"İnanmıram ki, hansısa məsələdə ABŞ liderliyi Rusiyaya versin".
Bunu Rusiya Xarici İşlər Nazirliyin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
Jurnalistin "ABŞ dövlət katibi Con Kerrinin Moskvaya son səfəri zamanı Kremlə Suriya məsələsindən əlini çəkmək müqabilində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında liderlik rolunun verilməsi təklif olunub. Bu nə dərəcədə həqiqətdir?" sualına Rusiya XİN sözçüsü belə cavab verib: "İnanmıram ki, ABŞ hansısa məsələdə liderliyi Rusiyaya verməyə razılıq versin. Belə olsa, bu, əsl irəliləyiş olardı".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
APA