XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 05:50

Molla Ömər, yoxsa, həsirsiz Məmmədnəsir?

ABŞ-ın Yaxın və Orta Şərq hərbi əməliyyatlarına başlamasında iki şəxsin adı tez-tez çəkilirdi. Bunlardan biri əl-Qaidə lideri üsamə bin Laden idisə, digəri Molla ömərdi.

Molla ömər o zaman Əfqanıstanın dövlət başçısı – əmiri vəzifəsini daşıyırdı. Hərbi baxımdan nə qədər zəif ölkəyə rəhbərlik etməsinə baxmayaraq, ABŞ-ın bütün israrlarına rəğmən, üsamə bin Ladeni tutub ona təslim etməyən bu adam super gücə öz ölkəsini və daha sonra Yaxın Şərqi işğal etmək bəhanəsi vermişdi.

Yadınızdadırsa, rəsmi Vaşinqton bin Ladeni məhşur 11 sentyabr terror aktının ideya rəhbəri olmaqda günahlandırır və Əfqanıstana sığınmış “terrorbaşı”nı tələb edirdi. O zamanın əfqan lideri isə bu tələbi qətiyyətlə rədd edirdi. Molla ömərin hətta işğal təhlükəsini gözə alaraq bu mövqeyi sərgiləməsinin bir səbəbi əl-Qaidə liderinin iqtisadi cəhətdən ölkəyə ciddi xeyir verməsi idisə, digəri əfqan xalqının milli mentalitetindən irəli gəlirdi.

Tələbəykən yaxın təmasda olduğum əfqanlı yoldaşlarımın anlatdıqlarından bilirəm ki, Əfqanıstanda qonağa xüsusi hörmətlə yanaşılır, bir evə sığınan dostları düşmənə təslim etmək ən böyük günah, namussuzluq sayılır. Bunu tələb edən düşmən nə qədər güclü olsa belə, əfqan xalqı döyüşməyi gözə alar, amma qonağın xətrinə dəyməz. Belə çətin zamanlarda bir əfqanın güclü düşmənlərdən xilası pənah gətirənin öz qanacağına qalır. O sığındığı evi tərk edərsə, ev sahibi mənəvi məsuliyyətdən azad olur.

ABŞ-ın məlum tələblərinə eyni məntiqlə cavab verən Molla ömər də Əfqanıstana sığınan dostu düşmənə təslim etməyəcəyini bildirir, “fəxri müsafir”in ölkəni tərk edəcəyi halda ona mane olmayacağını açıq dillə ifadə edirdi. Bin Laden gözünə döndüyüm isə əfqan xalqının bu gözəl ənənələrindən maksimum dərəcədə faydalanmaq yolunu tutur və son zamanlara qədər davam edən ABŞ işğalının yolunu açırdı.

ABŞ-ın işğalıyla sona çatan Molla ömər hakimiyyəti cəmi 5 il ömür sürdü. Bu 5 ildə Əfqanıstanda Molla ömərin sözünün üstünə söz deməyə cəsarəti çatan kimsə yox idi. İstədiyi cür qərarlar qəbul edən, verdiyi fərmanlar belə müzakirə olunmayan bu liderin yetkiləri ona çox şeylər qazandıra bilərdi. Ən azı, ev-eşik, gözəl və firavan həyat, xarici banklarda nəslinə, nəcabətinə çatacaq qədər kapital… Sözsüz ki, bütün bunlar 5 il ölkə rəhbəri olmuş istənilən adam üçün çox görülməməlidir. Di gəl ki, haqlı olaraq sevmədiyimiz, dünyanın bütün xalqları tərəfindən ikrahla yad edilən Molla ömərin heç nəyi yoxdur. Məhşur ifadəylə desək, Molla ömər əslində Molla ömər deyil, əsl Məmmədnəsir imiş. Hətta Məmmədnəsirdən daha betər Məmmədnəsir… Zira Məmmədnəsirin, heç olmasa, bir həsiri varıydı. Molla ömərin isə heç həsiri də yox imiş. Hər halda keçmiş əfqan lideri haqqında hazırlanan 5 min kəliməlik bioqrafiyada belə deyilir.

Bu iddianı təkcə ona görə irəli sürmürük ki, həmin 5 min kəlimənin içərisində “həsir” sözünə rast gəlmək mümkün deyil. Sözsüz ki, Molla ömərin həsiri olsaydı belə, bu, hazırlanan həmin bioqrafiyaya düşməzdi. Məsələ ondadır ki, 15 il gözlərdən uzaq gəzən, haqqında heç bir məlumat verilməyən Molla ömərin son günlər hazırlanıb ictimaiyyətə açıqlanan bioqrafiyasına görə, onun nə evi, nə də xarici banklarda pulu var və xeyli kasıb vəziyyətdə yaşayır. Yeri gəlmişkən, deməsəm ürəyim partlar ki, hətta dünyanın Əfqanıstan adlı xarabasında fəaliyyət göstərən siyasilər belə öz mal-mülkü barədə hesabatlar verirlər. Bizim siyasilər isə nəinki var-dövlətlərini, hətta bir ildə qazandıqlarını belə açıqlamağa dövlət sirri kimi yanaşırlar.

Bu qədər kasıb yaşamasına rəğmən, Molla ömərin əslində açıqlamadığı böyük sərvəti mövcuddur və bu sərvət çox az ölkə rəhbərində, siyasidə rastlana bilər. Həmin sərvət isə vəfalı dostlar, sadiq tərəfdarlardır. Məhz həmin sərvətin sayəsində, 15 ildir, “Molla ömər təhlükəsiz şəraitdə yaşayır, Taliban hərəkatını idarə edir, dünya və Əfqanıstanda baş verən hadisələri yaxından izləyir” (Cümlənin dırnaq arasına aldığımız hissəsi haqqında bəhs etdiyimiz bioqrafiyadandır). Məhz bu sərvətin sayəsində əfqan lider, başına ABŞ tərəfindən 10 milyon pul qoyulsa belə, hələ də həyatda, ayaq üstədir. Bir zamanlar qarşısında bütün İraqın əyilməsinə baxmayaraq, ən yaxın sirdaşları tərəfindən dəyər-dəyməzə satılan Səddam Hüseyndən, pənah gətirdiyi kanalizasiya borusunun belə qəbul etmədiyi Müəmmər Qəzzafidən fərqli olaraq. Hansı ki, ABŞ imperializminin caynağında canını tapşıran bu liderlərin ölkələrinin hər bucağında topdağıtmaz sarayları, məddahlıqdan dilləri qabar bağlayan dostları, xarici banklarda milyardları var idi.

İndi siz deyin, bir həsir olan Məmmədnəsirdən belə kasıb vəziyyətdə yaşayan Molla ömərmi zəngindir, yoxsa, hesabatı verilməyən sərvətləriylə dünyanın ən zənginləri sırasında yer alan səddamhüseynlər, müammərqəzzafilərmi?

Məncə, Molla öməri bu qədər zəngin edən onun öz milli mentalitetinə bağlılığıdır. Nə qədər əfqan xalqına və müsəlman dünyasına ciddi zərər vursa da, milli mentalitetindən dördəlli yapışan Molla ömər, 15 ildir, öz fərdi əxlaqi keyfiyyətlərinin meyvələrini dərir…