XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 19:30

“Dollar ajiotajı məqsədli şəkildə yaradılıb” –Maliyyəçi Qulu İbrahimlidən sensasion iddialar

Qulu

“Nə keçmiş MTN, nə Beynəlxalq Bank, nə də Rabitə Nazirliyi ilə bağlı həbslərdən dərs çıxarılmadı. Yenə kimlərsə öz işindədir. Dollar ajiotajı məqsədli şəkildə yaradılıb”.

Belə sərt və sensasiyalı iddia ilə Vergilər Nazirliyinin keçmiş əməkdaşı, maliyyəçi Qulu İbrahimli çıxış edib.

“AzPolitika”nın məlumatına görə, Q.İbrahimli “Facebook”-da paylaşdığı yazısında manatın kəskin devalvasiyasının neftin qiyməti ilə az əlaqəsi olduğunu da iddia edib.

Ekspert yazıb: “Manatın devalvasiyasının neftin qiyməti ilə əlaqəsi olmadığına daha bir sübut! Dövlət Neft Fondu (DNF) 2016-cı ilin 2-ci rübündə dövlət büdcəsinə nəzərdə tutulan transfert həddində bazarda satdığı valyutadan əldə etdiyi gəliri dövlət büdcəsinə tam köçürməyib. Nəticədə cari ilin 6 ayında DNF üzrə dövlət büdcəsinin gəlir proqnozu 1,9 milyard manat və ya 51,7% az icra olunub. Bu isə o deməkdir ki, DNF valyuta satışından əldə olunan gəliri özünün Mərkəzi Bankdakı manat hesabında saxlayıb, Dövlət Xəzinədarlığının elə Mərkəzi Bankda olan manat hesabına köçürməyib. Xatırladım ki, həmin vəsaitin istər DNF, istərsə də DXA-nin hesabında olmasının Mərkəzi Bankın analitik balansı və emissiya nöqteyi-nəzərdən elə bir fərqi yoxdur – hökumət qarşısında öhdəliklər komponenti kimi, “Mərkəzi Bankın pulu” qrupu altında eyni statusa malikdirlər.

Sadəcə Maliyyə Nazirliyi böyük məbləğdə büdcə profisiti yaratmamaq üçün həmin vəsaitləri büdcə mədaxilinə salmayıb. Burdan da görünür ki, dövlət büdcəsinin DNF üzrə gəlir proqnozu faktiki icra olunub, kəsir formal xarakter daşıyır. İlk baxışdan görünür ki, inflyasiyanın qarşısını almaq məqsədilə, gəlirlərə aid edilməyib ki, xərclənməsi mümkün olmasın. Amma gələcək aylarda dövlətin xarici borcuna xidmət məqsədilə valyuta alışı üçün nəzərdə də tutula bilər.

Mərkəzi Bankın xalis valyuta aktivlərinin artmadığı halda, Dövlət Neft Fondunun və Dövlət Xəzinədarlığının Mərkəzi Bankdakı manat hesablarındakı vəsaitin həcminin artması, manatın ucuzlaşmasını labüd edir. Mövcud məzənnə siyasətini MB-ın balansının vəziyyətinə görə dəyərləndirmək lazımdır.

Burdan da görünür ki, manatın məzənnəsini qorumaq məqsədilə, Neft Fondunun xaricdəki valyuta aktivlərindən müəyyən hissənin ölkəyə gətirilib satışa çıxarılması təklifinin elmi və təcrübi əsası yoxdur, onun həyata keçməsi manata əlavə təzyiq yaradar. Neft Fondunun dövlət büdcəsində nəzərdə tutulan transfert həcmində satdığı valyutadan əldə etdiyi gəliri heç dövlət büdcəsinə köçürə bilməməsi də bunu sübut edir.

Qeyd edilənlərdən də görünür ki, manatın kəskin ucuzlaşmasının neftin qiymətinin aşağı düşməsi ilə əlaqəsi azdır. Bu gün neft 100 dollar da olsaydı, eyni problemlər olacaqdı. Ölkənin maliyyə-bank sistemində yaranmış böhran vəziyyəti Beynəlxalq Bankın problemli aktivlərini sağlamlaşdırmaq məqsədilə Mərkəzi Bankın ona vəsait ayırması, habelə Dövlət Neft Şirkətinin Neft-Kimya Kompleksi layihəsinə kredit ayırması ilə bilavasitə bağlıdır. Nəticədə Mərkəzi Bankın balans vəziyyəti pisləşmişdir. Həm də bu tədbirlər “Mərkəzi Bank haqqında” qanuna ziddir”.