XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 18:23

Müflisləşmədən milliləşməyə

ölkə iqtisadiyyatının qurtuluş formulu

Hacıqaralaşan oliqarxiya

Əməkdaşı olduğum Strateq.az saytında maraqlı bir yazı diqqətimi cəlb etdi. Avropa Oyunları ərəfəsində oliqarxların səxavətinin sınandığından bəhs edən bu yazıda bəzilərinin imtahandan üzü ağ çıxdığı, bəzilərinin isə “sinifdə qaldığı” bildilirdi. Yazıda konkret adlar çəkilsə də, məsələni şəxsiləşdirmək, konkret fərdlər barədə mülahizələr yürütmək istəmirəm. Bəndənizi narahat edən tamamilə başqa məsələdir.

Məsələ burasındadır ki, hakimiyyət 20 ildən artıq yürütdüyü siyasətin ən ağır bədəlləriylə qarşılaşır. Vaxtilə millətin var-dövlətini qeyri-qanuni yollarla müxtəlif əllərdə cəmləşdirən iradə sahibləri bununla, bəlkə də, dar gündə üz tutacağı qapı meydana gətirdiyinə inanırdı. Di gəl ki, iqtidarın himayəsində böyüyən, böyüdükcə öz kölgəsinə baxıb qürrələnən oliqarxlar indi qazandıqları var-dövləti özlərinin ana südü qədər halal haqları zənn edir, ümumi maraqlar naminə xərcləmək adı eşidəndə isə hacıqaralaşırlar. Bəzən mal-mülk düşkünlüyü onların hətta yürüdülən iqtisadi siyasətə arxa çevrimələrinə səbəb olur.

“Pullu kişilər” ölkəsində günü-gündən “əriyən” Milli Bank

Qeyd edək ki, bu durum yalnız indi ortaya çıxan məsələ də deyil. Kənar səs çıxarmağın ən bariz nümunəsini fevral ayında qarşılaşdığımız devalvasiya hadisəsində də gördük. ölkə başçısının etirafına görə, həmin hadisə manatı sabit saxlamaq naminə valyuta bazarına çıxarılan dollar kütləsinin kütləvi şəkildə alınmasından doğmuşdu. Nəzərə alsaq ki, devalvasiyadan öncəki gün valyuta bazarına çıxarılan məbləğ milyard yarım dollar idi və bu qədər kapital yalnız oliqarxların əlində cəmləşə bilərdi, siyasi iradənin bu tədbirini heçə endirənlərin hansı çevrəyə mənsub olduqları aydınlaşır.

Sözsüz ki, bunları deyərkən, hakimiyyətin Avropa Oyunlarına milyardlarla dollar xərclənməsini müdafiə etmək fikrindən uzağam. Əksinə, belə hesab edirəm ki, ilin-günün bu vaxtında heç bir real iqtisadi əhəmiyyəti olmayan tədbirə külli miqdarda vəsait ayırmaq israfçılıqdan başqa bir şey deyil. Bununla belə, ölkənin bütün varidatını əllərində cəmləşdirənlərin kimin və nəyin hesabına “pullu kişilər” olduqlarını unutmaları, ən çətin anda sahiblərindən üz döndərmələri Azərbaycan iqtisadiyyatının nə qədər etibarsız əllərə həvalə edildiyindən xəbər verir.

Əksər oliqarxların bu sınaqdan etibarsız çıxdıqları bir zamanda Milli Bankdan “qara xəbər”lərın gəlməsi də narahatlıq yaratmaya bilməz. Məlum olduğu kimi, neftin dünya bazarlarında qiymətinin aşağı düşməsiylə ortaya çıxan maliyyə böhranının qarşısını almaq mümükün olmayınca, hakimiyyət devalvasiyaya getmək məcburiyyətində qaldı. Əks-təqdirdə manatın qiymətinin süni şəkildə yüksək tutulması daha ciddi pul itkisinə səbəb olardı.

Milli Bankın açıqladığı statistik rəqəmlər də ölkənin getdikcə iqtisadi fəlakətə doğru sürükləndiyini təsdiqləyir. Məlumata görə, neftin hələ qiymətli olduğu 2014-cü ilin iyun ayında Milli Bankın ehtiyat fondunda 15 milyard 193.4 milyon dollar varmış. “Qara qızıl”ın qara günləri başlayandan ta devalvasiya anına qədər isə ehtiyyat fondu “əriyə-əriyə” 11 milyard 4.4 milyon dollara düşüb. Bu kəllə-mayalaq gedişatın qarşısını almaq üçün hakimiyyət son çarəni devalvasiyada görsə də, açıqlanan son statistik bilgilər arzulanan nəticənin əldə edilmədiyindən xəbər verir. Belə ki, 2014-cü ilin iyunundan 2015-ci ilin fervalındakı devalvasiyaya qədər “ərimə” prosesində itkimiz 4 milyardan aşağı idisə, sadəcə, mart ayında bu rəqəm 1.5 milyarddan çox olub.

