XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 07:22

Dünyaya açılan İran bölgəyə nə vəd edir?

“Lozanna müzakirələrində əldə olunan nəticələr Qərb ölkələrinin zəfəridir. Rəsmi Tehran ağır sanksiyalara məruz qaldığından bu sazişi bağlamağa məcbur olub. çərçivə sazişindən Rusiya və Qərbin sanksiyalarına məruz qalan digər ölkələr mənfi yöndə təsirlənəcək və onların üzərinə təzyiq artacaq”.

Bu sözləri Rusiyanın Yaxın Şərq Konfliktləri Araşdırma Mərkəzinin direktoru Aleksandr Şumilin deyib. Şumilinə görə, İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması dünya bazarında neftin qiymətlərinin daha da aşağı düşməsinə səbəb olacaq və Rusiya hakimiyyəti bütün bu neqativ nəticələrə hazır olmalıdır.

Monopoliyaların pəncəsindəki Azərbaycan

Rusiyalı analitikin dilə gətirdiyi bu ifadələr, həqiqətən, əsassız deyil və eyni sözləri Azərbaycan hakimiyyəti üçün də demək mümkündür. Məsələ burasındadır ki, neftin gətirdiyi rahat qazanc keçmiş sovet ölkələrinin rəhbərliyini qəflətə yuvarlatmış və onlar ölkələrinə axan xarici kapitalı daha ciddi iqtisadi layihələrə yönəltmək əvəzinə, hakimiyyətlərinin uzadılmasına sərf etmişlər. Bu məqsədlə ölkələrdə lüzumsuz məmurlar ordusu yaradılmış, neftin gətirdiyi xarici kapitaldan onlara “sus” payı ayrılmış, iri məmurların oliqarxlara çevrildiyi iqtisadi sistemlər formalaşdırlmışdır. Nəticədə ortaya çıxan monopoliyalar ölkələrin iş qabiliyyətli vətəndaşlarının əl-qolunu bağlamış və iqtisadiyyat yalnız neftdən asılı vəziyyətə düşmüşdür. Təsadüfi deyil ki, bu gün Azərbaycanın xarici kapitalının 95 faizini neftdən gələn gəlirlər təşkil edir.

İndisə, neftin dünya bazarında qiymətlərinin kəskin şəkildə düşməsiylə büdcəmizin boğazı daralıb. Artıq “sus” payı alan məmurlarımız belə əvvəlki kimi qazana bilmir. Onların bir çoxu işdən uzaqlaşdırılıb və ya maaş yerinə aldıqları “paket”dən məhrum olublar. Prosesin bu cür davam etməsi məmur sinfinin daha artıq ixtisarları ilə müşahidə olunacaq ki, bu da illər boyu davam edən sosial sabitliyə mənfi təsir göstərəcək.

Devalvasiyadan inflyasiyaya

Bu da azmış kimi, neftin gətirdiyi xarici kapitalın azalması Azərbaycan manatının da belini qırır. Hökumətin bu yaxınlarda getməyə məcbur olduğu devalvasiya siyasəti nəticəsində 3/1-i əriyən milli valyutamızı daha betər tale gözləyir. Təxminlərə görə, bu ilin axırına qədər 1 dolların qiyməti 2 manatı belə keçəcək. O zaman devalvasiyanın inflyasiyaya çevrilməməsi üçün tətbiq olunan inzibati metodlar da işə yaramayacaq. Zira ölkəyə kənd təsərrüfatı məhsullarından tutmuş sənaye mallarına qədər hər şeyin xaricdən gətirildiyini nəzərə alsaq, iş adamından 2 dollara aldığını 1 dollara satmasını tələb etmək ondan Molla Nəsrəddinin “Aldım qoz, satdım qoz” ticarətindən də axmaq sövdələşməyi gözləmək deməkdir. Molla Nəsrəddin belə aldığı qozu fındıq qiymətinə satmazdı.

