XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 09:38

Rusiyalı ekspert:"Türkiyə və Rusiya münasibətlərin bərpası üçün gizli danışıqlar aparırlar"

Putin E

İrina Corbenadze

Rosbalt.ru, 20.06.2016

 

Rusiya və Türkiyənin münasibətlərin qaydaya salınması üçün gizli məsləhətləşmələr aparması haqda məlumat, Türkiyəninkilər də daxil olmaqla, ekspert dairələrində geniş yayılıb. Bu “şübhələr” Türkiyə prezidenti və baş nazirinin Vladimir Putin və Dmitri Medvedyevə Rusiyanın müstəqillik günü münasibətilə təbrik məktubları göndərdikdən sonra xüsusən güclənib.

Rəcəb Tayyib Ərdoğanın məktubunun məzmununu “dostluq” kateqoriyasına tam aid etmək olar, lakin bu haqda sonra. Hələlik isə Türkiyənin ən böyük xəbər agentliyi "Anadolu"nun İstanbul bürosunun rəhbəri Hüseyn Altınalanın Azərbaycanın "Trend" agentliyi vasitəsilə yayılmış fikrini misal gətirək. O, istisna etmir ki, Moskva və Ankara münasibətlərin normallaşması haqda uzun müddət gizli danışıqlar aparıb, çünki böhran durumundan hər iki ölkə əziyyət çəkir.

Onun versiyasına görə, Rusiya hökuməti ölkə daxilində öz nüfuzunu aşağı salmamaqdan ötrü ilk addımı Türkiyə tərəfdən gözləyirdi və Ərdoğanın məktubu bu cür addım sayıla bilər. Lakin bu məqamda sual doğur: Türkiyənin “addımı” Rusiya hərbi təyyarəsini vurmuş ölkə ilə təmasların bərpasının başlanmasında Rusiya tərəfinin tələblərinə uyğun gəlirmi?

Türkiyə iqtisadiyyat naziri Nihad Zeybekçinin vurulmuş Rusiya təyyarəsi ilə bağlı Ankaranın təəssüflənmədiyi, yalnız, vur-tut, “kədərləndiyi” haqda keçən həftənin sonunda (artıq Ərdoğanın RF prezidentinə məktubundan sonra) dediyi sözləri necə qavramaq olar? Zeybekçi həm də əlavə edib ki, Rusiya da “kədərlənməlidir” ki, Türkiyə hava məkanını pozub. Lakin nazir hər halda qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərini maksimum dərəcədə tez qaydaya salmaq lazımdır.

Türkiyə rəhbərliyinin rusiyalı həmkarlara məktubuna gəlincə, onda iki ölkənin münasibətlərinin “layiqli səviyyə”yə qalxması arzusu ifadə olunub ki, bu da hər iki tərəfin maraqlarına cavab verir.

Ümumiyyətlə, tam aydındır ki, Türkiyə barışmaq istəyir, bunu gizlətmir və belə deyək, “siqnallar verir”. Lakin bu, Ankaranın, ən azı, vurulmuş təyyarəyə görə üzr istəməli və baş vermişə görə kisəsinin ağzını açmalı olduğunu hesab edən Moskvanın almağa nail olduğu siqnallardırmı? Görünür, Ərdoğan hesab edir ki, bunu etsə, “poqonları düşəcək”.

Bununla belə, Türkiyə prezidenti Rusiya ilə nizamlama kontekstində “ayağını öz boğazına qoymalıdır”, çünki təkcə yaxınlaradək dost olan Moskva ilə deyil, həm də NATO daxil olmaqla Qərblə, yəni bütün nüfuzlu dünya ilə münasibətləri korlayıb.

Aydındır ki, Rusiya ilə Türkiyə arasında orta perspektivdə strateji tərəfdaşlıq olmayacaq – Suriya məsələsi üzrə fikir ayrılığını yada salmaq  kifayətdir. Lakin, ən azı, açıq qarşıdurma olmayacaq, iqtisadi münasibətlərin və ola bilsin, hər iki tərəfi qane edən energetik layihələrin bərpası başlanacaq.

Putinlə “dost” olduqlarını dəfələrlə xatırladan Ərdoğan Moskvanın ondan nə gözlədiyini gözəl anlayır, lakin göründüyü kimi, hər iki tərəf üçün şərti, güzəştli, alçaldıcı olmayan üzr forması hələlik tapılmayıb. Lakin praqmatik təsəvvürlər üzündən bunun üzərində iş getdiyi daha çox gerçəkliyə uyğun gəlir.

Lakin Rusiya ilə Türkiyənin yaxınlaşmasından məmnun olmalı olmayan Qərb bu işi pozacaqmı? Çünki bu yaxınlaşma, ən azı, Yaxın Şərq və Qafqazda qüvvələr tərtibini pozmaq təhdidi gəlir. Bu isə Moskva və Ankaranın yaxınlaşmağa getməyinə daha bir təkandır.

