizora baxanda belə Məhəmməd Hatəmi Tantəkin “məni dinləyirlər” deyirmiş. Gəl də inanma…

Son günündə evdə qızı Nərmin, yoldaşı, bacısı, qardaşı Tomrid vardı. Hamı narahat idi. Hatəmi özündə deyildi. Etibar Məmmədovu görəndə, səsini eşidəndə elə ağladı ki. Neməti çağırıb ağlayır, mənim əllərimdən tutub ağlayır, hamını Nemətə tapşırır, qardaşı Tomridi çağırıb mənə müsahibə verməsini deyir, sanki vəsiyyət edirdi. Əlimdən tutub “bunlar qəhrəmandırlar, Etibar qəhrəmandır, Nemət qəhrəmandır” deyirdi.

Mən Etibar Məmmədovu ağlayan görməmişəm, o gün gördüm. Mən Neməti ağlayan görməmişəm, o gün gördüm. Yəqin, onlar da başqalarını gördülər.

 

Kədər bu dəfə də xəbər vermədən gəldi!

 

Və… Məhəmməd Hatəmi Tantəkini xəstəxanaya yatırdıq. Hər şey üst düzeydə idi. Həkimlər dərhal yoğun baxıma götürdülər Hatəmini. Bazar ertəsi baxacaqlarını və qərar verəcəklərini dedilər. Telefonlarını götürdük. Rahat evlərimizə dağılışdıq.

evez hateminin xestexanasinda

Həkimlərə xəstəxanaya kimin gəldiyini anladırıq…

 

Bazar ertəsi axşam həkimi Minayə xanıma zəng elədim. Durumun ciddiyyətini qoruduğunu dedi, amma vəziyyətin normala doğru getdiyini də əlavə elədi. Qardaşı Tomrid bəylə danışdım. O da eləcə. Nəsə, içimdə bir əminlik vardı ki, hər şey sürətlə yaxşılaşacaq.

Sosial şəbəkələrdə artıq bir Hatəmi bumu başlamışdı. Almaniyadan, Fransadan, Türkiyədən, İrandan, dünyanın ən müxtəlif ölkələrindən zənglər edir, mesajlar yazırdılar. Azərbaycanlılar əllərindən gələni etməyə hazır olduqlarını deyirdilər. Biri evini təklif edir, biri yardım üçün bankda hesab açmağı təklif edir, biri pul göndərməyə hazır olduğunu deyirdi. Bakı da qaynamağa başlamışdı. Gənclər təşkilatları zəng edir, ziyarətə getmək istədiklərini bildirirdilər. Xüsusilə, sağ olsun, D18 hərəkatının gənc lideri Ruslan İzzətli hər fədakarlığa hazır vəziyyətdə idi.

Durumu normallaşan kimi, ziyarətçi axınını planlaşdırırdıq. Ölkə rəhbərliyi qərar verənə qədər getməli idik. İçimi bir rahatlıq bürümüşdü – millətin önəmli bir siyasi xadimini, layiqli və ləyaqətli bir ağsaqqalını, hərəkatın təməl daşını qoyan bir kişini xilas edirdik, deyəsən.

Və… aramsız zəng edən Nemətin telefonlarını götürə bilməməyim, sən demə, Tanrının ironiyası imiş. Gənclər mənə zəng edib Məhəmməd Hatəmi Tantəkinin evinin yerini soruşanda, “Hatəmi xəstəxanadadır, bu gün durumu bilinsin, səhərdən ziyarətə başlayarıq” dedim və dəstəyin o tərəfindən cavan ömrünü bu millətin yolunda xərcləyən dəyanətli bir oğlanın – Dəyanətin sarsıdıcı xəbərini eşitdim: “bəy, Məhəmməd Hatəmi dünyasını dəyişib, ora gedirik”.

Mən sükanda sarsılanda mənim hazırlığa gedən Selcanımın gözlərində yaş gilələnirdi. Son günlər o, elə hey Hatəminin kim olduğunu soruşur, mən də ona Məhəmməd Hatəmi Tantəkinin kimliyini və hərəkatın başladığı illəri danışırdım. İndi ikimiz də yenilmişdik. Zaman bizi yenə üstələmişdi. Son günlərin optimist ovqatı bizi tərk etmişdi. Kədər bu dəfə də xəbər vermədən gəlmişdi!