Müqayisə üçün qeyd edək ki, iyundan devalvasiya gününə qədər keçən zaman 8 ay edir. 4 milyardı 8 aya böləndə hər aya yarım milyard pul düşür. Devalvasiyanın qeydə alındığı fevraldan marta qədər isə cəmi 1 ay keçir. Bu da onu göstərir ki, hakimiyyətin son çarə kimi əl atdığı məlum siyasət nəinki heç bir nəticə verməyib, əksinə “ərimə” prosesini 3 dəfə artırıb. Prosesin bu tempdə davam etməsi ona gətirib çıxara bilər ki, qısa müddətdən sonra Milli Bankın parlaq binasından başqa heç nəyi qalmaz. Hər halda ölkənin tanınmış iqtisadçıları da bu barədə həyəcan təbili çalır və Milli Bankın iflas edə biləcəyi ehtimalından danışırlar.

Hökumət “qaş düzəldərkən göz çıxarır”

Sözsüz ki, hökumətin “qaş düzəltmək yerinə göz çıxarması” səbəbsiz deyil və real iqtisadi siyasətə əsaslanmadığından bu nəticə ortaya çıxıb. Səbəb isə çox sadədir – hökumət məcburən devalvasiyaya getsə də, onun inflyasiyaya çevrilməsinin qarşısını zorakı yollarla alır. Daha sadə dillə desək, pulumuz dollar qarşısında qiymətdən düşür, amma bu, aldığımız mallarda özünü göstərmir. Halbuki, həmin malların əksəriyyətinin ya özü, ya da müəyyən hissəsi xaricdən gətirilir. Belə anlaşılır ki, başbilənlərimiz zorakı iqtisadi tədbirlər sayəsində devalvasiyanın yükünü iş adamlarımızın belinə yükləməklə vəziyyətdən çıxmaq istəyir. üstəlik, bir də oliqarxlardan və onların himayəsi altında fəaliyyət göstərən iş adamlarından Avropa Oyunlarına pul xərcləmək tələb olunur. İstər-istəməz bu zorakı siyasət keçmişlərini unudan, qazandıqları sərvəti öz alın təriylə əldə etdiyini düşünən iş adamlarımızı narazı salır, onlar öz ovuclarında topladıqları vəsaitləri gizli yollarla xaricə çıxarmağa çalışırlar. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, eyni proses Rusiyada da baş vermiş, bir neçə ay ərzində ölkədən 100 milyarddan artıq kapital çıxarılmışdır.

Təbii ki, siyasi iradənin bu cür xəyal qırıqlığına uğraması öz komandasına aşırı inancdan irəli gəlir. İnsan oğlunun çiy süd əmdiyini əvvəlcədən hesaba qatmayan hakimiyyət, görünür, bunu da unudur ki, kapitalın öz dili var və onunla öz dilində danışmasan, nəinki hansısa mənfəətlər üzərində qurulan komandaya, hətta qardaşına belə etibar etdiyin pulun ruhunu incidə bilərsən. üstəlik, qloballaşan dünyada kapitalın vətəni olmur. Pul harda münbit şərait görsə, ora qaçır, nəticədə zorakı dillə danışan iqtisadiyyatlar çökür. Hakimiyyət onu da unudur ki, bu gün kiminsə sınaqdan üzüağ çıxması hələ həmin səxavət yiyəsinin sabah da eyni mövqeyi sərgiləyəcəyi mənasına gəlmir. Əks təqdirdə, o da öz dilində danışmadığı kapitalını “küsdürər”, bir müddətdən sonra özü zəifləyib digər “asi” oliqarxların yeminə çevrilər.

“Qara qızılın qara günləri”ndən xilas yolu

Sual oluna bilər-Azərbaycan iqtisadiyyatını “qara qızılın qara günləri” sindromundan necə xilas etmək olar?

