XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 20:35

Əli Kərimlidən müsavatçılara sərt cavab:"Şantajla qərar verməyə haqqımız yoxdur!"

kerimli-33

Son günlər xüsusən Müsavat Patiyasınının üzv və təssübkeşləri Milli Şuranın 24 sentyabra mitinq təyin etdiyini, ancaq Müsavatın 18 sentyabr aksiyasından sonra qəsdən təxirə saldığını idda edərək, bu məsələdə AXCP sədri Əli Kərimlini ittiham etməyə başlayıblar.

Müsavatçılar iddia edirlər ki, Arif Hacılı 18 sentyabr mitinqində tərəfdarlarını Milli Şuranın 24 sentyabr aksiyasına qatılmağa çağırdıqdan sonra Əli Kərimli 24 sentyabr mitinqini təxirə saldırıb və məqsəd də Müsavat Partiyası ilə Milli Şuranın yenidən bir yerdə olmağının qarşısını kəsməkdir. Hətta Müsavatın divan üzvləri Əli Kərimlini müxalifətin birliyini pozmaqda da suçlayıblar…

Bütün bu ittihamlara isə bu gün AXCP sədri Əli Kərimli özünün “facebook” səhifəsində geniş bir yazı ilə cavab verib.

Strateq.az AXCP sədrinin mitinq mübahisələrinə son vermək məqsədiylə yazdığı fikirləri təqdim edir: 

"Sizcə, Milli Şuranın 24 sentyabrda mitinq keçirmək qərarı olsaydı, həmin qərarı 17 sentyabrda mitinq zamanı minlərlə insanın qarşısında elan etməzdi? Məntiq haradadır: bizim mitinq qərarımız var idisə, niyə o boyda auditoriyada biz bunu elan etməmişik? Bəs özümüz niyə yazmamışıq? İndi saydım, səhifəmdə 11 sentyabr mitinqi ilə bağlı 19, 17 sentyabr mitinqi ilə bağlı 13 dəfə çağırış etmişəm. Bəs mən sizləri nə vaxtsa 24 sentyabrda mitinqə çağırmışam? Xeyr, olmayıb belə bir şey! Bəs Milli Şuranın sədri hörmətli Cəmil müəllim və ya Milli Şura rəhbərliyindən kimlərsə xalqı 24 sentyabrda mitinqə çağırıbmı? Xeyr, olmayıb belə bir şey!

Bir başqasından da xahiş etməmişik ki, bizim əvəzimizdən 24 sentyabra mitinq elanı versin. Bəli, mətbuatda informasiya gedib ki, sentyabrın 11-i və 17-də mitinq keçirməklə bağlı Milli Şura təmsilçiləri icra hakimiyyətinə məktub göndərib. İndi sizə deyim ki, Milli Şuranın hətta 4 sentyabrda da mitinqlə bağlı icra hakimiyyətinə məktubu olub.

Niyə bu məktublar mitinq barədə siyasi qərarın verilməsindən daha öncə göndərilib icra hakimiyyətinə? Çünki əvvəlki illərdə icra hakimiyyəti bizə bir neçə dəfə vaxtla bağlı problem yaradıb. Biz mitinq haqqında siyasi qərar verirdik, mətbuat mitinqin vaxtını elan edirdi, sonra da məktub hazırlayıb, aparırdıq icra hakimiyyətinə. İcra hakimiyyətinə həmin mitinqi ləğv etmək çox lazım idisə, hansısa iqtidaryönümlü partiyanın da, guya, həmin gün mitinq təyin etdiyini bəhanə edib, mitinqə razılıq vermirdi. Belə hallar olmasın deyə, biz sentyabr ayı ərzində mitinq üçün bütün uyğun günlərə – sentyabrın 4-ü, 11-i, 17-si və 24-ü üçün mitinqlərin hansı günlər həqiqətən də keçirilməsi haqda siyasi qərarlar olmadan icra hakimiyyətinə əvvəlcədən, hər ehtimla qarşı, müraciətlər göndərmişdik. İndi mən təəccüblənirəm ki, nə yaxşı bizdən 4 sentyabrda niyə mitinq keçirmədiyimizin izahatını istəyən yoxdur?