 

Birinci inqilabçılar nəslinin son nümayəndəsi

 

Etibar Məmmədov maraqlı bir söz dedi Hatəminin dəfnində: “Birinci inqilabçılar nəslinin son nümayəndəsini də itirdik!” Elə sızıltılı bir səslə dedi ki… Və ondan “birinci inqilabçılar nəsli” haqda soruşdum. Xəlil Rza Ulutürkün, Tağı Xalisbəylinin, Mənsur Əlisoyun adlarını çəkdi. Daha neçə elə adamlar varmış. Oktay Eldəgəz xatırlandı. 1954-cü ildə “Qız Qalası”na bayraq sancan qəhrəmanların adları çəkildi. 1950-ci illərdən gələn və 1980-lərdə zirvə nöqtəsinə çatan bir nəsil. Kutlu bir nəsil.

Məhəmməd Hatəmi Tantəkini çox az adam o dünyaya yola saldı. Bəziləri var ki, heç onun haqqında bilmirlər. Tarixi belə çatdırırıq. Bu, bizim günahımızdır həm də. Özümüzə belə sahib çıxdığımız üçün millət də bizə sahib çıxmır. Sən hərəkatının təməl daşını qoyan kişini bu cür yola salırsansa, mütləq səni də elə yola salacaqlar. Hərəni öz qohum-əqrəbası yola salacaqsa, hamımızın taleyi belə olacaq.

evez hateminin defninde

Dəfndə adam çox az idi…

 

Mən o gün bircə bu haqda düşünürdüm. Başına milyonlarla insan dolanan insanın dəfnində niyə 100 nəfər yox idi? Niyə olmur? Biz qədirşünaslıq duyğularımızı bu qədərmi itirmişik?

Cəmi 2-3 gün keçib. Yazanların, paylaşanların həddi-hüdudu, sayı-hesabı yoxdur. Reaksiya verməyənlər indi bəyanatlar verirlər. Qızı Nərmini, qardaşı Tomridi İrandan, Turandan arayıb başsağlığı verirlər. Çığ kimi böyüyür Məhəmməd Hatəmi Tantəkinin ağrısı.

Zaman keçəcək. Biz tarix dərslərində Məhəmməd Hatəmi Tantəkin bölümünü Azərbaycan balalarına dərs kimi keçəcəyik. Bu gün unutduğumuz Məhəmməd Hatəmi Tantəkin haqqında.

 

Fəxri Xiyabanda dəfn olunmalı idi!

 

Hələ cənazə gəlməmiş harada dəfn olunacağı müəyyənləşmişdi. Amma fərqli düşünürdüm. Mənə elə gəlirdi ki, Məhəmməd Hatəmi Tantəkin Fəxri Xiyabanda dəfn olunmalıdır. Hamıda bir qənaət vardı ki, onsuz da bu təklif qəbul olunmayacaq. Elə isə sözümüzün yerə düşməsinə ehtiyac vardımı? Buna baxmayaraq, bu təklifi ictimailəşdirdim və gənclərə müraciət etdim. Nəticə özünü gözlətmədi. Millətin balaları Məhəmməd Hatəmi Tantəkinin Fəxri Xiyabanda dəfn olunmasını dəstəkləyirdi. Niyə bu təklifi etdim?

Gün gələcək, Azərbaycan gəncləri Millətin Panteonunda niyə Məhəmməd Hatəmi Tantəkinin olmadığını soruşacaq, bu haqda maraqlanacaqlar. O zaman xəyal qırıqlığına uğramasınlar ki, tələb etməyiblər. Qoy hər kəs öz aqibətini düşünsün.

Məhəmməd Hatəmi Tantəkinin dəfn olunduğu yerə gəlincə, onun yeri elə Millət üçün Fəxri Xiyabandır. Bir də, millətin böyük kişiləri harada dəfn olunurlarsa olunsunlar, ora elə əzizdir. Vətən torpağıdır ya…

 

Yarım qalan müsahibə…

evez hateminin defninde3

Mənə isə bircə həqiqət bəyan oldu: olmayanda olmur; alınmayanda alınmır! Alınmadı Məhəmməd Hatəmi Tantəkinlə “Azadlıq salnaməsi”ndə müsahibə. Amma mən hər zaman elə biləcəyəm ki, “Azadlıq salnaməsi”ndə ilk müsahibəm onunla olacaq.

Onu "odeyal"a bürüyüb aşağı endirəndə ağladı. Ona hamımız son dəfə bu sözləri dedik:

“Möhkəm ol, Məhəmməd Hatəmi Tantəkin, möhkəm ol!”

Azərbaycan bir gün, əlbət, istədiyin kimi olacaq!"

 

Əvəz Zeynallı

Strateq.az