XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2015 - 14:17

Azərbaycanın neft istehsalı tamamilə dayana bilər

Ey zavallı millət!
Səhv etmirəmsə, İranla “altılıq”ların razılığa gəlməsini eşidib “neftin qiyməti düşəcək” deyə qarın ağrısına düşübsən. Bəs, ondan da xəbəriniz varmı ki, İran neftinin tam gücüylə dünya bazarına axışı təmin olunsa, Azərbaycan neft ixracatçısı kimi tamamilə əhəmiyyətini tamamilə itirə bilər. Bu qədər zəhmətə, Azərbaycan liderlərinin nazını çəkməyə dəyməyəcəyini düşünən partnyorlarımızın bizdən, ümumiyyətlə, neft almamaq ehtimalı belə var.
Lütfən, bu sözləri eşidincə, “şair yenə bəd ağzını açdı” deyib, bəndəni qınama. Nədən ki, bu iddianın sahibi mən deyiləm. Dünyanın bir sıra neft strateqləri belə deyir. Məsələn, onlardan biri Türkiyəli strateq Əhməd Mergendir. Mütəxəssis bir neçə müddət əvvəl qələmə aldığı “Neft qiymətləri nədən düşür” adlı məqaləsində eynilə belə deyir: “Son ucuzlaşmanın bir barel nefti 60-65 dollardan hesablayıb planlar quran neft istehsalçılarına (bizimkilər 90%-dan hesablamışdı-Heydər Oğuz) mənfi təsir göstərəcəyini demək nə qədər tez olsa da, bəzi istehsalçıların, ümumiyyətlə, dövriyyədən çıxacağı təxmin olunur.
Düzdür, Əhməd Mergen əfəndi konkret ad çəkmir. Amma İran neftinin üzərindəki sanksiyaların götürüləcəyi təqdirdə bəzi kiçik həcmdə neft çıxarılan quyuların işlədilməyəcəyini, hətta onun istehsalçıyla biznes əlaqələrinin kəsiləcəyini bildirir.
Azərbaycan da əslində onun ifadə etdiyi bu kriteriyalara tam mənasıyla cavab verir. üstəlik, bizim başqa problemlərimiz də var. Problemlərdən biri Rusiya-ABŞ münasibətlərinin gərginləşməsiylə şimal qonşumuzun mənsub olduğumuz regionada aktivləşməsi, əski imperiya əraziləri və bu ərazilərdə yaşayan xalqları öz yanında görmək istəməsiylə bağlıdır. Son zamanlar rəsmi Moskvanın bir sıra addımları, SSRİ-yə aid olan subyektlərin müstəqillik qərarlarını şübhə altına alan davranışları bunun ən bariz sübutudur.
Onun yanında görmək istədiyi əsas subyektlərdən biri də Azərbaycandır. Təsadüfi deyil ki, Putin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağa bizi də vadar etdi və Azərbaycan siyasi iradəsi bununla razılaşmalı oldu. Halbuki “Şanxay İttifaq”ı nə iqtisadi, nə də siyasi cəhətdən Azərbaycana heç nə vermirdi. Sırf çinin və Rusiyanın dövlət maraqları üzərində qurulan bu birliyin ortaya qoyduğu iqtisadi əməkdaşlıq layihəsi Xəzər neft ehtiyatının Uzaq Şərq bazarına açılması idisə, ölkəmizin buna ehtiyacı yox idi.
Azərbaycan öz neftini Avopa ölkələrinə satır və bu məqsədlə çəkilən neft kəmərini belə tam dolduracaq gücdə deyil. Başqa sözlə, onsuz da bizim həm qlobal neft bazarında müştərimiz, həm də bu müştərinin bizi boğaza qədər görəcək ehtiyacı var idi. Kəmərimiz də çoxdan çəkilmiş, neftimizsə həzin-həzin öz məcrasıyla axırdı. çin, Hindistan bazarında da qətiyyən gözümüz yox idi. Hətta yalvarsalar belə, onlara dərmanlıq üçün beş damla neft satacaq potensialımızdan da söhbət gedə bilməzdi.
Hər şeyin bu qədər yerli-yerində olduğu bir zamanda Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyümüz və ardınca ən yüksək ağızdan Avropa ölkələrini sərt şəkildə tənqid etməyimiz heç bir şəkildə başa düşülən deyildi. Prezident İlham Əliyevin “Qərb anlamalıdır ki, bizim onlara yox, onların bizə ehtiyacı var, lazım gələrsə, oryentasiyamızı dəyişərik” mənasına gələn çıxışıyla üzümüzü Qərbdən ayırıb Şərqə tuta biləcəyimizin siqnalını verməsi də təsadüfən ortaya çıxmadığı kimi, Azərbaycanın da iqtisadi maraqlarıyla uzlaşmırdı. Sözsüz ki, bunu siyasi iradə sahibləri bu yazı müəllifindən daha yaxşı anlayır, görürdü. Bütün bunlara rəqmən, ölkə başçısının dilindən belə fikirlərin səslənməsi hər kəs üçün təəccüblü oldu.
