XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 08:34

Millət vəkilliyi uğrunda ləyaqətsizlik yarışı

Növbəti parlamentin tərkibi bəlli oldu. Əslində bu tərkib heç sürpriz də deyildi. Seçkiöncəsi bir çox təhlilçilər, o cümlədən Milli Şuranın sədri Cəmil Həsənli parlamentə kimlərin “seçiləcəyini” dəqiq hesablaya bilmiş, təxminən, 95% doğru proqnoz vermişdilər.

Sözsüz ki, bu proqnozlar həmin təhlilçilərin ekstrasenslik və ya kahinlik qabiliyyətindən irəli gəlmirdi. Məsələ heç hər seçki dairəsində bir favorit namizədin olmasında da deyildi. Azərbaycanın parlament təcrübəsi adı namizədlər sırasında olan hər kəsin seçilmək şansının bərabər olduğunu göstərir. Millət vəkilinin kimliyini müəyyənləşdirən iradə millətin özü olmadığından istənilən adamı seçki qutusundan rahatlıqla qalib çıxarmaq mümkündür.

“Xalq adından, xalqın yerinə, dövlətçiliyimizin möhkəmliyi üçün deputatlarımızın müəyyənləşdirilməsi” prinsipinin, sözsüz ki, “xalq üçün, xalqla bərabər” fəlsəfəsi üzərində qurulan demokratik ənənəylə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Əslində heç bu da qəm deyil: Bir ölkə demokratik də ola bilər, olmaya da bilər. Siyasi xarakterindən asılı olmayaraq bütün rejimlər isə istinasız olaraq xalqı uca tutmalı, ən azı, görüntü xətrinə olsa belə, ona başının üzərində yer verməlidir.

Nə yazıq ki, Azərbaycandakı mövcud rejim hər 2 və ya 3 ildən bir təkrarlanan seçki şoularıyla xalqın heysiyyatıyla oynamaq yolunu tutur. Gah prezidentliyə, gah da deputatlığa namizədlər adı altında əksər hallarda önümüzə cəmiyyətin ən antipatik üzvləri çıxarılır. ötən prezident seçkilərində gerçək müxalifəti söymək, demokratik qüvvələrə tüpürmək qabiliyyətini nümayiş etdirə bilən bu “seçilmişlər” daha sonra deputatlıq mandatıyla mükafatlandırıldı. Həm də hamısı yox. Tüpürcək yarışını təşviq etmək üçün onların içərisindən ən uzağa tüpürənlər və hədəfi tam nişan ala bilənlər mandat sahibi oldular.

Prezident seçkisinin namizədləri arasından İlyas İsmayılovun, Sərdar Cəlaloğlunun, İqbal Ağazadənin bu tüpürcək yarışda iştirak etmək istəməmələri və ya layiqincə iştirak etməmələri deputat mandatdan da məhrum olmalarına yol açdı. Böyük ehtimalla, yaxşı tüpürməyi bacarmayan ADP liderinə son parlament seçkisinə qatılmağın boşuna zəhmət olacağı mesajı verildi. Ədalət partiyasının sədri isə heç kimin tanımadığı bir xanıma uduzduruldu. çünki o da yaxşı tüpürmək məharətinə malik deyildi. Prezident seçkilərində özünü məqsədə müvafiq aparmayan İqbal Ağazadə ən uşağa tüpürmək qabiliyyətiylə seçilən alternativinə qurban edildi.

Tüpürmək qabiliyyəti ilə arxa cəbhədə fərqlənənlər də Azərbaycan siyasi iradəsinin gözündən yayınmadı. ötən seçkilərdə Etibar Hüseynovdan dərs alıb sosial mediada müxalifət liderlərinin əleyhinə ən çox cızma-qara yazanlar bu dəfə parlamentdə xalqı təmsilçilik hüququ qazana bildilər.

Növbəti parlamentin bu cür şəxsiyyət tiplərindən formalaşması ölkəmizin həm dövlətçilik şüuruna, həm də milli mənəvi dəyərlərimizə ciddi zərbə vurur. Hətta parlamentarizmin mövcud olmadığı orta əsrlər çağı belə bu mənada Azərbaycanın indiki dövlətçilik ənənələrindən xeyli öndə idi. O dövrün insanları öz vəkillərini seçməsələr belə, hər halda hakimiyyət cəmiyyətin içərisindən ən ləyaqətsizlərini müəyyənləşdirib “sizin seçilmişləriniz budur”, demirdi. Dolayısıyla, millət vəkili olmaq üçün ləyaqətsizləşmək yarışına da ehtiyac yox idi. Bu gün isə ləyaqətsizliyin qiymətləndirilməsi istər-istəməz cəmiyyətimzdə sözügedən neqativ yarış üçün münbit zəmin hazırlayır.

