XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 21:01

Nazarbayevlə Ərdoğanın “Gülən məktəbləri” müzakirəsi:"FETÖ-ylə əlaqələri təsdiqlənərsə, geri göndərəcəyik"

nursultan

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla qazax həmkarı Nursultan Nazarbayevin bugünkü görüşündə müzakirə edilən əsas məsələlərdən biri də Qazaxıstandakı Gülən məktəbləri olub.

Strateq.az-ın bildirdiyinə görə, Türkiyə prezidentinin Gülən məktəblərini bağlamaq tələbinə Nazarbayev də müsbət cavab verməyib.

Görüşdən sonra keçirilən mətbuat konfransında liderlərin dilə gətirdikləri fikirlər də bu ehtimal qüvvətləndirir. Belə ki, Ərdoğan mövzuyla əlaqədar danışarkən, Türkiyənin Gülən camaatından çəkdiyini digər türk respublikalarının da yaşamamasını arzuladıqlarını və “xəyanətkar FETÖ-çü”lərə qarşı həm ölkə daxilində, həm də xaricdə qətiyyətli mübarizə aparacaqlarını bildirib. O, daha sonra Nazarbayevlə də bu məsələni müzakirə etdiklərini vurğulayıb. 

Ərdoğanın bildirdiyinə görə, hal-hazırda Qazaxıstanda 33 Gülən məktəbi fəaliyyətdədir və onların siyahısını öz həmkarına verib. O, Qazaxıstan hakimiyyətinin bu istiqamətdə lazımi tədbirlər görəcəyinə əminliyini ifadə edərək deyib: “Maarif Fondu və Qazaxıstan Milli Təhsil Nazirliyinin müştərək faəliyyətilə, inşallah, bu iş müsbət nəticələnəcək”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mətbuat konfransında dilə gətirdikləri isə Ərdoğanın əminliyi üçün heç bir əsas vermir. Nədən ki, o, öz çıxışında Qazaxıstandakı Gülən məktəblərinin Fəthullah Gülənlə heç bir əlaqəsinin olmadığını ehyam vuraraq bildirib:

Qazaxıstandakı məktəblərin hamısı dövlət nəzarətindədir. Bu məktəblərdə 4 dildə təhsil verilir. Müəllimlərin 90%-i Qazaxıstan vətəndaşlarıdır. Maliyyəsini də Qazaxıstan hakimiyyəti təmin edir”.

Bəs, o zaman Türkiyə prezidentinin dediyi kimi, Gülən məktəbləri məsələsində Nazarbayevlə hansı razılığa gəliblər?

Nursultan Nazarbayev ağılları qurcalayan bu suala da cavab verib: “Biz razılaşdıq ki, iki tərəfin təhsil nazirlikləri bir işçi qrup meydana gətirəcəklər. Həqiqətən də, bu məktəblərin türkiyəli müəllimlərinin FETÖ-ylə əlaqələri təsdiq olunarsa, onları geri göndərəcəyik və Türkiyədən başqa müəllimlər istəyəcəyik”.

Uzun sözün qısası, Nursultan Nazarbayevin sözündən belə çıxır ki, onlar Gülən məktəblərini bağlamayacaqlar. Sadəcə, müəllim heyətinin 10%-nin arasında FETÖ-cü araşdırmaları aparacaqlar. İçərisində Gülənin müridlərinə rast gələrlərsə, onları bir başqa türkiyəli ilə dəyişdirəcəklər.

Heydər Oğuz

Strateq.az