İstər Azərbaycanın, istərsə də Rusiyanın bu qədər kritik bir zamanında İrana qarşı tətbiq olunan embarqonun aradan qaldırılması onsuz da, bərbad hala düşmüş iqtisadi durumumuzu daha çox alt-üst edəcək. Ən azı, ona görə ki, dünyanın ikinci ən böyük neft istehsalçısı olan İran da neft hasilatını artıracaq, illərlə üz-üzə qaldığı embarqonun mənfi nəticələrini aradan qaldırmağa çalışacaq. Bu isə dünya neft borsasına daha artıq “qara qızıl”ın daxil olması deməkdir ki, istər-istəməz onun qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq.

Rusiyanın “qazlı” yerişinə qarşı İran qazı

üstəlik, Rusiyaya tətbiq olunan embarqo nəticəsində Avropa ölkələrinin digər enerji tələbatlarını da İran vasitəsilə kompensasiya etmək mümkündür. Bu zamana qədər Rusiya Avropanın əsas qaz təminatçısı hesab olunurdu. öz rezervləri ilə yanaşı, Türkmənistan və Azərbaycan qazının nəqlinə ümid bağlayan Rusiya artıq bu özəlliyini də itirmiş vəziyyətə düşəcək. Qaz ehtiyyatına görə, Rusiyadan sonra ikinci dövlət olan İran dünya rezervinin, təxminən, 16%-inə sahibdir. Buna rəğmən, o, embarqolar səbəbindən öz potensialının heç 1%-ni belə ixrac edə bilmir. İndisə embarqonun aradan qaldırılmasıyla dünya bazarına çıxış imkanı əldə edən İran qazı bir çox layihələrin taleyini şübhə altında qoyacaq. Rusiyanın Türkiyə ilə 1997-ci ildə imzaladığı və ötən il Avropa Birliyinin embarqosundan sonra böyük əhəmiyyət qazanan “Mavi axın” layihəsi də perspektivi təhlikə altına düşən projelərdəndir. Beləcə, Ukrayna böhranıyla Avropa ölkələrinə qaz nəqli durdurulan Rusiyanın Türkiyə marşrutuna bağladığı ümidlər də İranın Qərblə qurulacağı yeni iqtisadi əlaqələrlə çətin vəziyyətə düşəcək.

“Şiə hilal”nın qaz ayağı

Məsələyə bu aspektdən nəzər salanda İraq və Suriyada hegemonluğun İrana verilməsinin səbəblərindən birini də daha rahat anlamaq mümkündür. İran qazının Avropaya nəqlinin yeni marşrutu məhz bu coğrafiyadan keçə bilər. Maraqlıdır ki, İraq da böyük qaz rezervlərinə malik ölkədir və onun qazının, təxminən, 60%-i ölkənin güneyində yerləşir. Hansı ki, həmin bölgə əhalisinin əksəriyyəti şiədir və idarəçiləri rəsmi Tehrana bağlıdır.

Əsasən neft hasilatına önəm verən İraqda 3,6 trilyon kub metr həcmində qaz kəşf olunasa da, nəql probleminə görə istifadəsiz haldadır. (Bu hələ təsbit olunan qaz ehtiyyatıdır. İraqın əsl qaz ehtiyatının bundan, ən azı, 3 dəfə çox olduğu təxmin edilir. Müqayisə üçün qeyd edək ki, rəsmilərimizin etirafına görə, Azərbaycanda təsbit olunmuş qaz ehtiyyatı 2 trilyon kub metrdir. Yəni İraqdan, təxminən, 2 dəfə az. Uçub havaya qarışan, yaxud quyuların başında boş-boşuna yandırılan İraq qazının İrandan çəkiləcək kəmərə birləşdirilməsi dünyanın enerji potensialına böyük xeyirlər gətirə bilər. Ayrıca bu siyasət qazın qiymətlərinin də aşağı düşməsinə səbəb olacaq ki, bir neçə ildən sonra nefti tükənən və qazına ümid bağlayan ölkəmizin rahat qazanca qaçan hakimiyyətinin bundan sonra əsl “soyuq duş” effekti yaşamaq ehtimalı var.