Zənnimcə, bunun üçün aparılacaq bir çox islahatlar var. İlk növbədə, qeyri-neft sektorunun təbii şəkildə yaranmasının önü açılmalı, bunun üçünsə yanlış hesablanmış ənənəvi siyasətdən vaz keçilməli, korrupsiya və monopoliyalar sayəsində, heç bir alın təri tökmədən qısa müddətdə “pullu kişi” olanların haqsız qazanc əldə etmək imkanları tamamilə ortadan qaldırılmalı, hüquqi, siyasi islahatlarla bütün Azərbaycan vətəndaşları üçün rəqabət və fürsət bərabərliyi yaradılmalıdır.

Bir çoxları ümummilli sərvətlərin talanı hesabına ərsəyə gələn oliqarx zənginliyinə iqtisadi aministiya verməklə problemin həll ediləcəyini, mülkiyyət toxunulmazlığına inanan “pullu kişilər”in haram yolla mənimsədikləri kapitallarını ölkə iqtisadiyyatına daha güvənli şəkildə yatıracaqlarını düşünürlər. Zənnimcə, bu olduqca sadəlövh düşüncədir və korrupsiyanın, ən azı, nəticələrini leqallaşdırdığı kimi, haqsız yolla mənimsənilən ümummilli əmlakın daha rahat ölkədən çıxarılmasına zəmin hazırlaya bilər. üstəlik, bu tədbir milli iqtisadiyyatı bu günlərə gətirib çıxaran oliqarx sisteminə toxunmadığı kimi, haqsız rəqabətin də qarşısını almaqdan acizdir. Nədən ki, korrupsiya kapitalına veriləcək aministiyalar bir tərəfdə haram yolla şişən “pullu kişilər”, digər tərəfdə isə onlarla rəqabətə girən kasıb iş adamları perspektivinə yol açır və bu perspektivdə yaranacaq yeni iqtisadi qurumların oliqarxiya qarşısında ayaqda durmaq şansı sıfıra bərabərdir.

Adil rəqabət mühiti yaratmaq naminə siyasi iradənin atacağı ikinci mühüm addım haram pulları leqallaşdıran iqtisadi aministiyalar vermək yox, əksinə, məmur-oliqarxların bu zamana qədər topladıqları var-dövlətlərin əllərindən alınıb milliləşdirmək (dövlətləşdirmək, müsadirə etmək) olmalıdır. Oliqarx zənginliklərinin milliləşdirilməsi siyasətindən sonra xalqın məmurlar tərəfindən mənimsənilən pulu onun iş qabiliyyətli fərdlərinə uzunmüddətli faizsiz kreditlər şəkilidə qaytarılmalı və yaranan yeni iş yerləri ədalətli vergi sisteminə cəlb olunmalıdır. Nəticədə həm yaranan yeni iş yerlərində xeyli sayda insan çalışıb öz ailələrinə çörək pulu aparar, həm də yeni vergi sahələri yaradılaraq büdcə ehtiyatları artırıla bilər.

üçüncü, oliqarxların nəzarətində olan istehsal sahələri özəlləşdirilməli, bu mülkiyyətlərin hissə sənədləri orda çalışanlar arasında ədalətli şəkildə bölünməlidir. Həyata keçirilən bu siyasət hazırda monopoliyalar hesabına keyfiyyətsiz mal istehsal edən müəssisələrdə çalışanların istehsal maraqlarını artırar, hər kəs yalnız axıtdığı alın təri sayəsində pul qazana biləcəyinin fərqinə varar. Sirr deyil, müxtəlif oliqarxların kirli pullarını yuyan bu müəssisələr tam gücüylə işləmək qabiliyyətindən məhrumdurlar. Gömrükdə xarici malların idxalı qarşısında yaradılan süni manelərdən faydalanıb yerli istehlakçılara istədikləri kimi mal sırıyan bu müəssisələr alın təriylə pul qazanmaq vərdişinə yiyələnmədikcə və onların rəhbərləri işlətdikləri obyekti öz mülkləri hesab etmədikcə, dünya bazarında rəqabət aparmaq imkanlarına da sahib ola bilməyəcəklər. Nəticədə, ölkədə nə qədər müəssisə yaradılırsa yaradılsın, Azərbaycanın ixracatdan əldə etdiyi kapital yenə neft asılılığından qurtulmayacaq.

Ən başlıca islahatlardan biri də gömrüklərdəki özbaşınalığı yığışdırmaqdan keçir. Azərbaycanın milli sənayesi yalnız bu zaman bölgəsəl və qlobal rəqabətə dayanıqlı hala gələ bilər. Həmçinin istehlakçılarımız daha ucuz və keyfiyyətli mal almaq imkanı qazanar.

Heydər Oğuz