XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 00:59

“Vasitəçilər anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil” –Prezidentdən Qarabağla bağlı yeni mesaj

ilham-seyx-dindarlar

İyunun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsində Heydər Əliyevin xidmətlərini xatırladıb, onunla şeyxülislam Allahşükür Paşazadə arasındakı dostluğun dövlət-din münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil etsin”, – deyən dövlət başçısı ölkəmizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırıb.

“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, – deyən prezident İlham Əliyev Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırladıb. Bildirib ki, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin bir yerdə yaşaması mümkündür.

Artıq bir neçə ildir Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, bu dəfə isə paytaxtımızın tamaşaçı auditoriyası yarım milyard olan Formula-1 kimi nüfuzlu yarışa ev sahibliyi etdiyini deyən dövlət başçısı bildirib ki, bütün bunlar ölkəmizin daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər reallıqları öz gözləri ilə görürlər.

“Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur”, – deyən prezident İlham Əliyev ölkəmizin çoxmillətli olduğunu, onların Azərbaycanın inkişafında yaxından iştirak etdiklərini vurğulayıb.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət  başçısı bu ümummilli məsələnin həllində dini konfessiyaların nümayəndələri də daxil olmaqla bütün vətəndaşlarımızın bir nöqtəyə vurduqlarını bildirib.

Prezident İlham Əliyev deyib ki, münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək.

Nitqinin sonunda prezident İlham Əliyev xalqımıza sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.