XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 09:12

Gürcüstan “boz kardinalı”nın“Açıq məktubu” və seçki gizlinləri – Təhlil

Saakashvili-Ivanashvili

Gürcüstanın keçmiş baş naziri, hakim koalisiyanın qurucusu  Bidzina İvanişvili keçmiş prezident Mixael Saakaşvilinin tərəfdarlarının hakimiyyətə gəlməsinin qarşısını almaq üçün bütün sərvətini xərcləməyə hazır olduğunu bildirib. Qeyd edək ki, “Forbes” jurnalı onun sərvətini 5.2 mlrd. dollar qiymətləndirib.

Bidzina İvanişvili: “Əsas təhlükə Saakaşvilidir”

B. İvanişvili 8 oktyabra təyin olunmuş parlament seçkilərinə 2 ay qalmış KİV-də dərc olunan “Açıq məktub”unda  bu barədə bilidirib. “Açıq məktub”unda  keçmiş baş nazir ölkədəki siyasi vəziyyətin inkişafı perspektivi və seçkiqabağı kampaniya barədə öz fikirlərini bölüşüb. B. İvanişvili ölkə üçün əsas təhlükə kimi, keçmiş prezident, hazırda Ukraynada, Odessa vilayətində qubernator postunu tutan M.Saakaşvilini görürür.

B.İvanişvili qeyd edib ki, Saakaşvilinin tərəfdarlarının hakimiyyətə gəlməsinin qarşısını almaq üçün bütün sərvətini xərcləməyə hazırdır: “Mən bütün resurslarımı istifadə etməyə hazıram  ki, onlar zamanı geriyə qaytara bilməsinlər və ölkəni özlərinin sadist eksperimentəri üçün laboratoriyaya çevirməsinlər”.

Saakaşvili və müxalif  Vahid Milli Hərəkat Pratiyasına yaxın KİV-i nəzərdə tutan milyarder deyib ki, “yalan maşını” onun özü və ölkə haqqında böhtanlar yaymaqla məşğuldur: “Mən Saakaşvili komandasını çox qıcıqlandırıram. Çünki onlar  hakimiyyətə qayıtmaları üçün əsas maneə kimi məni görürlər. Mən onların məğlub olması üçün hər şet etmişəm. Yenə də, hər şeyi etməyə hazıram”.

Keçmiş baş nazir bir daha bəyan edib ki, hakimiyyət uğurunda mübarizə aparmaq niyyətində deyil və heç bir vəzifə tutmağa hazırlaşmır.

Qeyd edək ki, 2012-ci il seçkilərində milyarder Bidzina İvanişvilinin liderliyi ilə formalaşan"Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının başçılıq etdiyi koalisiya Saakaşvilinin 9 illik hakimiyyətinə son qoyaraq iqtidarın dəyişməsinə nail oldu. Bidzina İvanişvili Gürcüstanın baş naziri seçildi. Bir  il bu vəzifəni tutduqdan sonra 20 noyabr 2013-cü ildə istefa verdi. Gürcüstan müxalifəti onu, Baş nazir postundan istefa verməsinə baxmayaraq, faktiki olaraq, ölkəni qeyri-rəsmi idarə etməkdə suçlayır.

2012-ci il seçkilərində də milyarder öz sərvətini ölkənin inkişafı üçün xərcləyəcini bəyan etmişdi. Milyarder öz vəsaitləri də daxil olmaqla Gürcüstanın inkişafı üçün böyük investisiya fondu yaradacağını vəd etmişdi. Eyni zamanda, İvanişvili öz vəsaitlərindən ölkənin inkişafı üçün istifadə edəcəyini də dönə-dönə vurğulamışdı. Amma cəmi 1 il Baş nazir postunu tutan İvanişvili kənara çəkilməyi və "kölgədəki güc" olmağı – qeyr-rəsmi idarəetməni üstün saydı. Odur ki, müxaliflər onu məsuliyyətdən boyun qaçırmaqda ittiham edirlər.

İndiki və baş nazir də keçmişdə B. İvanişvilinin biznesini idarə edən top-mencerlerdən biri olub.