Beləliklə, Milli Şura 24 sentyabrda mitinq təyin edib, sonra da ləğv etməyib. Heç kim arzusunu gerçəklik kimi təqdim etməsin. Biz təzyiqlərə görə mitinq ləğv edən olsaydıq, 17 sentyabr mitinqini ləğv edərdik. 17 sentyabr mitinqi ərəfəsi 86 nəfər cəbhəçi həbsdə idi. İndi yalnız 18 nəfər inzibati qaydada həbs olunub, onun da 4 nəfəri AXCP üzvü olmayan müstəqil vətəndaşlardır. Demək istəyirəm ki, hazırda bizim tutuqlu olan dostlarımızın sayı 17 sentyabr mitinqi ərəfəsi olduğundan dəfələrlə azdır. Bəs niyə daha şiddətli repressiya şəraitində biz mitinqimizi ləğv etmədik, ancaq nisbətən daha az basqı altında olduğumuz zaman mitinqi ləğv etdik? Məntiq yoxdur axı. Məncə, qərəzsiz adamlar üçün artıq aydındır ki, bizim 24 sentyabrda mitinq keçirməklə bağlı siyasi qərarımız olmayıb.

Biriləri yalan məlumatlar yayıb, Milli Şuranı, AXCP-ni gözdən salmağa cəhdlər edirlər. Onların bu arzusu o qədər güclüdür ki, hətta hökumətin hazırda AXCP və Milli Şuraya qarşı həyata keçirdiyi ağır repressiyalar da adamları AXCP və Milli Şuraya qarşı ikinci cəbhə açmaq arzusundan daşındıra bilmir.

İndi isə mitinqlər arası fasilənin yaranmasının gerçək səbəbi haqqında.

Dostlar, biz hər zaman demirik ki, xalqımızı avtoritar, polis rejiminin əsarətindən ayrı-ayrı liderlər və partiyalar, bir neçə min nəfər cəsarətli insanın qətiyyətli mübarizəsi yox, yalnız ümumxalq hərəkatı xilas edə bilər? Bəli, həmin kütləvi hərəkatın formalaşması üçün illərdir ki, planlı şəkildə iş aparırıq. Maarifçilik işi aparırıq, həqiqətləri yayırıq, təşkilatlanırıq. Həm də bütün bunları ağır repressiya şəraitində edirik.

Görülən işlərin nəticəsi də var: 11 sentyabrda keçirdiyimiz mitinqin necə izdihamlı olduğunu hamı görüb, qəbul etdi. Hakimiyyətin bu mitinqdən sonra necə narahat olduğunu da hamı hiss etdi. Minlərlə yeni adamı etiraz hərəkatına cəlb edə bilmişik.

17 sentyabr mitinqində iştirakçılar, təbii ki, 11 sentyabrda olduğu qədər deyildi. Ancaq tam əminliklə deyirəm ki, 17 sentyabr mitinqini təşkil etmək də, orada iştirak etmək də 11 sentyabr mitinqini təşkil etmək və orada iştirak etməkdən daha böyük fədakarlıq idi. Çox adam elə bilirdi ki, biz mitinqi ləğv edəcəyik. Mitinqdən əvvəlki günlərdə təşkilati işlərlә məşğul olan 86 nəfər AXCP funksioneri polis tərəfindən saxlanılmışdı. Regionlardan Bakıya gələn yollar bağlanmışdı, 6-cı gün olmasına baxmayaraq tələbələri universitetlərə, işləyənləri iş yerlərinə çağırmışdılar. Üstəlik, arabir hətta leysana keçən yağış yağırdı. Ancaq biz mitinqi ləğv etmədik və fədakar əqidədaşlarımızın və soydaşlarımızın sayəsində ilk baxışda mümkün olmayanı etdik.

Demək istəyirəm ki, AXCP və Milli Şura olaraq təşkilati strukturlarımız davamlı təzyiqlərə rəğmən, ötən bir-iki ildə xeyli güclənib, xalqımızın bizim çağırışlarımıza etibar edib qoşulan kəsimi də artıb. Keçirdiyimiz 11 və 17 sentyabr mitinqləri bir siyasi qüvvə olaraq AXCP və Milli Şura üçün uğur sayılacaq səviyyədə olub. Üstəlik, bu mitinqlər minimum məqsədinə də nail olub. Xalqın hakimiyyətdən narazılığını xeyli dərəcədə ifadə edib, hakimiyyəti narahat edib, xalqın qarşıdan gələn referenduma qarşı olduğunu, referendumun tam antidemokratik, irimiqyaslı repressiya şəraitində keçirildiyini, nəticələrinin legitim olmayacağını nümayiş etdirib.

