Heydər Oğuz
Nurçuluğu heç vaxt bəyənməmişəm. Hətta zaman-zaman bu cərəyanın əleyhinə yazılar yazmışam. Amma nurçulara qarşı bu gün irəli sürülən ittihamlarla da razılaşmıram. İstər Azərbaycan, istərsə də Türkiyə mətbuatında onun əsasən təşkilati strukturu tənqid olunur. Halbuki bu cərəyanın ən uğurlu tərəfi elə təşkilati şəbəkələrindədir. Sözügedən şəbəkə avtoritar rejimlərdə fəaliyyət göstərdiyindən məcburən bu cür təşkilatlanma yoluna gedib və xeyli uğurlar qazanıb.
Digər ittihamlardan biri də nurçuluğun yayıldığı ölkələrdə şəriət dövlətçiliyi quracağı ehtimalıyla bağlıdır ki, doğrusu, bu iddianı da real hesab etmirəm. Nurçuluq bir hədəf olaraq mənimsədiyi prinsipləri Səid Nursinin təlimlərindən alır. Böyük mütəfəkkirin 20-ci əsrin birinci yarısında qələmə aldığı və nurçuluq təliminin əsasını təşkil edən Risaleyi-Nur adlı əsəri Cümhuriyyət inqilablarına qarşı Osmanlı gələnəklərinin müdafiəsinə həsr olunsa da, tam mənasıyla şəriətçiliyi müdafiə etmirdi.
Əslində heç Osmanlı gələnəklərinin özü belə bizim gözümüzü qorxudan Səudiyyə və ya İran tipli şəriət anlayışından uzaq idi. Hətta mənim fikrimcə, Osmanlı gələnəkləri şəriətçilikdən daha çox, kosmopolit, çoxmədəniyyətli anlayışa söykənirdi. Osmanlı tarixini bilənlər etiraf edərlər ki, panislamizm düşüncəsi bu dövlətin yalnız çöküş dövründə rəsmi ideologiyaya çevrilmiş və qısa zamandan sonra öz yerini millətçiliyə buraxmışdır. Ondan əvvəlki rəsmi görüş isə osmanlıçılıq idealogiyasıdır ki, bu idealogiya müsəlman və xristian topluluğunun birgə yaşayışını ehtiva edirdi. Osmanlı məhz bu çoxümmətli, çoxmillətli görüşün sayəsində yüzillər boyu ortodoks kilsəsinin mərkəzi olmaq özəlliyini qoruya bilmiş, xristian Balkanları özünə tabe etdirməyi bacarmışdır. Eynilə bütün dünyanın yəhudiləri yer üzündən silməyə çalışdığı bir vaxtda onlara həyan olan yeganə qüvvə yenə Osmanlı sultanları olmuşdur. Mübaliğəsiz demək olar ki, yəhudilər bu gün mövcud olmalarını göydə Allaha, yerdə Osmanlı sultanlarına borcludurlar. Bu qədər çoxmədəniyyətli bir anlayışa sahib imperiya təbii ki, şəriət dövlətçiliyi gələnəyini müdafiə etmirdi, edə bilməzdi də. Nurçuluq da bu gələnəyin insanlarının formalaşdırdıqları dini cərəyandır, onun liderlərinin yəhudi və xristian dünyasıyla yaxın əlaqələrdən, hətta mədəniyyətlərarası dialoq çalışmalarında aktiv yer almaqdan çəkinməməsi bu mənada təsadüfi deyil.
