XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2015 - 21:51

2 iyul Polis Günüdür: Sədaqətinə, cəsarətinə, qeyrətinə alqış, Azərbaycan Polisi!

Yaşının əsri haqlamasına nə qaldı ki, Polisim!

“Azərbaycan deyiləndə ayağa dur ki…” nidasıyla cümhuriyyət quran babalarımız bu torpağa, bu xalqa dayaq olanlarla birgə Sənin də adını tarixə həkk etdilər.

Azərbaycan! Azərbaycan!

üçrəngli bayrağınla məsud yaşa!

– deyənlərin içində Sənin səsin, nəfəsin daha gur, daha doğma idi. Əsas vəzifən təkcə asayişi, sabitliyi qorumaq, cinayətkarlıqla mübarizə aparmaq deyildi. Həm də heç Avropanın, demokratiyanın beşiyi sayılan ölkələrin belə, dünən olduğu kimi, bu gün də hörmətlə yanaşmadığı insan haqlarını, hüquqlarını qorumaq idi! Sən elə bir məmləkətdə boy verdin ki, burada min illər bundan öncə də İnsan, onun haqqı ən müqəddəs dəyər hesab olunub və olunur da…

Polisim! Bu gün əlində böyük Azərbaycanın hər qaranlıq köşəsini işıqlandıracaq bir məşəl daşıyırsan. Müstəqil ölkənin Polisi olmaq şərəfini qanından, canından əziz tutub 97 il bundan öncə bu torpaq, bu xalq uğrunda şəhid olan xələflərinin varisisən Sən!

Sənin də alın yazına şəhidlik, ağır sınaqlardan keçmək yazıldı. Minlərlə canın qurban, sinəsinin hərbə meydan olduğu məmləkəti, bu doğma Vətəni qorumaq üçün soyuq səngərləri övladın kimi bağrına basıb ona keşik çəkdin. çünki Vətən dardaydı, hayına-harayına, səsinə sinəsində Vətən məhəbbəti məkan olan oğullar yetməliydi!

97 il bundan öncə içdiyin anda sadiqlyini bir daha sübut etmək üçün qanından, canından keçməklə unudulmaz bir tarix yazdın.

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Bax, bu nida idi Səni XX əsrdə yenidən müstəqilliyinə qovuşmuş, olumla ölüm arasında qalan, torpaqlarının itirmək təhlükəsi ilə ağır günlər yaşayan, ordusu olmayan bir dövlətin dayaqlarına, ən mühüm sütünlarından birinə çevirən.

Sən idin, Vətən sevgisi dəniz olsa da, hələ əli silah tuta bilməyən, səngərdə bərkiməyən oğullara silahın dilini öyrədən! Sən idin, Xocalıda cansız cəsədi buz bağlamış fidan körpələrin qisas gözləyən ruhuna and içən! Sən idin, “Allahu Əkbər” nidasını, müqəddəs dinimizi alətə çevirib insanlarımızın, gənclərimizin beynini yeyənlərin qarşısında sipər çəkən!

Verilən heç də hər bir tapşırıqdan salamat dönməyəcəyini bilən, yolunu gözləyən körpəsinin sevdalı gözlərindən öpüb günün istənilən vaxtında cinayətkar üstünə gedən də Səndin, Polisim!

Yazılanlar yazılsa da, adın tarixə dönsə də, hələ qəhrəmanlığından, Vətənə sevgindən çox yazılacaq, Azərbaycan Polisi! Axı, hələ tarixə dönəsi, yazılası, gələcəyə miras üçün qalacaq elə şanlı səhifələr var ki…

Bu gün sənin bayramındır, bu gün Sən ürəkdən oxumalısan Ana Vətənimiz Azərbaycanın yaşam şərqisini:

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!

Hafiz Təmirov,

polis kapitanı