Millət vəkilliyi uğrunda ləyaqətsizlik yarışının vaxtaşırı təkrarlanması həm də Azərbaycan xalqının tez-tez təhqir olunması deməkdir. Məntiqlə, deputatlıq cəmiyyətin icərisindən ən yaxşılarını seçmək prinsipinə əsaslanır. Sanki hakimiyyət də, bu məntiqlə hərəkətlə, bizim əvəzimizə seçdiklərini önümüzə çıxararaq “siz bundan ibarətsiniz, ən yaxşı və layiqli olanlarınız bunlardandır” deyir. Sözsüz ki, bir insana ən ikrah doğuran adamı göstərib “o belə mənim yanımda səndən daha dəyərlidir, sənin seçilmiş formandır, simvolundur” demək onu təhqir etmək mənasına gəlir. Adətən, bu metodlardan əsirlərə qarşı istifadə olunur və içərilərindəki ən satqınları onların təmsilçisi və idarəçisi elan edilirlər. Bununla təkcə əsirlər daha rahat nəzarət altına alınmır, həm də təhqir oluna-oluna alçaldılır və mənən köləliyi həzm edəcək duruma gətirilirlər. Nə yazıq ki, Azərbaycan hakimiyyətinin seçki strategiyası da məhz bu prinsip üzərində qurulub. Bu günkü seçkilərdə millət vəkillərini müəyyənləşdirəm meyarları, zənnimizcə, Azərbaycan hakimiyyətinin post-sovet məmurlarından təşəkkül tapması və eyni siyasi ənənələri davam etdirməsi baxımından təsadüfi deyil. Biz hələ də müstəmləkə rejiminin ölkəmizə layiq gördüyü “əsirlərlə rəftar kodeksinə uyğun” idarə olunuruq. Əks halda, müstəqil bir ölkənin siyasi iradəsi öz xalqına bu qədər barmaqarası baxmazdı.

Yuxarıda da qeyd etdiyimiz kimi, orta əsrlər çağında belə millətlər bu şəkildə ram edilmirdilər. Nə qədər parlamentarizm prinsiplərindən xəbərdar olmasalar belə, həmin dövrlərdə gizli də olsa,  demokratik ənənələrin rüşeymləri mövcud idi. Xalq arasında etibar qazanaraq önə çıxan ziyalılar, din xadimləri, xeyirxah iş adamları, el saqqalları ümummilli məsələlərin həlli niyyətiylə hakimiyyətlərlə müşavirələr keçirə bilir, ölkənin idarə olunmasında yer alırdılar. Və bütün bu proseslər təbii seçim əsasında gedirdi. Hakimiyyətlər istəsələr belə, bu prosesin qarşısını ala bilmir, əksinə ölkənin idarə olunmasını daha rahat hala gətirmək və xalq-iqtidar arasındakı uçurumu doldurmaq üçün bu cür şəxsiyyətlərin formalaşmasına şərait yaradırdılar. Əksər hallarda bu seçilmiş insanların içindən çıxan böyük şəxsiyyətlər dövlətin idarə olunması mexanizminə cəlb olunurdular. Əslində parlamentarizm ənənələri də bu ilk rüşejmdən doğmuşdur.

Azərbaycan hakimiyyəti isə bu təbii seçim prosesinin təkmil forması olan parlamentarizm ənənlərini rədd etməklə, millətin təmsilçilik hüququnu ləyaqətsizlik yarışına çevirməklə əslində özü ilə xalq arasındakı uçurumu genişləndirir. Bu isə hətta demokratik mübarizənin mövcud olmadığı orta əsrlər də belə yaxşı aqibətlə nəticələnmir, xalq etirazlarına qurban gedən hakimiyyətlər bir-birini əvəz edirdi. Yeni qurulan hakimiyyətlər isə yenə xalqın içərisindən təbii şəkildə seçilmiş insanlardan təşəkkül tapırdı.

Yəni bütün hallarda bu təbii seçim prosesinin qarşısını almaq mümkün olmur, ən sonda xalqın iradəsi öz sözünü deyirdi.

Heydər Oğuz

Strateq.az