Bir sıra təhlilçilər Azərbaycan yetkililərinin bu gözlənilməz manevrini Qərbin təzyiqləriylə əsaslandırmağa çalışırlar. Onların fikrincə, təzyiqdən zinhara gələn rəsmi Bakı üzünü Şərqə tutaraq Avropanın basqılarından yayınmaq istəyir. Nə deyək, bəlkə də belədir. Amma bizim fikrimizcə isə, məsələnin daha dərin qatları var. Zira, Azərbaycan bu zamana qədər olduğu kimi yenə də həmin tələbləri yerinə yetirib öz varlığını sürdürə bilərdi. Di gəl ki, bunu etmədi.
O da mümkündür ki, rəsmi Bakının ənənəvi siyasətini tamamilə yeni üslubla əvəz etməsi Rusiyanın təzyiqlərindən irəli gəlirdi. Yəni, Azərbaycan istəmədən öz ənənəvi kursundan ayrılmaq məcburiyyətində qalmışdı. Əks təqdirdə onun məhsulunu çıxartdığı hazır bazarı qoyub yeni bazarlar axtaracağına dair verdiyi bəyanatların başqa bir məntiqli izahatı yoxdur.
Mətbuatın yazdığına inansaq, Rusiya hərbi birləşmələrinin Gürcüstan ərazisindən keçən neft kəmərimizin 50 metrliyinə qədər yaxınlaşması faktı da Moskvanın bizi öz ənənəvi biznes tərəfdaşlarımızdan ayırmağı arzulaması ehtimalını qüvvətləndirir. Görünən budur ki, həmin kəmərlərin təhlükə riski artırılaraq bizim qərbli tərəfdaşlarımızla ayrılmağımız istənilir. Böyük ehtimalla, bunda məqsəd bütün hər tərəfdən əli üzülən Azərbaycanı Rusiyadan asılı vəziyyətə salmaqdır.
Səbəb nə olursa olsun, bu siyasət, sözsüz ki, “qara qızılımızı” Qərbə daşıyan kəmər ətrafında təhlükə riskini artırır və bizim neft istehsalçısı kimi əhəmiyyətimizi azaldır.
Əhəmiyyətimizi azaldan digər bir xüsus Azərbaycan neftindən hazırda Qərb şirkətlərinin faktiki olaraq pul qazana bilməməsidir. Bağlanan 30 illik müqavilələrə görə, Qərb ilk 15 il ərzində neft gəlirlərinin 75%-ni götürəcək, digər 15 ildə isə 75% qazanmaq hüququ Azərbaycana keçəcəkdi. Artıq 2 ildir ki, neft yataqlarından ən çox biz qazanırıq. Qərb şirkətlərinin əldə etdiyi 25%-lik gəlir isə istehsal prosesinə gedir. Neftin qiymətinin aşağı düşməsiylə Qərb şirkətlərinin onsuz da azalan gəlirləri tamamilə əhəmiyyətsiz hala gəlir. Hətta elə vəziyyət yarana bilər ki, onlar işçilərinə maaşı öz ciblərindən ödəyə bilərlər. Belə bir durumla qarşılaşan beynəlxalq neft şirkətləri əslində çoxdan Azərbaycanı tərk etmək istəyərdilər. 2013-cü ildə istehsalın azalması da onların bu işə həvəssiz yanaşmalarından xəbər verirdi. Sadəcə, beynəlxalq məhkəmələrə çəkilmək təhlükəsinə görə indiyə qədər susub işləyirlər. özlərindən asılı olmayan istənilən hadisə onlar üçün əsl bəhanəyə çevrilə bilər. Bölgədə yaranan yeni status-kvo onlara bu bəhanəni verir də.

Azərbaycanın üz tutacağı yeni dünyada, yəni Şanxay Əməkdaşlıq Təşkilatı xəttiylə Uzaq Şərqdə təzə partnyorlar tapmaq ehtimalı isə düşündüyümüz kimi asan deyil. ölkəmiz bu “yeni dünyada” Qazaxıstan və Rusiyayla bağlanan neft kontraktlarının zəif həlqəsi kimi rolunu oynaya bilər. üstəlik, bu ehtimalın reallaşacağı təqdirdə belə, tranzit ölkə olmaq özəlliyimizi itirəcək, xaricə göndərdiyimiz neft gəlirlərindən müəyyən qədər vəsaiti tranzit ölkələrə ödəməli olacağıq. Buna isə heç bir xarici şirkət razı olmaz, şələ-şüləsini yığışdırıb yeni neft quyuları axtarmağa gedər.

Bütün bu acı reallıqlar İran neftinin dünya bazarına çıxarılmasıyla əhəmiyyətini itirən neft istehsalçılarından birinin də Azərbaycan olacağı ehtimalından xəbər verir.

H
eydər Oğuz
Strateq.az