Türkiyə nəşri "Hürriyet"in yazdığı kimi (ИноСМИ tərcüməsində), hazırda “Türkiyə-Rusiya münasibətlərinin əsas siyasi, iqtisadi, sosial və mədəni yönləri üzərində düşünmək, ölkələr arasında bu cür çoxölçülü əməkdaşlığın pozulması haqda narahat olmaq lazım gəlir… NATO-nun yaxınlaşmaqda olan sammitinin gedişində Türkiyə ilə Rusiyanın münasibətlərini daha da kəskinləşdirə biləsi digər hadisələrin baş verməməyi üçün səylər göstərmək olduqca önəmlidir”.

Və sonra: “Rusiyadan müsbət siqnalların gəlmədiyini iddia etmək düzgün deyil. Prezident Putinin Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesini dəstəklədiyi haqda sözlərini bu cür anlamaq lazımdır: “Bu durum bizimkinə çox bənzəyir və həmçinin münasibətlərimizin normallaşması da yaxşıdır”. Yəni bu, müəyyən mənada “Qızım, sənə deyirəm, gəlinim, sən də eşit” siqnalına oxşayır… Digər tərəfdən, Putinin “Türk axını” layihəsi haqda konstruktiv və ümidverici sözləri işarə edir ki, Rusiya əvvəlki kimi Türkiyə ilə əməkdaşlıq yönünə müsbət konsepsiya və yanaşım prizmasından baxır”.

Nəşrin göstərdiyi kimi, Rusiyadan qaynaqlanan barışdırıcı “yeni siqnallar” kontekstində bu yaxınlarda “Açıq səma” beynəlxalq sazişi çərçivəsində HHQ-nin SN-235 təyyarəsinə türkiyəli və finlandiyalı  hərbi ekspertlərlə birlikdə Rusiya hava məkanında müşahidə uçuşu keçirtməyə icazə verdi. Lakin Moskva icazə verməklə xatırlatmağı da yaddan çıxartmadı ki, Türkiyə bu ilin fevralında Rusiyanın oxşar sorğusunu rədd edib.

Müstəqillik günü münasibətilə Türkiyə rəhbərliyinin Rusya rəhbərliyinə məktubuna gəlincə, bu, “müsbət addım” adlanır. "Hürriyet" yazır: “Anlamaq lazımdır ki, hazırda Rusiya başqa müsbət addımlar və bundan çıxış etməklə fəaliyyət gözləyir. Türkiyə depressiv duruma düşməməlidir… Diplomatiya depressiyaya düşmək üçün deyil, ondan çıxmaq üçün üz tutulan məşğuliyyətdir”.

Yəni söhbət praktik olaraq dünyanın bütün oyunçularının etibarını itirmiş Türkiyənin indi düşdüyü siyasi tənhalıqdan gedir. Belə ki, çoxlarının açıqca “çar” ləqəbi verdiyi Putinin çeviklik göstərib bundan istifadə edərək açıqca “sultan” adlandırılan, özünə müttəfiqlər axtaran “köhnə dostu bağışlamağına” dəyməzmi?

Bir sözlə, dəmiri isti-isti döyərlər: xüsusən də kürd probleminə müxtəlif yanaşıma görə, nə qədər ki Ankara ilə Vaşinqtonun münasibətləri çat verirsə; nə qədər ki Ankara Amerikanın Suriyada üstünlük zonasının genişlənməyndən qorxursa; və Ərdoğan NATO-nun Qara dənizdə güclənməyinə yardım edib-etməməkdə tərəddüd edirsə və s.

Türkiyə nəşri "Milliyet"in qeyd etdiyi kimi, “… Türkiyə və Rusiyanın maraqları müəyyən mənada üst-üstə düşür. Diplomatiya və siyasət ölkələrə öz münasibətlərini müsbət tərəfə yenidən nəzərdən keçirtməyə vadar edir”.

Beləliklə, Moskva və Ankaranın gizlicə danışıqlar apramağı haqda şayiələr yalandan çox həqiqətə bənzəyir. Lakin RF XİN rəsmi təmsilçisi Mariya Zaxarovanın bəyanatına görə, Rusiya hələlik “Türkiyə ilə münasibətlərin normallaşmağına ilkin şərtlər” görmür. O deyib: “Türkiyə rəhbərliyinin RF prezidenti və baş nazirinə təbrik məktublarına gəlincə, bu, ancaq sırf protokol praktikasıdır”.

Lakin qeyd edək ki, diplomatlar öz iş prosesləri haqda dünyaya car çəkməyə heç də borclu deyillər – xüsusən də  nəticlər müəyyənlikdən bu cür uzaq olarkən.

 

Tərcümə Strateq.azndır.