XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2015 - 11:13

Ermənistanda aksiyaçıların həbsi başladı – Əraziyə xüsusi təyinatlılar yeridildi

Ermənistanda etirazlar başlayandan bu yana, nümayişçilər cəmi bir dəfə – iyunun 23-də həbs olunmuşdu. Həmin gün 250-yə yaxın aksiyaçı polis tərəfindən saxlanılmış, çox keçmədən də azad edilmişdi. Sonradan polis bəyan etmişdi ki, asayişin pozulmayacağı təqdirdə aksiyalar dağıdılmayacaq, heç kim həbs olunmayacaq. üstəlik, bir neçə gün əvvəl iyunun 23-də nümayişçilərə güc tətbiq edən polislərlə bağlı cinayət işinin başladıldığı da açıqlanmışdı. Lakin bu gün Ermənistan paytaxtında etirazçılara qarşı növbəti həbs dalğası başlayıb.

Strateq.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bir neçə aksiyaçı polisə müqavimətə görə saxlanılaraq polis bölməsinə aparılıb.

Polisdən bildiriblər ki, aksiyaçılar hökumət binaları və Prezident Administrasiyasının yerləşdiyi «Baqramyan» prospektində nəqliyyatın hərəkətini iflic vəziyyətə salıblar. Fəalların həbsindən sonra yerdə qalan aksiyaçılar xüsusi təyinatlı polis dəstələri tərəfindən ərazidən çıxarılıb və prospektdə nəqliyyatın hərəkəti bərpa edilib.

Nümayişçilər polisdən bu gün saat 21-dək vaxt istəyiblər. Fəallardan David Sanasaryan bildirib ki, polis vəziyyəti süni şəkildə gərginləşdirir və təxribat yaradır: «İndi sayımız azdır. Bizə axşam saat 9-a qədər vaxt verinlər ki, yığışıb qərar verək. Əks halda, baş verəcəklərə görə məsuliyyəti polis daşıyacaq. Biz heç yerə getməyəcəyik».

Xatırladaq ki, Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının 17 iyun tarixli qərarına əsasən, elektrik enerjisi tarifləri təxminən 16 faiz artırılıb. Avqustun 1-dən Ermənistan istehlakçıları istifadə edilən elektrik enerjisi üçün əvvəlkindən daha çox pul ödəməli olacaqlar. «Talana yox!» Təşəbüs Qrupu iyunun 19-dan buna etiraz olaraq aksiyalar keçirir.

Dünən aksiyaların «Bir addım irəli!» adı altında davam etdirilməsinə qərar verilib. Nümayişçilər prezident Sarkisyana bu gün saat 21.00-dək vaxt veriblər. Həmin vaxta qədər ölkə rəhbərliyi onların heç olmasa bir tələbini yerinə yetirməlidilər. Əks halda, nümayişçilər zibil qutularından barrikada düzəldəcək və prezident iqamətgahına doğru irəliləyəcəklər. Etirazçıların 3 əsas tələbi var: birincisi, hökumət elektrik enerjisi tarifinin bahalaşdırılması barədə qərarı ləğv etməlidir; ikincisi, tariflər bundan sonra yalnız ucuzlaşmağa doğru dəyişməlidir və nəhayət, iyunun 23-də aksiyaçılara və jurnalistlərə zorakılıq tətbiq edən polislər cəzalandırılmalıdır.

Strateq.az