XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

17 İyul 2015 - 08:25

Direktor “Azərbaycan tarixi” məsələsinə aydınlıq gətirdi: “Məlumat məqsədli yayılıb, heç bir əsası yoxdur”

Qulu Novruzov.jpg

Son günlər ölkə mediasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən ümumtəhsil məktəblərinin tədris planından “Azərbaycan tarixi” fənninin çıxarılacağı barədə informasiyalar yayılır, bu mövzuda ekspertlərin müxtəlif tənqidi rəy və baxışlarına geniş yer verilir.

Ancaq Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun Strateq.az-a açıqlamasından məlum olub ki, İnstitutla dəqiqləşdirilmədən, aydınlaşdırılmadan yayılan bu məlumatlar tamamilə yalan xəbəriymiş: “Xalqımızın tarixini, keçmişini və bu gününü öyrənmək, onun maddi-mənəvi, mədəniyyət abidələri barədə biliklərə yiyələnmək hər bir Azərbaycan vətəndaşının borcudur. Hər kəs bu vətəndaşlıq məktəbini keçməlidir. Bunun üçün birinci növbədə Azərbaycanın tarixini dərindən öyrənmək vacib hesab edilir. Təhsil Problemləri İnstitutu bütün fənlərə, xüsusi olaraq “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan dili” fənlərinə bu mövqedən yanaşır, onların tədris planında xüsusi yer tutmasını dəstəkləyir”.

Qulu Novruzov rəhbəri olduğu İnstitutun orta məktəbdə “Azərbaycan tarixi” fənni ilə bağlı mövqeyini də açıqlayıb: “Bizim baxışımız belədir ki, “Azərbaycan tarixi” varlığımızı övladlarımıza bir xalq olaraq öyrədə bilən, qürur hissi formalaşdıran fənn kimi tədris olunsun. Şagirdlərin sivilizasiyaların inkişafı ilə bağlı tarixi düşüncə tərzi, ilk növbədə, məhz “Azərbaycan tarixi” fənni əsasında formalaşsın. Təbii ki, ümumi təhsilin yeni məzmununun formalaşmasında bu, bizi düşündürməli, “Azərbaycan tarixi”nin ümumtəhsil məktəblərində daha səmərəli və effektiv öyrədilməsi ilə bağlı nəticələrə gətirib çıxarmalıdır”.

Qulu Novruzov Təhsil Problemi İnstitutunun konstruktiv təkliflərə, mütəxəssislərin rəy və tövsiyələrinə açıq olduğunu da vurğulayıb: “Faydalı təkliflər vermək, təşəbbüslər göstərmək əvəzinə, əsası olmayan şayələrin yayılmasından və müəyyən dedi-qodu sahiblərinin bu fikirləri yaymasından ancaq təəssüflənirik. Yaxşı olardı ki, onlar bu müqəddəs missiyanın həyata keçirilməsi üçün məktəbdə “Azərbaycan tarixi”nin vətəndaş təfəkkürünün formalaşdırılması baxımından tədris keyfiyyətinin yaxşılaşdırılması üçün konstruktiv təkliflərini versinlər”.

Qulu Novruzov medianı da bu məsələdə ayıq davranmağa və yoxlanılmamış, dəqiqiləşdirilməmiş məlumatı yaymamağa çağırıb: “Təhsil Problemləri İnstitutu mətbuat üçün qapalı qurum deyil ki? Bizi narahat edir ki, heç bir əsası olmayan bu informasiyalar Təhsil Problemləri İnstitutu ilə əlaqə saxlamadan, məsələnin mahiyyətini araşdırmadan və dəqiqləşdirmədən məqsədli şəkildə yayılır”.

Xatrladaq ki, bir neçə gün əvvəl ilkin olaraq AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutu, Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələnin müzakirə olunması barədə bəyanatla çıxış edib.

Strateq.az