Lakin açıq deməliyik ki, hələlik mitinqlərimiz hökuməti referendumdan imtinaya, köklü siyasi və iqtisadi islahatlara başlamağa sövq edəcək gücdə olmayıb. Təəssüf ki, sosial şəbəkələrdə hər devalvasiyadan, bahalaşmadan, ədalətsizlikdən sonra müxalifətdən mitinq tələb edən soydaşlarımızın yenə də xeyli hissəsi gözləmə mövqeyində qaldılar, etirazlara hamılıqla qoşulmadılar. Bizim isə qarşıya qoyduğumuz məqsədlər böyükdür. Bizim mitinq keçirməkdə məqsədimiz öz mövcudluğumuzu, necə cəsarətli olduğumuzu nümayiş etdirmək yox, hakimiyyəti ciddi islahatlara sövq etməkdir. Belə böyük məqsədlərə nail olmaq üçün mitinqlərimiz daha kütləvi olmalıdır, ümumxalq hərəkatına çevrilməlidir. O kütləviliyin artması üçün isə biz mitinqlərin həqiqətən dinc və razılaşdırılmış şəraitdə davam etməsinə nail olmalıyıq.

Hazırda bütün mümkün vasitələrlə bunun üzərində işləyirik. Biz mübarizədə mətinləşmiş cəbhəçilərin və yalnız cəsarətli vətəndaşların iştirak edə biləcəyi de-yure razılaşdırılsa da, de-fakto razılaşdırılmamış (17 sentyabrda olduğu kimi) mitinqləri davam etdirə bilərik. Hətta bu fədakarlığımız siyasi qüvvə olaraq bizim reytinqimizi də artırar. Lakin faktiki razılaşdırılmamış mitinq kimi keçən ardıcıl mitinqlər onunla nəticələnə bilər ki, son illərdə mitinqlərə cəlb edə bildiyimiz rejimdən narazı, lakin partiya üzvü olmayan, bir az ehtiyatlı sadə vətəndaşlar bu mitinqlərdə iştirakdan çəkinər, meydanda yalnız bir neçə min nəfər cəbhəçi və digər cəsur adamlar qalar. Bu isə bizə lazım deyil. Bəli, bəlkə də bu vəziyyətin yaranması kimlərisə məmnun edərdi, lakin xalqın bu rejimdən qurtuluşunu əsas məqsədi sayanlara bu, lazım deyil. Xalqı zalım rejimin qarşısında zəif göstərən istənilən təklif və taktika ziyanlı sayılmalıdır.

Xalqın 11 və 17 sentyabrda bizə göstərdiyi etimad bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz strategiyanı taktikaya qurban verə bilmərik, hissə qapılaraq, hansısa şantaj qarşısında doğru olmayan qərarlar verməyə haqqımız yoxdur.

Nə etməliyik? Vəziyyətlə barışmaqdan, prinsiplərdən güzəştdən, hədəfdən yayınmaqdan, yerində saymaqdan söhbət gedə bilməz. Biz düzgün yolla irəliləyirik. Biz bu gün köklü dəyişikliklərə son 11 ildə (2005-ci ildən) məhz indi daha yaxınıq. Bir gün də dayanmadan xalqımızı, xüsusilə də onun dəyişiklik istəyən kəsimini təşkilatlandırmalıyıq, mübarizəyə daha çox adamın qoşulmasına nail olmalıyıq. Mitinqləri dayandırmırıq, tam əksinə daha böyük və dinc mitinqlərin üzərində işləyirik. Vaxtını yenə də sizlərlə məsləhətləşərək, sosial sifarişi nəzərə alaraq təyin edəcəyik. Lakin çalışmalıyıq ki, mübarizəmiz, o cümlədən mitinqlərimiz üzüaşağı yox, güclənərək, üzüyuxarı getsin və bizi hədəfə yaxınlaşdırsın!".