XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2016 - 17:17

Bakıda Milli Şuranın mitinqi keçirilib –FOTOlar (Yenilənib)

mitinq-11

Milli Şuranın Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yaxınlığında) mitinqi başlayıb.  Aksiya saat 17.00-dan 19.00-a qədər keçiriləcək.  

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edir.

İştirakçılar meydana polis yoxlamasından keçərək daxil olurlar. Ətrafda və meydanın girişində polis təhlükəsizlik tədbirləri görür.

***

Mitinqdə çıxışında AXCP sədri Əli Kərimli deyib: “Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur”.

AXCP sədri deyib ki, həbsdəki siyasi məhbuslar həmişə yada salınmalıdır: “Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir. REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir”.

“Hökumət xalqın təbii sərvətlərini taladı. İndi isə beynəlxalq təşkilatların qapısına düşüb borc axtarırlar. Ölkədə çox ciddi böhran yaşanır. Hətta oliqarxlar da bu böhrandan təsirlənib”. Bunu isə mitinqdə çıxışında NİDA Hərəkatının nümayəndəsi Ülvi Həsənli deyib. O hökuməti təcili addımlar atmağa çağırıb: “Ölkədə təcili siyasi-iqtisadi dəyişikliklər edilməlidir. Bütün siyasi məhbuslar dərhal azad edilməlidir. Məhkəmələrin müstəqilliyi təmin olunmalı, azad mediaya. vətəndaş cəmiyyətinə basqılara son qoyulmalıdır. Əks halda durum çox ağır olacaq”.

“Biz övladlarımızı elə tərbiyə etmişik ki, ədalətsizliyiyə əyilməsinlər. Onları həbsə salmaqla, görüşməyə imkan verməməklə daha da mətinləşdirirsiniz”. Bunu mitinqdə çıxış edən AXCP-nin Xətai rayon təşkilatının həbsdə olan fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli deyib. Zəfər Əhmədli çıxışında övladının, eləcə də onlarla müxalifətçinin günahsız yerə, gülünc ittihamlarla həbsdə olduğunu bildirib. O, beynəlxalq aləmi ədalətsizliyə, qanunsuz həbslərə səssiz qalmamağa çağırıb.

“Dözümə son qoyulmalıdır. Dözüm zəncirlərini qırıb atmamız lazımdır. Bütün problemlərin hamısına son deməyi bacarmalıyıq”. Bunu Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli deyib.

G.Hacıbəyli Azərbaycanla Gürcüstan arasında paralellər aparıb: “Qonşu Gürcüstanın nə nefti, qazı, nə də zəngin təbiəti var. Böyük sərvəti var – xalq. Məhz xalqın qəhrəmanlığı ilə Avropanın parçasına çevrilib. Biz isə yeraltı-yerüstü sərvətlərimizlə korrupsiya içində itib-batırıq. Milli iradə qarşısında heç kim dura bilməz. Biz Məmməd Əmin Rəsulzadənin nəvələriyik. Xalq 1918-ci ildəki kimi öz güçümüzü göstərməliyik”.

Milli Şura üzvlərindən Eldəniz Quliyev çıxışında referendumu boykot etməyə çağırıb. O, dəyişikliklərin yaxşı heç nə vəd etmədiyini bildirib.

E.Quliyev ölkədəki problemlərdən danışıb: “Hər bir sahə problemlərlə savaşır. Biz bu problemlərin həll edilməsini istəyirik. Bu problemləri daha da dərinləşdirəcək qanunverici mexanizmləri yaradılmamalıdır. Biz torpaqlarımızın azad edilməsini istəyirik. Ancaq hökumət 25 ildir yalan danışır. Parça-parça olmuş mənəviyyatımızı qorumaq istəyirik. Ancaq hökumət Hacı Tale Bagırov, Hacı Abgül kimi mənəviyyat adamlarını həbsxanaya atıb”.

Milli Şuranın üzvü, sabiq ədliyyə generalı Vidadi Mirkamal çıxışında referenduma çıxarılacaq təkliflərdən danışıb.

O, xüsusilə, mülkiyyət hüququ ilə bağlı dəyişiklik təkliflərinin cəmiyyətin maraqlarına zidd olduğunu, onların xüsusi mülkiyyət hüququnu çox ciddi təhdid etdiyini vurğulayıb: “Bu dəyişiklikləri qəbul etmək olmaz. Bu demokrtatik cəmiyyət üçün tamamilə yolverilməzdir. Mən bütün cəmiyyəti bu dəyişiklıiklərə, referenduma yox deməyə çağırıram”.

mitinq-16-2

mitinq-16-1

mitinq-16-2-3

mitinq-11

mitinq-11-2

mitinq-11-3