XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2015 - 12:03

Azərbaycan Polisi 97-ci yaşını qeyd etdi – Polis Akademiyasında tədbir

polis-97-2.jpg

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 97-ci ildönümünü qeyd edir.

Strateq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, bu münasibətlə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Millət vəkillərinin, nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, yerli icra, hüquq-mühafizə orqanları rəhbərlərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdiyi tədbirdə nazir müavini, polis general-leytenantı İsmət Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib. Sonra nazir Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisələr münasibətilə təbrik edib…

Nazir, general-polkovnik Ramil Usubov təntənəli mərasimdə çıxış edib.

O, mərhum prezident Heydər Əliyevin 1998-ci ildə imzaladağı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi günü elan etdiyini xatırladıb, çoxminli asayiş keşikçiləri nəslinin Vətənə və xalqa xidmətlərini özündə əks etdirən, mərdlik, şücaət və qəhrəmanlıqlarla zəngin olan bu tarixin 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlandığını diqqətə çatdırıb…

Nazir bildirib ki, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyət qayıdışı digər sahələrlə bərabər, Daxili İşlər Nazirliyi sistemində də köklü dönüş mərhələsi olub və sonrakı illərdə Polisin keçdiyi yolun şərəf tarixinə çevrilməsində müstəsna rol oynayıb.

Nazir Usubov bildirib ki, məhz Heydər Əliyev polisin fəaliyyətinin qanunçuluq, xalqa və dövlətə sədaqət, milli maraqlara xidmət kimi prinsiplər üzərində qurulmasının möhkəm təməlini yaradıb, hüquqi əsaslarının müəyyən edilməsi üçün 34 qanun, 100-dən çox fərman və sərəncam imzalayıb: “Onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində uğurları təmin edən çox böyük işlər görüldü. Artıq 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 1992-ci illə müqayisədə 67 faizdən 95 faizə yüksəldi, ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azaldı. Həmin illərin başlıca yekunu Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxaran Heydər Əliyevin dövlətçiliyə xidmət məktəbini keçmiş Azərbaycan Polisinin formalaşması oldu”.

Nazir həmçinin xatırladəb ki, müstəqillik illərində polis və Daxili Qoşunlar asayişi və daxili təhlükəsizliyi cəsarətlə qoruyub, ən çətin anlarda Vətənə sədaqətlə xidmət ediblər: “Respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşən 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdikləri şücaətə və igidliyə görə 67 nəfər «Milli Qəhrəman» adına, 1143 nəfər orden və medallara layiq görülüb. Sonrakı illərdə də daxili işlər orqanlarının şəxsi heyətinin fəaliyyəti gərgin olub. Təkcə onu demək kifayətdir ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 95 polis əməkdaşı həlak olub, 2514 nəfər xəsarət alıb”.

polis-97-3.jpg
Nazir qeyd edib ki, 2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkə inkişafının yeni mərhələsinə qədəm qoyub: “Həmin ildən başlayaraq, onun rəhbərliyi altında aparılan quruculuq işləri, islahatlar, xalqımız və dövlətimiz üçün çox mühüm olan lahiyələrin reallaşması Daxili İşlər Nazirliyini, onun orqan və hissələrini də əhatə etdi. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görüldü. ötən 12 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 421 fərman və sərəncam imzalandı. Nazirliyin büdcəsi 11 dəfə artdı, infrastrukturu yeniləndi, maddi-texniki bazası əsaslı surətdə təkmilləşdi. Struktur qurumlar, o cümlədən ərazi polis orqanları və Daxili Qoşunlar üçün 362 sosial obyekt tikildi, 4 mindən çox nəqliyyat vasitəsi alındı”.
O da bildirilib ki, ölkə başçısının vətəndaşlarımızın ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsi barədə tələb və tapşırıqlarının icrası məqsədilə «102» zəng mərkəzi və «Təhlükəsiz Şəhər» sistemi, «qaynar xət»lər, veb-saytlar, habelə 40-dan çox informasiya resursu yaradılıb. «Korrupsiyaya qarşı mübarizəyə dair» Milli Fəaliyyət Planlarına müvafiq olaraq, orqan və hissələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin «bir pəncərə» prinsipi əsasında təşkili, informasiya əldə olunmasının asanlaşdırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər görülüb və bu gün də davam etdirilir.