Eyni sözləri Suriya üçün də demək olar. Neft hasilatı az o
lmasına baxmayaraq, Suriyanın inanilmaz həcmdə qaz ehtiyatına sahib olduğu deyilir. “Oil & Gas Journal” adlı araştırma dərgisinin 2012-ci il göstəricilərinə görə, bu ölkənin təbii qaz ehtiyatları, hardasa, 240 trilyon kub metrdir. Bu rəqəmin nə qədər həqiqət olduğunu demək çətindir. Amma bütün ciddi qaynaqlarda eyni göstəricilərin yer alması mütəxəssislərin bu rəqəmin inandırıcılığına şübhə etmədiyini ortaya qoyur. Əgər həqiqətən bu təsbitlər doğrudursa, onda Bəşər Əsəd ölkəsinin dünya birincisi Rusiyanı belə bu sahədə xeyli geridə qoyacağı ortadadır. Nədən ki, Rusiyanın qaz ehtiyatının 61, 3 trilyon kub metr olduğu bildirilir.

Bütün bu deyilənlər İranın əlində bulundurduğu coğrafiyaların gələcəyin əsas enerji deposuna çevriləcəyi ehtimalını gücləndirir.

Azərbaycan üçün ən böyük təhlükələrdən biri də siyasi müstəvidə yaşana bilər. Rusiyanın təsiri altında qalan ölkəmiz onunla bərabər eyni gəmidə batarkən, İran-Qərb yaxınlaşması bizi cənub qonşumuz qarşısında tam müdafiəsiz vəziyyətə doğru sürükləyir. Necə ki, İran Prezidenti Həsən Ruhaninin nüvə sazişiylə bağlı açıqlamaları da bu ölkənin Qərb dünyasıyla hər cür inteqrasiya prosesinə ümid bağladığı üçün bu razılaşmaya getdiyini sübut edir. Ruhani həmin açıqlamasında deyib: “Biz bütün dünya dövlətləriylə əlaqələrimizi yaxşılaşdırmaq, hər cür əməkdaşlıqlar qurmaq istəyirik. Bir ölkəylə əlaqələrimiz varsa- daha yaxşı olsun, soyuqsa – isti olsun, gərginsə – gərginlik aradan qalxsın, istəyirik”.

Suverenlikdən İranın “Aranı”na

İran liderinin bu sözləri iqtisadi sanksiyalarla ağır vəziyyətə düşən Rusiyanın göz dikdiyi BRİCS (Brazilya, Rusya, Hindistan, çin və Cənubi Afrika Respublikası) ittifaqının da mühüm ayaqlarından birinin kəsiləcəyinin və İranın inkişaf etmiş dünya dövlətləriylə inteqrasiyaya cəlb olunacağının siqnalıdır. Azərbaycan isə ayağı kəsilmiş bir gücün yedəyində sürükləndiyi üçün onunla bərabər ağır tale yaşaya bilər. Zənnimcə, rəsmi Bakınının bu vəziyyətə düşməmək üçün təcili iqtisadi və siyasi islahatlara getməkdən başqa çarəsi yoxdur. Sabah bölgəsində ciddi inkişaf mərhələsinə qədəm qoyan İranın, onların təbiriylə desək, Aran vilayətinə çevrilməmək üçün hakimiyyət demokratikləşmənin yolunu açmalıdır.

P.S. Gələcək yazılarımızda monopoliyalaşdırılmış iqtisadiyyatımızın bizə nə gətirdiyindən bəhs edəcək, onun ağır nəticələrindən qaçmaq üçün hansı addımlar atmağımızın vacibliyinə toxunacağıq.

Heydər Oğuz

Strateq.az