XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 13:30

Nazirlik sorğu keçirdi, problem üzə çıxdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Budəfəki sorğu zamanı respondentlərə "Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?" sualı ünvanlanıb.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, sorğuda iştirak edənlərin 84 faizi (1330 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını bildiklərini qeyd ediblər:

"Nəticədən göründüyü kimi, son dövrlər ölkədə əmək qanunvericiliyinə əməl olunması, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılaraq obyektiv cavablandırılması istiqamətində həyata keçirilən tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarıb. Xüsusən də ötən ilin iyul ayının 1-dən etibarən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mövcud əmək münasibətlərinə birbaşa və çevik, obyektiv nəzarət imkanlarına malik olmasını təmin etməklə, əhalinin bu quruma inam və etimadının xeyli artmasına səbəb olub".

Məlumata görə, sorğuda iştirak edənlərin 16 faizi isə (258 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını hələ də bilmədiklərini vurğulayıblar:

"Bu, Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının fəaliyyəti barədə təbliğat-maarifləndirmə işlərinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkir".

Strateq.az