Tarixə nəzər salsaq, Osmanlı dövləti zahiri görünüşcə öz dövrünün hüquq ənənəsi kimi şəriəti qəbul etsə də əslində onun mahiyyət etibarilə dünyəvi xarakter daşıdığını görə bilərik. Bu iddiamızı həmin dövlətin idarəçilik sistemində söykəndiyi prinsiplər də sübut edir. Belə ki, Osmanlı hakimiyyəti dövlət idarəçiliyində dini mənsubiyyətə əhəmiyyət verməmiş, bütün avtoritar rejimlərdə olduğu kimi mərkəzi hakimiyyətə sədaqəti əsas götürmüş, bu prinsiplərə bağlı təbəələrdən faydalanmışdır. Bu da müxtəlif inanış sahiblərinin və fərqli milli, etnik kimliklərə mənsub sosial qrupların hakimiyyətdə yer almasına gətirib çıxarmışdır. Osmanlı idarəçiliyi bu konteksdə heç də tam anlamıyla müsəlman və ya türk hakimiyyəti də deyildi. Əksinə quruluşunun ilk dövrlərindən başlayaraq müsəlman türklərin hakimiyyətdən sıxışdırılaraq çıxarıldığı, yerlərinə devşirmə adı altında xristian toplumundan alınıb xüsusi təlimlərlə yetişdirilən kadrların gətirildiyi bir siyasi rejim idi. Osmanlı tarixi dəfələrlə bu siyasətə qarşı etiraz edən müsəlman türk boylarının üsyanlarına səhnə olmuşdur.
Bu imperiyanın siyasi islama yönəlməsi xristian təbəələrin ona etimadsızlıq göstərib öz müstəqilliklərini elan etməsindən sonralara təsadüf edir ki, mərkəzi hakimiyyət buna getməyə sadəcə məhkum olunmuşdur. İmperialist Avropanın təhrikiylə ayağa qalxan xristian təbəələrini itirən Osmanlı dövləti digər torpaqları əldə saxlamaq üçün məcburən panislamizmidən son çarə olaraq istifadə etməyə çalışmış və bu siyasət də nəticə verməyincə yenə məcburən türkçülük ideologiyasına yönəlmişdi. Bununla da imperiya dağılmış, onun yerində Türkiyə Cümhuriyyəti qurulmuşdu.
Türkiyə Cümhuriyyətinin mahiyyətinə bu konteksdən baxanda o, əslində məğlub bir imperiyanın qalıntısına məcburən diktə edilən şərtləri yerinə yetirən siyasi sistem idi. Köklü gələnək üzərində qurulan yeni və tamamilə fərqli bir quruluş prinsipləri istər-istəməz əks-reaksiyaları doğururdu. Bu reaksiyalardan biri də Səid Nursinin Risaleyi-Nur əsəriydi. Belə bir şəraitdə qələmə alınan Nur risalələri bir növ cəmiyyətə zorla qəbul etdirilən yeni gələnəklərə əsrlər boyu formalaşmış baxış bucağından yanaşır, bəzi ehkamları müasir elmi nailiyyətlərin işığında analiz etməyə çalışır. Bu mənada onu Osmanlı gələnəkləriylə Avropa dəyərlərinin sintezi, lakin oturuşmuş ənənələrə daha çox sadiq qalan təlim kimi də qəbul etmək olar. Sözügedən sintezin iki subyektinin heç birində şəriətçilik ənənlərinin olmadığı açıqdır. Bu reallığı nəzərə alsaq Səid Nursi irsinin son hədəfini klassik mənasıyla şəriətçi adlandırmaq mümkün deyil.
Bəlkə də məhz bu səbəbdən nurçuluq metodları da son hədəf olaraq şəriət dövlətçiliyini mənimsəyən “müsəlman qardaşları”ından fərqlənir. “Müsəlman qardaşları”nın metodu inqilabi dəyişiklikləri aşağıdan başlayaraq bütün cəmiyyətə yayılmaq və son nəticədə toplumun özünü dəyişməkdirsə, nurçuluğun hədəfi mövcud rejimin bel sütunlarını özününküləşdirmək, beləcə hakimiyyətdə önəmli söz sahibinə çevrilməkdir. Bunun ən qısa yolu isə toplumun irəli gələnlərinin övladlarını öz məfkurəndə hazırlamaqdan, onları gələcəyin kadrları kimi yetişdirməkdən keçir. Nurçu məktəblərinin əsasən xeyli maliyyə gücü tələb edən sosial bazaya xidmət etməsi də bu məqsəddən irəli gəlir.
