Cəmil Həsənli Elçibəy və Əli Kərimlinin liderliyindən yazdı
Milli Şura sədri, professor Cəmil Həsənli özünün facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 26 illik fəaliyyətindən yazıb. Strateq.az Cəmil Həsənlinin həmin yazısını təqdim edir:
…İyulun 16-sı Azərbaycan Xalq Cəbhəsinin yaranış günüdür. 1989-cu ilin isti bir yay günündə rəsmiləşən cəbhəçilik öz yaranışı ilə Azərbaycanın ictimai və siyasi həyatına milli bir hərarət gətirdi. Sovetlərin dərinləşən böhranı fonunda Xalq Cəbhəsinin milli iradənin təmsilçisi kimi tarix səhnəsinə çıxaması, xalqın meydanlara sığmayan etiraz hərəkatına rəhbərlik etməsi 1920-ci ildə itirilmiş müstəqilliyin bərpası ilə nəticələndi. İstiqlal ideyası yenidən fikirlərə hakim kəsildi. Hələ 1918-ci ildə qaldırılmış istiqlal bayrağına nəzərən üzeyir bəy Hacıbyli bir vaxtlar yazmışdı ki, bu istiqlala qovuşmaq üçün xalqımız dəryalarca qan vermişdir.
ötən əsrin sonunda da həmin istiqlal amallarının bərpasına gedən yol 20 yanvar qanlı qırğınından keçdi. Həmin dramatik günlərdə xalqın öz içindən çıxmış, onun mübarizə əzmindən yaranmış Xalq Cəbhəsi tarixin və zamanın imtahanından uğurla çıxdı, millətimizi əzəli və əbədi arzusu olan istiqlal ideyasına, müstəqillik amallarına qovuşdurdu.
26 ilin zaman məsafəsindən baxanda həmin hadisələrin ictimai-siyasi məzmunu, Xalq Cəbhəsinin bu prosesdə əzəmətli rolu milli mübarizə tariximizin şanlı və şərəfli səhifəsidir. Bu şərəfli tarixi prosesin mərkəzi təşkilatı AXC, bu şanlı mübarizə tarixinin mərkəzi fiquru, şəksiz və şəriksiz lideri Əbülfəz Elçibəydir. Məhz onun öncüllüyündə CƏBHƏçİLİK bu gün də cəmiyyətin siyasi nəbzini tənzimləyən ideya istiqamətinə çevrildi.
Mən yaranışından 2005-ci ilin sonlarına qədər bu təşkilatın üzvü olmuşam, onun rəhbər yönətimində təmsil olunmuşam. Həyatımın ən yaxşı illəri bu təşkilatda keçib, milli, mənəvi və siyasi biqrafiyamda cəbhənin xüsusi yeri var. Bu millətin keçmiş tarixi və gələcək taleyi ilə bağlı Əbülfəz bəylə apardığımız uzun-uzadı müzakirələr, təpədən dırnağa qədər milli işə könül vermiş mübariz insanlarla bir cərgədə olmaq həmin illəri mənim üçün unudulmaz bir həyat hekayəsinə çevirmişdir. Bu gün də Milli Şura olaraq Xalq Cəbhəsi ilə eyni dəyərləri bölüşməkdən qürur hissi keçiririk.
Xalq Cəbhəsinin yaranmasından, onun keçdiyi şərəfli tarixi yoldan çox yazılıb, çox deylib. Millətimizin dirilik missiyasını üzərinə aldığından, varlığını ortaya qoyduğundan bundan sonra da onun haqqında hələ çox şeylər yazılacaq və çox mətləblər deyiləcək. çünki bu təşkilatın ardıcıl və davamlı fəaliyyəti, bitməyən tarixi var.
O tarix Azərbaycan Xalq Cəbhəsi Partiyasının simasında bu gün də davam edir, bü gün də cəbhə və fədakar cəbhəçilər milli mübarizənin önündə, siyasi dirənişin səngərindədir. Mövcud hakimiyyətə qarşı ardıcıl mübarizə əzminə görə Xalq Cəbhəsi çağdaş siyasi şərtlər daxilində heç şübhəsiz ki, milli iradənin ifadəçisi missiyasını yerinə yetirir.
Son illərin repressiyaları, təqib və kütləvi həbsləri, hakimiyyət kluarlarında planlanan çoxsaylı natəmiz projelər onun mübarizə əzmini qıra bilmədi. Niyə? Xalq Cəbhəsinin gücü nədədir?
Əvvəla, bu təşkilatın şəffaf tarixi, siyasi mübarizə ənənəsi, milli-mənəvi dəyərlərə dərindən bağlılığı var. Heç bir siyasi konyuktura, məhdud təşkilati maraq Xalq Cəbhəsini millətimizin köklü maraqlarından sapındıra bilmədi. Həm siyasi, həm milli və həm də mənəvi baxımdan bu təşkilat cəbhəçilik ənənələrini qoruyub saxlaya bildi. Təşkilatın üzvü olub-olmamasından asılı olmayaraq, on minlərlə vicdanlı, mövqeli vətəndaşı bu ideyaya bağlayan məhz millətimizin haqqı və hüququ uğrunda Xalq Cəbhəsinin ardıcıl mübarizəsidir.
İkincisi, çağdaşlıq! Dünya ilə ayaqlaşmaq, müsir texnoloji yeniliklərin mənimsənilməsi və onun güc müstəvisinə keçirilmə bacarığıdır. Bu keyfiyyəti hazırda AXCP-ni sağlam dəyərlər zəminində kütləvi gənclər təşkilatına çevirmişdir. Partiyanının gənclər təşkilatı çevikdir, yeni biliklərlə zənginləşməyə, innovasiya texnologiyalarının gətirdiyi yeniliklərdən faydalanmağa meyllidir. Məhz bu kefiyyət Xalq Cəbhəsini aktiv siyasi həyatda və sosial məkanda önə çıxarmışdır.
üçüncüsi, liderlik! Bu hər bir siyasi partiya üçün son dərəcə vacib olan bir məsələdir. Bu baxımdan Əbülfəz bəy kimi millətimiz qarşısında böyük mənəvi yükü və milli çəkisi olan bir adamdan liderliyi qəbul edən Əli Kərimli nəinki çəbhəçilərin ümidlərini doğrultdu, sözün tam mənasında çağdaş siyasi mübarizənin mərkəzi fiquruna çevrildi. Bir vaxtlar Bakı Universitetində aldığı mükəmməl hüquq təhsili, siyasi mübarizədə möhkəmlənmiş iradəsi, yüksək intellektual potensialı, ardıcıl qələm təcrübəsi və daim qabağa getmək əzmi onun liderlik keyfiyyətlərini sözün tam mənasında cilaladı. Cəbhə liderini hakimiyyətin hədəfinə çevirən də məhz bu keyfiyyətərdir.
Artıq dövr dəyişir. İndi hakimiyyət xalqın hədəfinə çevrilir, bu kövrək keçid məqamında söz millətin haqqı və hüququna hədəflənənlərindir.