XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 12:07

Türkiyədən “Qafqaz”a daha bir zərbə –Universitetin diplomları tanınmayacaq!

qafqaz-universitet-2

Vaxtilə Azərbaycanın ən reytinqli ali təhsil ocaqlarından sayılan, Türkiyədəki məlum olaylardan sonra isə gələcək fəaliyyəti ilə bağlı yaranmış qeyri-müəyyənlik səbəbindən nüfuzunu xeyli itirən Qafqaz Universiteti daha bir xoşagəlməz durumla üzləşib.

Strateq.az Universitet tələbələrinə istinadla xəbər verir ki, Qafqaz Universitetinə budəfəki zərbə elə Türkiyənin özündən gəlib.

Məlumata görə, Türkiyənin Ali Təhsil Şurası – YÖK (Yüksək Öyrətim Kurulu) dünyanın müxtəlif ölkələrində “Gülən məktəbləri” şəbəkəsinə daxil olan ali təhsil ocaqlarının diplomlarının tanınmaması haqda rəsmi qərar qəbul edib. 

Qafqaz Universiteti də "Gülən şəbəkəsi"nə daxil edildiyindən, bu qərarın elanı ona gətirib çıxarıb ki, hazırda ali məktəbdə təhsil alan 150 nəfərdən çox türkiyəli tələbə təhsilini yarımçıq qoyaraq, öz ölkələrinə üz tutmağa başlayıblar.

Bu haqda Strateq.az-a danışan türkiyəli tələbələrdən birinin söylədiyinə görə, Türkiyə YÖK-nün bu qərarından sonra onların Qafqaz Universitetində oxuması artıq tamamilə mənasız hala gəlib: “Əgər diplomlarımız öz ölkəmizdə – Türkiyədə tanınmayacaqsa, demək ki, bizi mütəxəssis  kimi qəbul etməyəcəklər. Heç bundan sonra magistratura və ya doktoranturada da təhsilimizi davam etdirə bilməyəcəyik. O səbəbdən də burada təhsil almağımız mənasız vaxt itkisidir. Qayıdaq, görək, başımıza nə çarə gəlir”…

Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurasının bu qərarı Qafqaz Universitetindən Türkiyədə magistratura və doktorantura pillələrində oxumaq istəyən azərbaycanlı tələbələrin də arzusuna son vermiş olub.

Məsələ ilə bağlı Universitet rəhbərliyinin hansı addımlar ata biləcəyini öyrənmək üçün yeni təyin olunmuş rektor – professor Havar Məmmədovla əlaqə saxlamaq istəsək də, onun rəyini almaq mümkün olmayıb. Universitetdən rektorun "məşğul" və "toplantıda" olduğu söylənib.

Strateq.az