XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2016 - 21:14

Suriya PKK-çıları Türkiyəyə müharibə elan etdi:Məqsəd Türkiyə-Suriya savaşına nail olmaqdır

pyd

PKK-nın Suriyadakı hərbi qanadı YPG, "Suriya Milli Müqaviməti" adlı yeni bir hərbi birləşmə meydana gətirdiyini açıqlayıb.

Strateq.az xəbər verir ki, bu hərbi birləşmənin Türkiyəyə qarşı vuruşacağı nəzərdə tutulur.

YPG-nin Siyasi büro üzvü olan Əli Mahmudun "Hawar" xəbər agentliyinə verdiyi açıqlamaya görə, "Suriya Milli Müqaviməti" hərbi birləşməsi Türkiyənin "Fərat qalxanı" əməliyyatından sonra formalaşıb: "Türkiyənin Cerablus-Azez arasındakı bölgəni işğalından sonra bu təşkilatı yaratmaq ehtiyacı hiss etdik. Məqsədimiz Suriyanın bütövlüyünü qorumaqdır."

Təşkilatın təsis bəyannaməsində də bütövlük hədəfi ön plana çıxarılıb: "Cerablus-İskəndərun arasındakı Suriya torpaqlarını geri qaytarmaq”.

Ərdoğanın liderliyindəki Türkiyənin Osmanlını diriltmək istədiyini bildirən Mahmud “Türkiyənin Suriyanı işğal etməsi”ni də bu çərçivədə görür, “Ərdoğan və Osmanlı iqtidarına son qoyacaqlarını" düşünür.

YPG tərəfindən qurulan “Suriya Milli Müqaviməti” təşkilatı öz ətrafına ölkənin digər etnik və milli qruplarını da cəlb etmək niyyətindədir. Dolayısıyla məqsəd "Fərat qalxanı" əməliyyatını bəhanə edərək, Türkiyə-Suriya müharibəsinə yol açmaqdır. Bunu təşkilatın ideya rəhbəri Əli Mahmud da gizlətmir: “Hesab edirəm ki, Suriya xalqı tarix boyu işğalçı güclərə qarşı uğurlu müqavimət göstərdiyi kimi bunu da bacara biləcək".

Livanda nəşr olunan “əl-Əxbar” qəzetinə müsahibə verən qurumun digər lideri Rza Hiddo da ABŞ liderliyindəki koalisiya ilə heç bir əlaqələrinin olmadığını, səflərində həm rejim tərəfdarlarını, həm də əleyhdarlarını birləşdirdiklərini bildirib.

"Suriya Milli Müqaviməti"nin hədəfləri yalnız Suriya sərhədlərilə də bitmir. Təşkilatın bəyannaməsində rəsmən Türkiyənin Hatay vilayətinə iddia olunur.

“Suriya Milli Müqaviməti”nin qarşısına qoyduğu məqsədə nə dərəcədə çatıb-çatmayacağı  mübahisə doğura bilər. Mübahisə doğurmayan yeganə məqam isə bu bəyannamə ilə YPG-nin faktiki olaraq, Türkiyəyə müharibə elan etməsidir.

Heydər

Strateq.az