XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 04:03

“Ərdoğandan xoşu gəlib-gəlməmək hər kəsin öz işidir, ancaq…” –Fazil Mustafadan Türkiyədəki hadisələrə sərt reaksiya

fazil-esas

"Adətən, Türkiyədəki bu cür çevrilişlərdən öncə müəyyən hazırlıq prosesləri aparılırdı. Öncə küçələrdə fərqli ideoloji qrupların bir-birinə qarşı bir neçə ay davam edən silahlı münaqişəsi baş verirdi, yaxud ana müxalifət partiyasının gizli dəstəyi alınırdı və ya Misirdə olduğu kimi, hakimiyyətə qarşı olan qüvvə meydana nümayişlə çıxaraq istefa tələbi qoyur və ordu bu tələbi bəhanə edərək hakimiyyəti ələ keçirir. Ancaq Türkiyədəki indiki durum fərqlidir".

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyədə dövlət çevrilişinə cəhd edən ordu birləşməsinin hərəkətlərinə münasibətini açıqlayan deputat Fazil Mustafa deyib.

Fazil Mustafa bildirib ki, hakimiyyyətin ciddi sosial bazası və 15 illik iqtidar imkanlarından qazanılmış maddi resursları var:

"Digər tərəfdən, ordunun hakimiyyətə gəlməsini zəruri edən sosial sifariş də müşahidə olunmur. Fikrimcə, bu, məlum xarici ölkədən yönləndirilən, ancaq perspektivsiz, sadəcə Ərdoğanı silkələyəcək bir xəbərdarlıq aksiyasıdır. Çünki TRT 1-dən mücərrəd "Yurdda Sülh Konseyi" adından açıqlama verilməsi ilə əsgəri axıra qədər bu işi davam etməyə yönləndirmək mümkün deyil.

Üstəlik, hakimiyyətin ciddi media dəstəyi mövcuddur. Əgər işin başında bilavasitə Genelkurmay Başqanı dursaydı və ya hansısa xarizmatik bir general prosesləri idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq ehtimalı yarana bilərdi. Məchul bir mənbədən alınan əmrin məsuliyyəti altına ağlı başında olan kimsənin girməsi çətin işdir".

Deputatın sözlərinə görə, Türkiyənin heç bir vəchlə hərbi çevriliş yaşamamasını arzulayır:

"Ərdoğandan xoşu gəlib-gəlməmək hər kəsin öz işidir, ancaq Türkiyənin qanuni yolla seçilmiş prezidentini və hökumətini devirmək bu ölkəni yenə də 30-40 il geri salmaq deməkdir. Ona görə də hərbi çevrilişə simpatiya duyanları heç cür anlaya bilmirəm. Bunun adı nə Atatürkçülükdür, nə də Türkiyə sevgisidir. Bunun adı Türkiyənin bu həssas dönəmdə zəifləməsini arzulamaqdır!".

Strateq.az