Necə ki, bu gün nurçu məktəblərində təhsil almaq imkanlarına nəzər salsaq, orada hər kasıb balasının oxumasının mümkün olmadığını görə bilərik. İnsafən, nurçu şagirdlərin təhsili üçün tələb olunan həmin vəsait verilən dərslərin keyfiyyətinə adekvatdır. Fəqət, bahalı təhsildə məqsəd yalnız bu tələbatı ödəmək də deyil. Zənnimcə, əsl hədəf toplumun aparıcı ailələrinin uşaqlarıyla uğraşmaqdır. Başqa təbirlə desək, cəmiyyətdə söz sahibi olmaq yolunda kəmiyyətə deyil, keyfiyyətə hesablanmış metodla hərəkət edirlər. Bu baxımdan Nurçuluq bir hədəf olaraq cəmiyyətin demokratikləşməsini deyil, aristokratizmi bərqərar etməyə çalışır. Mənim nöqteyi-nəzərimcə, təlim məhz bu metoda söykəndiyi üçün təhükəlidir. Görünür, bu təlimin hal-hazırda ABŞ tərəfindən himayə altına alınmasının əsas səbəbi də məhz sözügedən xarakterlə bağlıdır. Bu ekol neo-imperializmin söykəndiyi status-kvonu dəyişdirməyə deyil, daha da möhkəmləndirməyə xidmət etdiyindən həm müasir dünyanın ağalarının, həm də onların yerlərdəki uzantılarının maraqlarına tam uyğundur.
Nurçuluq təliminin bəlkə də ən zərərli tərəfi onun iqtisadi yapılanmada söykəndiyi metodlardır. O
, ölkələrin idarəçiliyndə söz sahibinə çevrilmək üçün cəmiyyəti dəyişdirmək istəmədiyindən, əksinə sistemin zəif nöqtələrindən yararlandığından bir çox hallarda korrupsiyalaşmış düzənin ən önəmli ünsürünə çevrilir, çirkli pul yığıcılarının övladlarını gələcəyin kadrları kimi yetişdirərək status-kvonun davamını təmin edir və beləcə haram yeyənlərin dini görüşünə çevrilir. Məhz bu səbəbdən də rüşvətə, dövlət əmlakının talan olunmasına göz yumur, öz müridlərini sistemin aparıcı şəxslərinə çevirməyə çalışır, onların hesabına təşkilatlarının büdcələrini artırır. Bir zamanların ünlü nurçularının etiraflarından aydın olur ki, camaatın əlaqələri hesabına hansısa dövlət orqanlarında işə düzələnlərdən hər ay qazancın 20% tələb olunur və cərəyanın büdcəsi bu kirli pulların hesabına doldurulur.
Bir çoxları məhz bu ənənəni əsas götürərək Nurçuluğun bir ekol olaraq şəriətə söykəndiyini düşünə bilərlər. Düzdür, İslam şəriətində bu ənənə həqiqətən də var və o, xüsm adlanır. Xüms anlayışı qazancın 5/1-ni beytül-mala verilməsini tələb edir. Fəqət korrupsiyalaşmış rejimdə şəriətin bu hökmünün nə qədər keçərliliyi müzakirəyə açıqdır. İslam dini dindarlardan bu fədakarlığı tələb etdiyi kimi onlara ən ağır günahın qul haqqını yemək olduğunu da öyrədir, Allahın bu günah sahiblərini əsla bağışlamayacağını bildirir. Korrupsiya və rüşvət rejimi isə məhz qul haqqının yeyilməsi üzərində qurulan səltənətin adıdır.
Əslində yalnız elitar təbəqəyə xidmətə əsaslanan bu anlayış Nurçuluğun ilham aldığı Osmanlıçılıq ənənələrinə zidd deyil. Bilindiyi kimi Osmanlı dövlətinin özü də genetik varisçiliyə əsaslanan sistem idi, məhz bu səbəbə görə də geri qaldı və dağıldı. Onun ənənələrini bərpa etməyə çalışan Nurçuluğun bütün cəmiyyətə yayılmaqdan çox, yalnız bəlli kəsimə xitab etməyə çalışması bu baxımdan təsadüfi sayılmaya bilər.
Yuxarıda deyilənlərdən çıxarılacaq nəticə bundan ibarətdir; Nurçuluq təlim olaraq şəriətçi deyil, fəqət cəmiyyət üçün şəriətçilikdən az təhlükəli də deyil.