Nazir həmçinin onu da vurğulayıb ki, orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 3,1 dəfə artaraq cari ildə 80 faizə yüksəlib. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimizin rolu da əhəmiyyətli olmaqla xarici həmkarlarımız ilə yaranmış işgüzar münasibətlər tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 92 beynəlxalq sənəd imzalanıb.

Nazir bildirib ki, 2014-cü ildə və cari ilin ötən dövründə 65 mindən çox ərizə və şikayət araşdırılıb, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib, bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub.
Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə təntənəli mərasim iştirakçılarına ətraflı məlumat verib.

Natiq vurğulayıb ki, artıq neçə illərdir Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir: “Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı öt
ən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə bir çox hallarda dəfələrlə azdır. Bu dövrdə cinayətlərin illik orta açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb və onun tətbiqilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir”.

Nazir həmçinin bildirib ki, Azərbaycan, özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləyib: “Təsadüfi deyil ki, respublikamız son illər dünyanı bürüyən problemlərdən çıxış yolunu arayan zirvə görüşlərinin, beynəlxalq konfransların, humanitar forumların keçirildiyi qlobal mərkəzə çevrilib. Bu səviyyəli tədbirlər isə yalnız sabitliyin ən yüksək standartlarını təmin edən, müvafiq imkanları və şəraiti olan dövlətlərdə mümkündür”.
I Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin Bakıda keçirilməsi və uğurla başa çatması barədə danışan nazir deyib: “Zati-aliləri cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox yüksək təşkilatçılıq bacarığı və böyük xidmətləri sayəsində ölkəmiz üzərinə götürdüyü öhdəliyi cəmi 27 ay ərzində yerinə yetirdi. Dövlətimizin qarşıya qoyduğu hədəflərə çatmasında son 10 ildə ölkədə idmanın inkişafı, xüsusən kütləviliyinin təmin edilməsi üçün həyata keçirilən mühüm tədbirlərin, o cümlədən onlarca müasir Olimpiya mərkəzinin inşa edilib gənclərimizin istifadəsinə verilməsinin də böyük rolu olub”.

Nazir məmnunluqla qeyd edib ki, ilk Avropa Oyunları üçün heç bir təcrübənin və standartın olmamasına baxmayaraq, «Bakı – 2015» dünyada ən yüksək idman standartlarını təqdim etdi: “Respublikamız, onun bütün dövlət strukturları və vətəndaş cəmiyyəti üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən layiqincə gəldi. Bütün Azərbaycanda 17 gün əsl bayram ab-havası hökm sürdü. 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya Oyunlarına 23 idmançı ilə qatılaraq yalnız bir gümüş medal əldə edən ölkəmiz artıq ilk Avropa Oyunlarında yüksək nəticələr göstərərək 21-i qızıl olmaqla 56 medal qazandı, qitə ölkələri arasında ikinci yeri tutdu. ümumən, Azərbaycan, bu mühüm əhəmiyyətli tədbiri keçirməklə dünyaya açıq ölkə olduğunu bir daha təsdiqlədi, sülhün, dostluğun, milli həmrəyliyin, Prezident-xalq birliyinin təntənəsini bir daha nümayiş etdirdi”.

Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, Daxili İşlər Nazirliyinin I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsil vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirib. Bu yarışların ölkəmizin adına və nüfuzuna layiq bir səviyyədə, təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün digər dövlət orqanları ilə birgə böyük bir fəaliyyət ortaya qoyub. Nazir fürsətdən istifadə edərək xidməti vəzifələrin icrasında göstərdikləri köməyə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Hökumətin, Milli Məclisin, hüquq mühafizə və xüsusi xidmət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə dərin minnətdarlığını bildirib, həmçinin, gənc əməkdaşların formalaşmasında böyük işlər görən veteranlara təşəkkür edib.

polis-97-4.jpg
çıxışı zamanı general-polkovnik Ramil Usubov beş il Polis Akademiyasında mükəmməl təhsil almış, müxtəlif biliklərə yiyələnmiş, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kimi çətin, lakin çox şərəfli bir peşəni seçmiş müdavimlərə aldıqları nəzəri bilikləri praktikada uğurla tətbiq etmələrini, qabaqcıl təcrübədən yararlanmalarını, yenilikləri mənimsəmələrini, dünyagörüşlərini və peşəkarlıqlarını daim artırmalarını, xalqa sədaqətlərilə polis adını həmişə uca tutmalarını tövsiyə edib.

O deyib ki, vətəndaşlarımız polisin peşəkarlığına, qətiyyətinə güvənir və öz hüquqlarının qorunmasını ona etibar edir.
Nazir Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə hər bir müdavimi, onların valideynlərini və yaxınlarını təbrik edib, bu təhsil müəssisəsinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini bildirib.

İctimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyinin ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini xatırladaraq builki peşə bayramı ərəfəsində də Prezident sərəncamları ilə 41 əməkdaşın orden və medallarla təltif edildiyini, 3 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbələr verildiyini diqqətə çatdırıb.

Daxili işlər orqanlarının fəaliyyətinə hər zaman göstərdiyi ali diqqət və qayğıya görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Ramil Usubov əmin edib ki, şəxsi heyət qanunla müəyyən edilmiş funksiyaları, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı- Andına sadiqliyi, xalqına, Vətəninə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

polis-97.jpg
Tədbirdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov əlamətdar hadisələr – Azərbaycan Polisi günü və tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb.

O qeyd edib ki, polis orqanları 97 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətimizin əsas dayaqlarından birinə çevrilib, müstəqilliyin, dövlətçiliyin qorunmasında və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb: “Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmin olunması, ictimai qaydanın və təhlükəsizliyin etibarlı qorunması kimi çətin, məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib”.

O deyib ki, 2004-2015-ci illərdə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən 9 sərəncam, habelə 2003-cü ildən etibarən Daxili İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı yüzlərlə qanunvericilik aktı imzalanıb, yüzlərlə polis əməkdaşı dövlət mükafatlarına layiq görülüb.

Akademiyanı fərqlənmə ilə bitirmiş polis baş leytenantı Yusif
Hüseynov
müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə Nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür edib, göstərilən yüksək etimadı doğruldacaqlarını bildirib.
Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş iki məzuna – Cavid MirzəliyəYusif Hüseynova diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim edib.
Əlaçı məzun Şahin Qasımov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər «Azərbaycan Polisi» marşını ifa ediblər. Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Təntənəli mərasim başa çatdıqdan sonra Polis Akademiyasının müdavimləri üçün 400 yerlik yataqxana binasının aşılışı olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov yeni obyektin rəmzi açılışını bildirən qırmızı lenti kəsiblər.
Qeyd olunub ki, inşasına 2013-cü ildə başlanılmış, ən müasir standartlara uyğun tikilmiş, ümumi sahəsi 9600 kvadratmetr olan 6 mərtəbəli və ikibloklu yataqxana binasında 150 otaq, o cümlədən 133 yataq otağı, 3 oxu zalı, 6 məişət otağı və digər yardımçı sahələr var. Bina bütün zəruri mərkəzləşdirilmiş mühəndis kommunikasiya qurğuları, o cümlədən su, istilik, kondisioner və havalandırma, elektrik, rabitə sistemləri ilə təchiz edilib. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işiqlandırma işləri yerinə yetirilib.
Yataqxana ilə yaxından tanış olan nazir Ramil Usubov yataqxana binasının ən müasir tələblər səviyyəsində tikilməsindən və burada müdavimlərin normal yaşayıb fəaliyyət göstərmələri üçün yaradılmış şəraitdən razılığını bildirib, Akademiyanın rəhbərliyinə bu yöndə konkret tapşırıq və tövsiyələrini verib.