XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2016 - 18:11

Vətəndə Vətən həsrəti…

hafiz-2

Hafiz Təmirov,

Polis mayoru

 

Düz 27 il bundan öncə didərgin salındığımız, deportasiya edildiyimiz yurd yerlərimizin – İrəvanın, Göyçənin, Lori-Pəmbəyin, Dərələyəzin, Vedibasarın, Zəngibasarın, Ağbabanın  anısına yanğı ilə…

 

 

“Getməsək də, görməsək də,

O kənd bizim kəndimizdir…

 

Bir şeir parçasından xatirimdə qalan bu misra martın ilk günündən bu günə kimi məni özünə elə bənd eləyib ki, durduğum yerdə kövrəlirəm. Kim bilir,  bəlkə, elə yazın gəlişi qocalı-cavanlı hər kəsi kövrəldir. Yaddaşımızda, yaşantımızda özünə yer eləyən ən kövrək xatirələr də qışın qara ağzından çıxıb yazın ilıq nəfəsinə qucağını açan ağac misalı kövrəldikcə sevincimiz də, dərdimiz də tumurcuqlayır. Nəymiş Allah bu insan övladı?

Bir payızda, bir də yazda içində həsrəti göyüm-göyüm göynəyənlərin gözündəki nisgili görməkdən ağır dünyada nə var, görəsən? İllah da ki, yerə-göyə sığmayan, unutduqca unudulmayan Vətən həsrəti ola. Unutmaqmı, Vətən də unudularmı?

Dünyanın harasında olsaq və hardan baxsaq, Azərbaycan bizimçün Vətəndi. Tez-tez eşitdiyimiz “Vətən qürbətdə qaldı” harayını səsləndirənlərə iradım var. Anlayırsınızmı, nə deyirsiniz? İrəvan, Dərbənd, Təbriz, Borçalı, Qarabağ qürbət ola bilərmi?

İnsan yaddaşını itirə bilər. Ancaq yaradılışdan “qürbət” dediyimiz yerlərdə hər yaz boy verən güllər, çiçəklər, sinəsində babalarımızın qəhrəmanlıq tarixini yaşadan dağlar, dərələr unutmur, unudulmur, həsrətlilər…

Gəlinlik libası geyinən ağacların sevincini anlayacaq qədər ürək sahibi olsaq, bircə dəfə təbiətin dilində danışa bilsək, yiyəsizlikdən, kimsəsizlikdən, sahibsizlikdən bağrı cadar-cadar olan torpağın dərdini anlamaq elə də çətin olmaz…

Sözümüzə, səsimizə həsrət qalan ellərimizdə indi bayram tonqalları qalanmır. Dərdə bax ki, səni doğulduğun torpağın üzünə həsrət qoyub didərgin salırlar, varın-yoxun, azın-çoxun, xeyrin-şərin tarixə qarışır, dünənini haraylasan da harayına çatmır və beləcə, içində sınırsan, əyilirsən…

Dərd adamı əyir, atam balası…

 

Həsrətin dili yox, dərdin amanı.

Mən necə yaşayım bu qərib ömrü?

Qırılıb ümidim, itib gümanım,

Özümdən uzağa atmaq istərəm,

Bir sapand daşına döndərib ömrü…

 

Bu Novruz da gedə bilməyəcəyik, bu Novruz da içimiz göynəyəcək. Bu dəfə də tonqal sinəmizdə qalanacaq…

Vətəndəyik, qürbətdə deyilik. Ancaq yad əllərdə qalan o yurdları, o oymaqları qürbətə çevrilməyə imkan verməməliyik. Özümüz getməsək də, özümüz görməsək də, övladlarımız getməlidir, görməlidir, yaşamalıdır.

Və Qələbə tonqalı qalayacaq oğulların var olsun, Vətən!…