XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 16:37

Pambığın hər kiloqramına verilən subsidiya kimə çatacaq?– Ekspertdən alternativ təklif

pambiq

Ölkədə pambıqçılığın dirçəldilməsi ilə bağlı hökumətin təşəbbüsləri ekspert dairələrində ciddi müzakirələrə səbəb olub. Bu sahədə görülən işlərin perspektivi və atılan addımların daha səmərli olması üçün təkliflər səslənir. Bu müzakirələrə qoşulan iqtisadçı-ekspert Elçin Rəşidov da öz təkliflərini verib. Ekspert hesab edir ki, indiki şərtlərdə pambıq əkilməsi üçün subsidiya  fermerə yox, zavodlara verilməlidir.  E.Rəşidov bu təklifini arqumentlərlə əsaslandırıb:

"Ondan başlayaq ki, fermerin pambığı xaricə və ya alternativ müəssisələrə satmaq imkanı yoxdur. Bu səbəbdən, pambığın alış qiymətini birtərəfli qaydada zavodlar müəyyən edir. Ölkə üzrə pambığın alış qiymətinin hər yerdə eyni olması isə, zavodların kartel sövdələşməsinə getdiklərini (aralarında qiymət rəqabətinin olmamasını) göstərir. 

Bəs zavod (kartel) qiyməti hansı həddə qoyur? Qiymət artdıqca becərilən pambıq artır və bunu bilən zavod elə qiymət qoymağa çalışır ki, fermerlər həvəslənib zavodun ehtiyacı qədər pambıq becərsinlər. Yəni, hər şeyə ölkədəki zavodların istehsal gücü, daha dəqiq desək, istehsal planı qərar verir.

İndi bu bazara dövlət subsidiya ilə müdaxilə edir və zavod qiymətqoyma üçün yenidən hesablama aparır. Subsidiya əvvəldən bir olan qiyməti iki yerə ayırır. Məsələn, zavod bu il fermerə pambığın kiloqramına 50 qəpik verir. Fermer isə, subsidiya ilə birlikdə yekun 60 qəpik alacaq. Fermeri maraqlandıran yekun qiymətdir, deməli, becərilən pambığın miqdarını da o müəyyən edir. Zavod isə qiymətqoyma zamanı arzuolunan istehsalı əldə etmək üçün əvvəl yekun qiyməti hesablayacaq, sonra o qiymətdən subsidiyanı çıxıb özünün fermerə verməli olduğu qiyməti müəyyən edəcək (subsidiya olmasa idi, arzuolunan istehsalı əldə etmək üçün özü həmin yekun qiyməti verməli idi).

Yəni, gələcəkdə subsidiya tam şəkildə zavodlara qalacaq. Fermer isə bu prosesdən nə udacaq, nə də uduzacaq, qiymətin zavod tərəfindən aşağı salınan hissəsini dövlətdən subsidiya adı ilə geri alacaq. Yəni, subsidiyanı zavoda ötürməkdə aralıq həlqə olacaq.

Odur ki, subsidiyanın birbaşa zavodlara verilməsi daha sadə proses olduğundan, inizbati xərcləri azaltmaqla eyni nəticəyə nail olar. Fermerlər üçün yeganə əhəmiyyətli olan qiymətin əvvəldən təyin olunmasıdır. Bu, onlarn risklərini azaltdığı üçün, istehsalı da artırar və zavodlar üçün də sərfəli olar (çünki qiyməti qaldırmadan istehsalı artıra bilirlər), amma bu zaman düya bazarında qiymət dəyişməsi və valyuta riskləri zavodun üstündə qalır.

Beləliklə, subsidiyanın gələcəkdə birbaşa zavodlara verilməsi daha səmərəlidir. Lakin bir şey nəzərə alınmalıdır. Zavodlar məhsulu dünya bazarında qonşu ölkələrlə eyni qiymətə çıxartdıqları halda, xammalı qonşu ölkələrdəkindən aşağı qiymətə alırlar. Bu onlar üçün beynəlxalq rəqabət üstünlüyüdür. Yəni subsidiya yeni yaranacaq zavodlara ayağa qalxmağa lazım ola bilər, amma hazır formalaşmış zavodun subsidiyaya ehtiyacı varsa, deməli onların xərc strukturlarında problem var və o səmərələşdirilməlidir".

Ekspert qeyd edib ki, mahlıc (pambıqdan əmələ gələn yekun ixrac məhsulu) istehsalının iqtisadiyyat üçün səmərəli olmasını yoxlamaq üçün Daxili resurs xərci (DRC) təhlili aparır və nəticəsini bu yaxında açıqlayacaq: "Bu, bu sahənin bizdə iqtisadi baxımdan rəqabətqabiliyyətli olub-olmamasını yoxlayır. Bəzən, iqtisadi baxımdan rəqabətqabiliyyəti olmayan sahələr maliyyə baxımından səmərəli ola bilir (subsidiya hesabına və sair), ona görə fermerlərin və zavodların ayrı-ayrılıqda maliyyə təhlillərini də aparmağa çalışacağam".

Strateq.az