XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 14:51

Əlvida, Avropa İttifaqı – salam, NATO:London referendumu ABŞ-ı Avropada möhkəmləndirir

referendum

Referendumdan sonra Britaniya siyasi sistemi ciddi sarsıntı yaşayır. Avropa İttifaqının ciddi institutsional islahatlara möhtac olduğu artıq heç kimə sirr deyil.

Bəs bu referendumun siyasi nəticələri nəyi göstərir?

Rusiyalı tanınmış politoloq, Beynəlxalq “Valday” Diskussiya Klubunun elmi direktoru Fyodr Lukyanov hesab edir ki,  “Brexit” Avropanı inteqrasiya modelini fundamental sürətdə yenidən qurmağa məcbur edir. Bunun məsuliyyəti isə Almaniyanın üzərinə düşür: “Miqrant böhranı Merkelin karyerasına ağır zərbə vurdu. Lakin Britaniyanın getmək qərarı bu islahatların başlanması üçün katalizator rolunu oynamalıdır.  Sual budur: Avropa elitası özünün əsas prinsiplərinə yenidən baxmaq qərarını verəcəkmi?”

Politoloqun fikrincə, referendumun nəticələri bütün Avropa boyu birliyə həmişə şübhə ilə yanaşan skeptikərə impuls verəcək. Artıq fransız millətçilərinin lideri Marin Le Pen bəyan edib ki, Fransa belə referendumu keçirəcək növbəti ölkə olmalıdır.  

Bəs bütün bunlar Rusiya üçün hansı əhəmiyyəti daşıyır?

Qeyd edək ki, referendumla bağlı aparılan kampaniya zamanı Putini Avropa Birliyinin dağılmasını gözləyən bir lider kimi qələmə verirdilər. Yazırdılar ki, Putin Londonun Birlikdən çıxmasını səbirsizliklə gözləyir. Guya, bundan sonra Avropa Biriyinin çat verəcəyi labüdləşir.

Lukyanov qeyd edir ki, əslində Londonun bu qərarı Moskva üçün birmənalı nəticələnməyəcək. Söhbət heç də iqtisadi sabitsizlikdə deyil. Bu böhran baş verəcək və qısa müddətdən sonra həllini tapacaq.

Politoloqun rəyincə, Avropa İttifaqının daha dərin daxili böhrana sürüklənməsi o deməkdir ki, onunla iş görmək tamamilə əzaba çevriləcək: "Amma AB-dən üz döndərmək də mümkün deyil.  Biz bir-birimizdən çox asılıyıq və bu, hələ uzun illər dəyişməyəcək. “Brexit”in digər nəticəsi NATO-nun rolunun artmasıdır. NATO Avropanı bir-birinə bağlayan əsas “kəməndə” çevrilir. Britaniyanın qurumdan çıxması buna əlavə stimul verəcək. Bu isə yaxşı heç nə vəd etmir. Yerigəlmişkən, bu, ABŞ-ın nufuzunun və təsirinin artması deməkdir”.  

Lukyanovun sözlərinə görə, Avropa Birliyi kəskin böhrana düşərək ya ondan yenilənmiş, amma zəif  halda, ya da möhkəmlənmiş çıxacaq: “Nəzəri baxımdan bu böhran kontinental nüvəni yaradaraq inteqrasiyanı möhkəmləndirə bilər. Lakin belə nəticə üçün o qədər də qarant yoxdur.  Vəziyyətin əksinə dəyişməsi də mümkündür: Avropa birliyi barədə əfsanənin demontajının başlanması… Almaniya var gücü ilə birlik layihəsini xilas etməyə çalışacaq. Əks təqdirdə o, keçmişin bütün dəhşət kabusunu yaşamalı olacaq. Məlumdur ki, Avropa inteqrasiyası elə Avropanı uzun illər müharibələrə sürükləyən “alman məsələsi”ni həlli üçün düşünülmüşdü”.  

Politoloq hesab edir ki, Böyük Britaniyanın gələcək dünya arenasındakı rolu hələlik aydın deyil. London “Atlantik Sinqapuru” funksiyasını yerinə yetirə bilər. O zaman Britaniyanın qlobal əhəmiyyətindən yalnız London Siti qalacaq.

Lukyanovun qənaətincə, referendumun ən əsas nəticəsi sosilogiyanın iflasıdır. Nəticələr göstərdi ki, tədqiatçlar cəmiyyətin dərinliyində baş verən prosesləri tuta bilmirlər: “Qloballaşmadan yorulma  və ondan qorxu  təbii reaksiya yaradır: Tərk etmək, müdafiə olunmaq, az da olsa özününkünü tutub saxlamaq. Bu proseslərin ən güclü katalizatoru miqrant axını və avropalıların ona reaksiyası oldu. Avropalıların oturuşmuş həyat tərzinə daxil olan yad mədəniyyətin daşıyıcıları instiktiv olaraq özünün mədəni – məişət sferasında gizlənmək arzusunu yaradır. Bu tendensiyadır. Deməli, dünya başqa cür, daha anlaşılmaz dünya olacaq”.   

 

Xaqani SƏFƏROĞLU