 

“Boz kardinal” ikinci qələbəyə imza atacaqmı?

 

İvanişvili bu dəfə yenə də əsasən Vahid Milli Hərəkat Partiyası ilə mübarizə aparmalı olacaq. ABŞ Milli Demokratiya İnstitunun ötən il mart ayında keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, “Gürcü arzusu”na etimad 48%-dən 24%-ə düşüb. Saakaşvili tərəfdarlarına dəstək isə 12%-dən 14%-ə yüksəlib. Bu sorğu keçirilən zaman repondentlərin 61%-i kimə səs verəcəklərini müəyyənləşdirmədiklərini açıqlamışdılar. Sorğunun nəticələri üzə çıxarmışdı ki, respondentlərin 44%-nin rəğbətini qazanan Vahid Milli Hərəkat Partiyasının deputatı David Bakradze populyarlığına görə ölkə siyasətçiləri arasında 3-cü yeri tutur.

Təhlilçilər qeyd edirlər ki, ölkədə müşahidə olunan çətinliklər və İvanişvili komandasının öz vədlərinə əməl etməməsi Vahid Milli Hərəkat Partiyasının şanslarını artırıb. Bununla belə, hələ də 12 il əvvəlki populyarlıqdan söhbət gedə bilməz. Vahid Milli Hərəkat Partiyasının mövqelərini möhkəmləndirməsində xarici dəstək, xüsusilə ABŞ-ın yardımı böyük rol oynaya bilər.

Gürcüstanada seçki yarışması bu aydan etibarən həlledici mərhələyə qədəm qoyur. Ölkədə iqtisadi vəziyyətin ağırlaşması,  bahalaşma İvanişvili tərəfdarları üçün ciddi problemlər yaradır və getdikcə daha çox insan Saakaşvili hakimiyyətini nostalgiya ilə xatırlamağa başlayıb. Digər tərəfdən seçki müstəvisində Rusiya-Qərb rəqabəti açıq hiss olunur. Ruslar özlərini açıq göstərməməyə çalışırlar, ABŞ fondları və təşkilatları isə əksində nümayişkarənə surətdə Saakaşvili tərəfdarlarına dəstək verirlər.

Bu vaxta qədər Gürcüstanın “boz kardinalı” seçki proseslərinə açıq müdaxilə etməkdən çəkinirdi. İndi isə elə məqam yetişib ki, keçmiş baş nazir bir daha qəti mövqeyini ortaya qoymağı vacib bilib.

Müşahidələr göstərir ki,  8 oktyabra qədər fövqəladə hadisələr baş verməsə İvanişvili tərəfdarları qələbə əldə edəcəklər. Amma onların parlamentdə mütləq çoxluğa nail olub-olmayacağı isə hələ ki, sual altındadır.

 

Payızda “cücələri kim sayacaq?”

 

Gürcüstandakı seçkilər eyni zamanda ABŞ-Rusiya rəqabətinin vacib komponenti kimi də nəzərdən keçirilməlidir. Vaşinqton üçün payızda maksimum tapşırıq Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə qayıtması, minumum vəzifə isə qərbmeyilli qüvvələrin parlamentdə elə təmsilçiliyinə nail olunmasıdır ki, qərarlara təsir etmək, indiki mövqeləri qoruyub saxlamaq mümkün olsun. 

Sirr deyil ki, Gürcüstanla yaxşı münasibətlər ABŞ üçün Qara dəniz regionunda, Cənub Qafqaz bölgəsində möhkəmlənməyin əsas şərtlərindən biridir.  Gürcüstan Xəzər hövzəsindən Qərbə doğru  enerji, nəqliyyat dəhlizlərinin açıq qalmasında strateji əhəmiyyətə malikdir. Bu isə Avropaya Rusiyanın təzyiqlərini qismən də olsa azaltmağa yardım edir, alternativ enerji mənbələrinə çıxışa, nəqliyyat layihələrinin genişlənməsinə imkan yaradır. Bu baxımdan Gürcüstanda payız seçkilərinin nəticələri bütün region üçün çox mühümdür.  

Zaur İBRAHİMLİ

Strateq.az