XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Fevral 2016 - 18:32

Biz gələcəyik, Xocalım…

hafiz-2

 

Hafiz Təmirov

 

 

Ay dərd, sənin adın nədir? Bircə bu suala cavab tapa bilməmişəm ötən illər ərzində.

 

Bayrağıma da hopub rəngin. Min il görməsəm belə, səni tanımaqda çətinlik çəkmərəm, ay dərdim, sən mənim özümə oxşayırsan.

 

Sevinci bölməyə nə var ki, oğulsan, dərdə simsar ol.

 

Uşaq vaxtı əzbərlədiyim “Əl ilə tutmaq olmaz, göz ilə görmək olmaz” tapmacasının cavabı sonuncu deportasiyamıza qədər külək idi, yaxamı dərdə tanıdandan sonra onun əsl cavabının elə dərd olduğunu bildim.

 

Böyüklərimiz bizə hər şeyi obrazlı təqdim ediblər, nədənsə. Bəlkə də həqiqəti desəydilər, heç böyümək istəməzdik. 

 

Elə bir yazıya köklənmişəm ki, havasına qol qaldırıb oynasam, dəli deyəcəklər. Daha düşünməyəcəklər ki, insan sevincdən də, dərddən də havalana bilər.

 

Sazı, tarı kökləməyə nə var ki… Tel də, mizrab da, pərdə də əmrinə müntəzirdir.

 

Dərdimin adını tapmışam – Azərbaycan…

 

Təbrizi, Dərbəndi, İrəvanı, Borçalısı, Qarabağı əsir olan bir ananın halını bir anlıq təsəvvür etdinizmi? Uğrunda şəhid olan övladlarının üstünə sərdiyi torpaq ürəyinin  hər qarışından qopan iniltilərə dözmək, ürək istəyir, ürək.

 

Kimsəni mühakimə etmək fikrim yoxdur bu soyuq fevral ayında. Onsuz da hər günümüz dərdə məhkum olunub. Qan ayının iyirmisindən – yanvarı deyirəm – bilmək istəsəniz, fevralın – Xocalı ayının 25-ə qədər olan müddət cəmi 35 gündür, illər fərqli olsa da.

 

Bunun da indi fərqinə vardım. Dərdə gedən yolumuz açıq olub həmişə…

 

Yol deyəndə tüklərim biz-biz olur. Xocalı düşür yadıma. Gözlərimin önündən gülləbarandan-ölümdən qaçıb canını qurtarmaq üçün yol axtaran insanlar gəlib-keçir. Yolu da taleyi kimi düyünə düşənlərə kömək etmək üçün yollar aramayanların vicdanı sızıldayırmı, görəsən, Çingizin çəkdiyi o kadrlara baxanda.

 

Dərdimin adı Xocalıdır…

 

İllər öncə belə bir fikir yazmışdım. Hər il qaysağı qopan yaranın sağalmasını bəzən insan heç istəmir. Yenə qopacaq, yenə qanayacaq, nə faydası var ki…

 

Xocalım, hər il dərdin və dərdim təzələnəndə xəcalət çəkirəm. Adının yanında belə başım aşağıdır, ulu yurdum. Dünya indi-indi insafa gəlib adını Xatınla, Sonqmi ilə birlikdə çəkir…

 

Gec də olsa, həqiqəti dilə gətirirlər.

 

İyirmi dörd ildir ki, nə qanını almışıq, nə də haqqını qaytarmışıq. Amma darıxma, bu torpağın, bu yurdun Mübarizlərinin, Fəridlərinin, Əliflərinin… əli tətikdə, gözləri yoldadır.

 

Biz gələcəyik!!!